Prezident genarallarına yeni təyinat və missiya verdi – 20 iyun tarixə bu sərəncamlarla düşdü (BİZİM ŞƏRH)backend

Prezident genarallarına yeni təyinat və missiya verdi – 20 iyun tarixə bu sərəncamlarla düşdü (BİZİM ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev komandasında kadr dəyişiklikləri edib. Onun müvafiq sərəncamları ilə hüquq-mühafizə və güc strukturlarına rəhbərlik edən çox tanınmış simalar, iqtidarın əsas dayaqları sayılan generallar fərqli vəzifələrə təyin olunublar.

İlk diqqətə çarpan detal budur ki, Prezident heç bir komanda oyunçusunu cəzalandırmayıb – kimlərsə yeni yerindən daha razı, ya da daha narazı ola bilərlər; lakin əsas mesaj budur ki, İlham Əliyevin generallarına etimadı tamdır, onlara güvənir və genişlənən islahatlar prosesində onları yanında görmək istəyir.
Müşahidəçilərin fikrincə, 20 iyun tarixli sərəncamların ən maraqlısı 25 il Daxili işlər naziri vəzifəsində çalışmış Ramil Usubovun yeni siyasi vəzifəyə təyinatı və onun boşalmış olan yerinə birinci müavini Vilayət Eyvazovun gətirilməsidir. Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib. Bu, dövlət strukturunda kifayət qədər yüksək vəzifədir və dövlətə 25 il nazir kimi xidmət göstərmiş Ramil Usubova etimadın göstəricisi sayıla bilər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan Mədət Quliyev isə nazir postuna yüksəldilib. O, bundan sonra Müdafiə Sənayesi nazirliyinə rəhbərlik edəcək. DTX-ya isə köhnə peşəkar, Eldar Mahmudov kimi yırtıcı ilə döyüşdən qalib çıxmış Əli Nağıyev gətirildi. O, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində öz zəfər qayıdışını səbrlə gözləyirdi. Musavat.com müxbiri ilə fikrini bölüşən sabiq təhlükəsizlik zabiti iddia edir ki, hətta rəqibləri belə Əli Nağıyevin necə güclü peşəkar olduğunu qəbul edirlər.

Vilayət Eyvazovun Daxili İşlər naziri təyin olunması da Prezidentin unikal gedişi sayıla bilər. Vilayət Eyvazov Ramil Usubovun yetişdirməsi və bir növ varisi sayılır: hər zaman siyasi kluarlarda dolaşan bir söhbəti yəqin çoxları xatırlayır: “Usubovdan sonra nazir Vilayət Eyvazov olacaq”. Proqnozlar doğruldu: həm də Azərbaycan prezidentinin polis nazirliyinə hansı dərəcədə etimad etdiyini ortaya qoyaraq.

General Mədət Quliyev Eldar Mahmudovdan qalan ağır mirası dövlət və yeni xələfləri üçün yüngülləşdirmək baxımından əlindən gələni etdi. İndi o, Yavər Camalovun ölümündən sonra başsız qalan çox mühüm bir sahəyə –  Müdafiə Sənayesi nazirliyinə yenidən həyat verməlidir. Ümumiyyətlə, islahatçı xarakteri ilə tanınan Mədət Quliyev bundan əvvəl Penitensiar Xidmətdə, daha sonara isə Təhlükəsizlik Xidmətində həmin sahələrin islah olunması istiqamətində böyük işlər görüb.

Əminik ki, ölkə prezidenti İlham Əliyevin ölkəni islahatlara aparan yolunda hələ çox maraqlı dəyişikliklər və tarixi qərarlar görəcəyik.

Musavat.com