Minskdə səs-küylü qətl: Rüstəm Rəhimov qız məsələsinə görə bıçağa əl atır…backend

Minskdə səs-küylü qətl: Rüstəm Rəhimov qız məsələsinə görə bıçağa əl atır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Minskdə Aviasiya Akademiyasının önündəki kütləvi dava zamanı öldürülən 21 yaşlı belaruslu gəncin qətli ilə bağlı mühakimə olunan azərbaycanlı tələbə Rüstəm Rəhimovun cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Editor.az Virtualaz.org-a istinadən xəbər verir ki, Belarus mətbuatının yazdığına görə, məhkəmə prosesində mərhum Aleksey Krivoşeyin ailə üzvləri və dostları ifadə veriblər. Ötən prosesdə isə qanlı davanın yaranmasının səbəbkarı olan  Valeriya adlı qız şahid qismində dindirilib.

Məlumat üçün bildirək ki, bu səs-küylü qətl ötən ilin noyabrında baş verib. Gənclər arasında qız üstündə uzun müddət davam edən münaqişə qətlə səbəb olub. Belə ki, münaqişəni “həll etmək” üçün R.Rəhimov A.Krivoşeyi söhbətə çağırıb. Tərəflər arasında yaranmış münaqişə zəminində A.Krivoşey bıçaq yarası alıb və kəskin qan itirmədən xəstəxanada ölüb.

Mərhumun yaxınlarının məhkəməyə verdikləri ifadələrə görə, hadisədən əvvəl Aleksey bir neçə dəfə Valeriyanın keçmiş sevgilisi Rüstəm tərəfindən ölümlə təhdid edilib.

Azərbaycan vətəndaşı R.Rəhimov Aviasiya Akademiyasının ikinci kurs tələbəsi olub. İttihamlar təsdiqi taparsa onu 15 il həbs cəzası gözləyir. R.Rəhimov isə ona elan olunan ittihamları qəbul etmir, günahsız olduğunu deyir.

Mərhumun ailə üzvləri məhkəmə önündə yalnız Rüstəmin mühakimə olunmasına etiraz edirlər. Belə hesab edirlər ki, Rüstəmlə yanaşı onun həmin “razborkada” iştirak edən dostları da məsuliyyətə cəlb olunmalıdırlar.

Prosesdə öncə tələbə Beketov ifadə verib. Qətldə istifadə edilən bıçaq onun yaşadığı mənzildən aşkarlanıb. İfadəsində əvvəlcə Rəhimovun yanında dayandığını deyib. Daha sonra isə hadisə zamanı bir kənarda durduğunu söyləyib.

Hakimin “niyə onları ayırmırdınız, niyə Alekseyin dostlarının yanına qaçırdınız?” sualına şahid özünü qorumaq üçün belə bir addım atdığını bildirib.  Hakimlə şahid arasında maraqlı dialoq yaranıb:

–  Kimdən?

– Onlar mənə sarı qaçırdılar.

– Nəsə deyirdilər, hədələyirdilər?

– Xeyr.

Zərərçəkmişin vəkili şahidin istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasında kəskin ziddiyyətlər olduğunu məhkəmə iştirakçılarının diqqətinə çatdırıb.  Beketov hadisə baş verən gün ilkin ifadəsində Rəhimovun cibindən 15 santimetr uzunluğunda bıçaq çıxartdığını və Alekseyi vurduğunu göstərib. İndi isə yalnız Rüstəmin əl hərəkətlərini gördüyünü, qan görmədiyini bildirib.

Hakim şahiddən ifadələri arasındakı ziddiyyətlərin səbəbini soruşub. Şahid bəzi şeyləri dəqiq xatırlamadığlını məhkəməyə verdiyi ifadəsinin daha düzgün olduğunu deyib: “Həmin vaxt özüm də bilmirdim məndən nə istəyirlər”.

Hakim ondan yalnız həqiqəti danışması tələb olunduğunu deyib.

Həmçinin, ilkin ifadəsində şahid göstərib ki, Rüstəm hadisədən sonra dərhal valideynlərinə zəng vurub, sevdiyi qıza görə dalaşdığını, təcili bilet alıb onu Azərbaycana yola salmalarını tələb edib.

Təqsirləndirilən şəxsin vəkilin şahiddən ilkin ifadəsində göstərdiklərinin doğru olub-olmadığını soruşduqda şahid “xeyr, istintaqdakı ifadələrimin hamısı doğru deyil” cavabı verib.

Daha sonra prosesdə digər şahidlər – Çarıyev, Xocayev və Turayev dindiriliblər. Tərəflərin suallarını cavablandıran şahidlər əsasən “bilmirəm, xatırlamıram, yadımda qalmayıb” deməklə kifayətləniblər. Hətta mərhumun nənəsinin davada neçə nəfərin iştirak etməsi ilə bağlı sualına belə şahidlər dəqiq cavab verə bilməyiblər.

Məhkəmə prosesi davam edir.