Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: “Məni şəriklərim aldadıb”backend

Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: “Məni şəriklərim aldadıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilən Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Editor.az Trend-ə istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə T.Namazov ifadə verib.
İttiham aktına əsasən, “Omaks-3” MTK-nın rəhbəri T.Namazov şirkətin inşa etdiyi bir mənzili bir neçə vətəndaşa satıb. O 18 mənzili 31 nəfərə satmaqla həmin şəxslərə 568 min manatlıq ziyan vurub.
T.Namazov cinayət işi başlandıqdan sonra ölkəni tərk etsə də, barəsində axtarış qərarı çıxarılıb və Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Prosesdə ifadə verən T.Namazov bunu təkzib edib. O bildirib ki, sonuncu dəfə ölkəni 2013-cü ildə tərk edib, bu ilin əvvəlinə isə ölkəyə qayıdarkən saxlanılıb. Tapdıq Namazov ölkədən qaçmadığını, biznesi ilə bağlı xaricdə olduğunu, könüllü ölkəyə qayıtdığını deyib.
Təqsirləndirilən şəxs bildirib ki, o şərikləri tərəfindən aldadılıb: “Bir nəfərin şikayətçi olduğunu dedilər, 50 minə yaxın pul göndərdim, amma iş bağlanmadı. Mən də qayıtdım ki, bu işin nə olduğunu aydınlaşdırım. Məndən şikayət edən də elə şəriklərimin qohumlarıdır”.
İfadə verən zərərçəkmişlər 2012-ci ildən mənzil alsalar da, illərdir, tikinti təhvil verilmədiyini, bəzi mənzillərin isə bir neçə nəfərə satıldığını bildiriblər. Həmin vaxt mənzilin kvadratmetrini 600 dollara (460 manat) aldıqlarını deyən zərərçəkənlər vurğulayıblar ki, indi həmin məbləğə ev almaq mümkün deyil. Ona görə də, ödədikləri pullarının indiki dəyəri ilə geri qaytarılmasını və ya mənzillə təmin olunmalarını tələb ediblər. Tapdıq Namazov isə dəymiş ziyanı bir kvadrat üçün 460 manat olmaqla ödəməyə hazırdır: “Bu işdə günahım olmadığı halda pu məbləği qaytarmağa hazıram. Amma sənədləri, qəbzləri mənə versinlər. Bu dəqiqə pulu ödəyib çıxmaq istəyirəm”. Hakimin sualına cavab olaraq zərərçəkmişlərin bəziləri bu təkliflə razı olmadıqlarını deyiblər. Hakim T.Namazovun vəkillərinə zərərçəkmişlərlə razılıq əldə etmələrini məsləhət görüb.
Məhkəmə prosesi davam edir.
T.Namazov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.