Əli Əhmədov: “Özəl sektorda çalışanların da əməkhaqqının artırılması nəzərdə tutulur”backend

Əli Əhmədov: “Özəl sektorda çalışanların da əməkhaqqının artırılması nəzərdə tutulur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət sektorunda çalışanlarla yanaşı, özəl müəssisələrin işçiləri üçün də minimum əməkhaqqına uyğun olaraq, əməkhaqqının artırılması nəzərdə tutulur.
Editor.az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Prezident İlham Əliyev ölkədə minimum əməkhaqqının, pensiyanın, dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalayıb.
Bu yaxınlarda isə ölkədə minimum pensiya həddinin müəyyən olunması haqqında sərəncam imzalanacaq.
Ə.Əhmədov hesab edir ki, bu sərəncamlar aztəminatlı ailələrin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına kömək edəcək.
Onun sözlərinə görə, 2019-cu ilin yarım ili ərzində minimum əməkhaqqı təxminən iki dəfə artırılıb:
“Ayrı-ayrı dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının təxminən 40 faiz artırılması barədə də sərəncamlar imzalanıb. Beləliklə, 100 minlərlə insanın əməkhaqqının bu sənədlərlə artırılması nəzərdə tutulub. Minimum əməkhaqqının artırılması vahid əməkhaqqı cədvəlinə uyğun olaraq, digər işçilərin də əməkhaqlarında artımların olmasını avtomatik təmin edəcək və bu, yüzminlərlə Azərbaycan vətəndaşının həyatını yaxşılaşdıra biləcək”.
Ə.Əhmədov deyib ki, Azərbaycanda həyata keçirilən islahatlar dövlət büdcəsinə vəsaitlərin artımını təmin edib. Bunun nəticəsində vətəndaşlar üçün çox ciddi sosial paketlər qəbul edilib.
Yaxın zamanlarda insanların bu paketlərin faydasını görəcəyini deyən Baş nazirin müavini qeyd edib ki, ölkə vətəndaşlarının sosial rifahının artımı üçün tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək:
“Ölkənin iqtisadi imkanları, dövlət büdcəsinə daxil olan vəsaitlər artdıqca insanların rifahının yüksəldilməsi üçün addımlar atılacaq.
Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatımızı gücləndirir. Bu ilin ilk aylarında Azərbaycanın Ümumi Daxili Məhsulu xeyli artıb, ölkənin maliyyə imkanları çoxalıb. Azərbaycan vətəndaşları bu artımdan faydalanacaqlar. Azərbaycan hökuməti üçün vətəndaşlarının rifahının yüksəlməsindən ali məqsəd yoxdur”.