Bank işçisi məsciddə pul “yığıb”… – Görünməmiş olay

11:00 | 8 İyul, 2017
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirli bilinən sabiq baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə öncə şahid qismində ifadə verən Fərrux Həşimov bildirib ki, mərhum atası Nəsim Həşimov tanışlıq əlaqələri ilə bankdan 10 min manat kredit götürüb: “Elnur 5 min manatı atama verdi, 3 mini özünə qaldı, 2 min manat isə “şapka” olaraq tutulub”.
Digər şahid Qiyas Abdullayev bildirib ki, Elnur Hüseynovun xahişi ilə bankdan pul götürüb: “Elnur Hüseynovu mömin bir şəxs kimi tanımışam. Elnuru başqa bir mömin dostum vasitəsilə tanımışdım. Daha sonra məsciddə namazda görüşürdük.
Bir neçə dəfə də məclislərdə görüşüb, çay içib, çörək yemişik. Mömin qardaş kimi də münasibətimiz yaxşı olub. Məndən xahiş etdi ki, adıma kredit götürsün, razılaşdım. Şəxsiyyət vəsiqəmi götürüb, banka getdim. 10 min dollara imza atdım, manatla kassadan götürüb, Elnura verdim”.
Bu zaman hakim şahiddən bu işdə nə marağı olduğunu soruşub. Şahid deyib ki, sadəcə, Elnur Hüseynova kömək edib: “Allah xətrinə kömək eləmişəm. Heç bir marağım olmayıb. Bu gün başqa bir mömin qardaşım da xahiş eləsəydi, boyun qaçırmazdım”.
Qiyas Abdulayevin sözlərinə görə, kredit götürərkən Elnur Hüseynovdan bir xahişi olub: “Xahiş elədim ki, kreditlə bağlı problem çıxmasın. Gecikmə olmasın, mənə zəng etməsinlər. İki il sonra “Dəmirbank”dan kredit götürməyə getdim. Orada dedilər ki, mənim gecikdirilmiş kreditim var. Buna görə mənə kredit vermədilər. Elnura zəng vurdum, dedi ki, bəzi problemlər olub, amma həll edəcək”.
Növbəti şahid Rəsul Hüseynov bildirib ki, Elnur Hüseynovun xahişi ilə bankdan 10 min dollar götürüb: “Elnuru məsciddə ibadət edərkən tanımışam. Mömin qardaş kimi xətrini çox istəyirdim. Uşağının xəstə olduğunu bilirdim. Ona görə də xahişi ilə razılaşdım. 10 min dollara imza atdım”.
Hakim deyib ki, təqsirləndirilən Elnur Hüseynov götürdüyü məbləğləri uşağının xəstəliyi üçün xərcləməyib: “İstintaqdakı ifadəsində Elnur etiraf edib ki, götürdüyü kreditləri “Topaz”da uduzub. Həmçinin spirtli içki istehsalı üçün şüşə butulka gətirib. Spirtli içki istehsalı ilə məşğul olmaq istəyib”.
Növbəti proses iyulun 12-də davam edəcək.
İttihama görə, Elnur Hüseynov qulluq mövqeyindən istifadə edərək, 5 yanvar 2012-ci ildən 28 avqust 2015-ci ilədək “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərə müraciət edib. Elnur Hüseynov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
///Teleqraf