Fərid Cəfərov: Gənclər Fondu növbəti ildə fəaliyyətini daha da genişləndirəcək -MÜSAHİBƏbackend

Fərid Cəfərov: Gənclər Fondu növbəti ildə fəaliyyətini daha da genişləndirəcək -MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun müsahibəsi

– Fərid müəllim, Gənclər Fondu yarandığı gündən ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində olduqca fəal iştirak edir. Ölkə başçısının 2018-ci il martın 7-də imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsinin yaradılmasından 1 ildən artıq vaxt keçib. Bu müddət ərzində Gənclər Fondu qarşıya qoyulan vəzifələrin öhdəsindən necə gəlib, hansı hədəflərə nail olub?

– Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin 7 mart 2018-ci il tarixində fərmanı ilə Gənclər Fondunun nizamnaməsində dəyişiklik olundu və Fonda yeni vəzifələr həvalə olundu. Fond yeni nizamnaməyə müvafiq olaraq, fəaliyyətinin ilk ilində bir sıra mühüm işlər görüb, iki qrant müsabiqəsini elan edib, gənclərə və gənclər təşkilatlarına ideyalarını gerçəkləşdirmək üçün dəstək göstərib. XI Qrant müsabiqəsi çərçivəsində 271 fərdi layihə, 8 beynəlxalq və 91 yerli layihə Fond tərəfindən dəstəklənmişdir.

Fond təkcə bir il ərzində 71 gəncin beynəlxalq tədbirlərdə iştirakını maliyyələşdirib. Eyni zamanda bu müddətdə Gənclər Fondu rəsmi veb saytının yenilənmiş və təkmilləşdirilmiş versiyasını təqdim etdi. Eləcə də yeni məzun olmuş və iş tapmaqda çətinlik çəkən gənclərimiz üçün çox böyük motivasiya olan “Gənclərin Məşğulluq Proqramı”, sosial müdafiəyə ehtiyacı olan gənclərimiz üçün ölkə daxilində “Gənclərin Təhsilinin Maliyyələşdirilməsi Proqramı”, ixtisas təhsilini xaricdə magistr pilləsi üzrə davam etdirmək istəyən gənclərimiz üçün “Xaricdə Təhsilin maliyyələşdirilməsi Proqramı”nı pilot layihə olaraq təqdim etdi.

Diqqətinizə çatdırım ki, Fond gənclərin beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi istiqamətində də mühüm işlər görür. 1 il müddətində Gənclər Fondunun maliyyə dəstəyilə 34 tələbə Avropa Parlamentində təcrübə səfərinə göndərilib, 71 gəncin beynəlxalq tədbirdə iştirakı maliyyələşdirilib.

– Gənclər Fondu ötən ay “Xaricdə təhsil” müsabiqəsini elan etdi və bu layihə kifayət qədər maraq doğurdu. Müsabiqənin davamı növbəti il üçün də nəzərdə tutulubmu?

– Məlumdur ki, gənclər siyasətinin əsas istiqamətlərindən biri də təhsildir. Ölkə başçısının 1 fevral tarixində gənclərlə görüşü zamanı da qeyd etdiyi kimi, “gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir” və cənab Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasının mahiyyətində də Azərbaycan vətəndaşlarının, gənclərinin hərtərəfli inkişafı dayanır. Bu xüsusda, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnamə”sində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üçün maliyyələşdirilməsi Fonda həvalə olunub.

Gənclər Fondu bu il ilk dəfə olaraq “Xaricdə Magistr Təhsilinin Maliyyələşdirilməsi Proqramı”nı elan etdi və bu müsabiqənin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub. Bildiyiniz kimi, Gənclər Fondunun yeni nizamnaməsinə uyğun olaraq, Fond ölkənin kadr ehtiyaclarını nəzərə almaqla, müvafiq ixtisas dərəcələri üzrə gənclərimizin xaricdə nüfuzlu ali təhsil müəssisələrində təhsil haqqını maliyyələşdirəcəkdir. May ayının 23-dən etibarən, gənclərin xaricdə magistr pilləsi üzrə təhsilinin maliyyələşdirilməsi proqramı çərçıvəsində müsabiqə elan olunub və müsabiqəyə son müraciət tarixi 23 iyundur.

Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti üzrə magistr pilləsinə qəbul olmuş gənclər Gənclər Fondunun rəsmi internet səhifəsində qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etməklə müsabiqədə iştirak edə bilərlər. Həmçinin, ABŞ və Böyük Britaniyanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqində ilk 100-lükdə yer alan universitetlərdə magistr pilləsi üzrə təqaüd qazanmış gənclər də nəqliyyat və yaşayış xərclərinin qarşılanması ilə bağlı Gənclər Fonduna müraciət edə bilərlər. Müsabiqədən uğurla keçən gənclərin təhsil haqqı Fond tərəfindən ödənilməklə, növbəti tədris ilində dünyanın nüfuzlu universitetlərində təhsil ala biləcəklər.

– Bu il ölkə üzrə “Təhsil xərclərinin maliyyələşdirilməsi” müsabiqəsində müraciətçilər üçün siyahıya 54 orta ixtisas təhsili müəssisəsinin də əlavə olunması diqqət çəkən məqamlardandır. Keçən il bu siyahı yalnız ali təhsil müəssisələri ilə məhdudlaşırdı.

– Məlumdur ki, xüsusi sosial müdafiəyə ehtiyacı olan və təhsil alan tələbələrimizin təhsil xərclərinin maliyyələşdirilməsi də bu gün ən aktual məsələlərdəndir. Sosial həssas kateqoriyaya daxil olan gənclərimizin illik təhsil haqqının tam və ya qismən maliyyələşdirilməsi nəzərdə tutulur. Ötən il 31 ali dövlət təhsil müəssisəsində təhsil alan sosial müdafiəyə ehtiyacı olan 237 gəncin təhsil xərcləri Fond tərəfindən ödənildi. Bu il müsabiqəyə əlavə olaraq 54 orta-ixtisas təhsili müəsissələrini də əlavə etmişik. Və çox güman ki, bu ilki müsabiqədədə müraciət edənlərin sayı daha çox olacaqdır.

– Gələn il üçün Gənclər Fondu hansı yeni layihələri həyata keçirməyi planlayır?

– Gənclər Fondu növbəti ildə fəaliyyətini daha da genişləndirəcək. Fond müxtəlif telekanal və radiolarda geniş miqyaslı və əhatəli gənclik layihələri, sosial çarxlar, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr, innovativ layihələr üçün güzəştli kreditlərin verilməsinə dəstək, beynəlxalq tədbirdə iştirakın, beynəlxalq təcrübə səfərlərinin sayının artırılması istiqamətində işlər həyata keçirəcək.

Bundan başqa, Gənclər Fondunun fəaliyyəti sosial şəbəkələrdə kifayət qədər aktivdir. “Facebook” sosial şəbəkəsində 73 mindən artıq izləyicimiz var. Regionlardan bizi minlərlə gənc izləyir. Fond regionlarda fəaliyyətini daha da aktivləşdirilməsinə çalışacaq. Bu istiqamətdə Fondun maddi-texniki bazasi əsasında yaradılmış “Gənclərin Karyera və İnkişaf Mərkəzi”nin Qazax, Şəmkir filialları yaradılıb.

Biz gəncləri və gənclər təşkilatlarını növbəti müsabiqələrdə aktiv iştirak etməyə, gəncləri əhatə edəcək layihə təklifləri irəli sürməyə dəvət edirik. Gənclərimizi dövlət tərəfindən onlar üçün yaradılmış bu imkanlardan istifadə edərək, dövlətimiz və cəmiyyətimiz üçün faydalı olmağa, ictimai fəaliyyətdə fəallıq göstərməyə çağırırıq.

//Trend