backend

Nişandan qayıdanların maşını qəza törətdi – 15 yaşlı oğlan yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Binəqədi rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Azadlıq prospekti ilə Süleyman Sani Axundov küçəsinin kəsişməsində qeydə alınıb.
Azadlıq prospektində köməkçi yolla hərəkət edən “Toyota RAV 4” markalı avtomobilin qadın sürücüsü yol nişanının tələbinə riayət etməyib və prospektin əsas yolundan Süleyman Sani Axundov küçəsinə dönən “Mercedes” markalı avtomobili vurub. Qəza nəticəsində “Mercedes”in sürücüsü Ziya Əliyevin 15 yaşlı övladı ağır xəsarət alıb. Yaralı yeniyetmə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi gəlib və müayinələr aparılıb. İlkin məlumata görə, “Toyota” avtomobilindəkilər nişan məclisindən qayıdırlarmış. Nişanlanan gənc də avtomobildə olub. Onlardan heç kim xəsarət almayıb. Qadın sürücünün spirtli içki qəbul etməsinə şübhələr olduğundan, o, sərxoşluğun müəyyən edilməsi məntəqəsinə aparılıb.
Avtomobillər cərimə meydançasına yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.