Zəngin, mənəvi və intellektual potensialdan qaynaqlanan layihələr

04:19 | 3 İyul, 2019

Leyla Əliyeva: “Azərbaycanı xaricdə layiqincə təmsil etdiyimiz, mədəniyyətlərarası dialoqun genişlənməsinə töhfə verdiyimiz və tolerantlıq ənənələrini qoruyub-saxladığımız üçün fəxr edirik”

Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi və dünya birliyinin inkişaf sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni və siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Azərbaycan dünyaya ənənəvi humanizm prinsiplərini nümayiş etdirir.
Dövlətlər arasında dostluq münasibətləri kontekstində əlaqələrin genişlənməsinə və tərəfdaşlığın səmərəli olmasına Heydər Əliyev Fondu da töhfələrini vermiş olur. Fondun Türkiyə, Rusiya və bir sıra başqa ölkələrdə nümayəndəliklərinin yaradılması və fəaliyyəti bu əlaqələrin möhkəmlənməsində, bilavasitə rola malikdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri olan Leyla Əliyevanın həyata keçirdiyi layihələr öz miqyası baxımından geniş və əhatəlidir. “Heydər Əliyev Fondunun fəaliyyət spektri, həqiqətən, geniş və müxtəlifdir. Biz ən müxtəlif istiqamətlərdə – xeyriyyəçilik, təhsil, ekologiya, həmçinin mədəniyyət, incəsənət, səhiyyə, idman və İKT sahələrinin inkişafına yönəlmiş bir çox layihələri uğurla həyata keçiririk” deyən Leyla Əliyeva əksər layihələrin onun üçün xüsusi qürur mənbəyi olduğunu bildirib: “Bu və ya digər sahənin inkişafına köklü şəkildə təsir edən yeni təşəbbüslərin irəli sürülməsindən duyulan qürurdur…Azərbaycanı xaricdə layiqincə təmsil etdiyimiz, mədəniyyətlərarası dialoqun genişlənməsinə töhfə verdiyimiz və tolerantlıq ənənələrini qoruyub- saxladığımız üçün fəxr edirik”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanla bağlı olan inkişafın bütün sahələri haqqında ətraflı informasiya təqdim edərək, həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Ümummilli əhəmiyyətli məsələləri daim diqqətdə saxlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv informasiyanın da dünya ictimaiyyətinə çatdırılması məsələsinə xüsusi diqqət yetirir. Leyla Əliyevanın gənc olmasına baxmayaraq, gördüyü işlər miqyas baxımından əhatəli və çoxşaxəlidir. Əməli fəaliyyəti sahəsində Leyla Əliyevanın tərcümeyi-halında nail olduğu uğurlar və fəaliyyət daha aydın görünür. Belə ki, 3 iyul 1984-cü ildə anadan olan Leyla Əliyeva orta məktəbi bitirdikdən sonra Avropa Biznes Məktəbinə (ESB) daxil olub. İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb. Tələbəlik illərindən başlayaraq, Leyla xanım Əliyeva ictimai fəaliyyətlə məşğul olub. 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. Elə həmin il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib. 2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarıdır. 2008-ci ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş koordinatoru vəzifəsində çalışır. 2009-cu il aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib. 2010-cu ilə qədər MQİMO-da Azərbaycanlılar Klubunun sədri olub. 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti vəzifəsini icra edir.
“…DÜŞÜNÜRƏM Kİ, NƏYƏSƏ İNANIRSAN VƏ NƏYİSƏ ÇOX ARZULAYIRSANSA, ONA NAİL OLACAQSAN”
Sözsüz ki, bu nailiyyətlər onun boy atdığı mühitlə, formalaşdığı ailəsi ilə sıx bağlı olan amillərdir. Ulu Öndər Heydər Əliyev kimi müdrik Şəxsiyyətin ailəsində böyüyən və bu nəslin təmsilçisi olan Leyla xanım, sözsüz ki, belə prinsipial mövqedə, Azərbaycanın müdafiəsində, onun uğurlu gələcəyinin parlaq olmasında əməli fəaliyyəti ilə seçilməli idi. Müsahibələrinin birində ona verilən “Heydər Əliyev həyatınızda sizə ən çox kömək olan hansı məsləhəti vermişdi” sualına belə cavab verir: “Mən indi başa düşürəm ki, nə qədər böyük bir İnsana yaxın olmuşam və nə qədər böyük bir İnsanla söhbətlərim olub. Hətta Onunla beş dəqiqə söhbət edənlər belə Ondan çox qiymətli ibrət dərsi ala bilirdilər. Amma mən Onu hər gün görürdüm. Bu, heç nə ilə müqayisə olunmayacaq böyük təcrübə idi. Ən təəccüblüsü də bu idi. O, heç vaxt sənin nə etməli olduğunu demirdi, istəyirdi ki, sən həmişə özün qərar qəbul edəsən. Mən Onu səhv etməyən və hər zaman çətin vəziyyətdən çıxış yolu tapan bir Şəxsiyyət kimi tanımışam. Onun üçün qeyri-mümkün heç nə olmamışdır. Buna görə də, düşünürəm ki, nəyəsə inanırsan və nəyisə çox arzulayırsansa, ona nail olacaqsan”. Elə Leyla xanım da hər bir işin mümkünlüyünü bu ailədə əxz edib. “Sizin üçün “mümkün deyil” anlayışı mövcuddurmu” sualını cavablandırarkən, belə deyir: “Mənim fikrimcə, “xeyr”. Çünki nə vaxt ki, “bacarmıram” deyirlər, bu, əslində, “lazımi qədər istəmirəm” deməkdir. Yəni bir şeyi kifayət qədər istəyirsənsə, istədiyinə inanırsansa, çox iş görmək mümkündür. Vacib olanı isə gördüyün işin, həqiqətən, faydalı olmasıdır. Dərəcəsindən asılı olmayaraq, müsbət nəticəni, işinin fayda verdiyini gördükdə, daha çox iş görmək istəyirsən”.
Bəli, Leyla xanım görmək istədiyini, həyatda aldığı ibrət dərsini sonrakı fəaliyyətində və əməlində göstərdi. Bu gün Rusiyanın azərbaycanlı gənclərinin təşkilatlanmasında, Leyla Əliyevanın əməyi müstəsnadır. Azərbaycanın sülhsevər, humanist, dini tolerantlığa hörmətlə yanaşan və milli-mənəvi dəyərləri qoruyan bir xalq olduğunu Rusiyada nümayiş etdirir.
“AZƏRBAYCANLI GƏNCLƏRİ BİR ARAYA GƏTİRMƏK, ONLARIN RUSİYA CƏMİYYƏTİNƏ İNTEQRASİYASINA VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİ RUSİYADA LAYİQİNCƏ TƏMSİL ETMƏLƏRİNƏ KÖMƏK GÖSTƏRMƏK MÜMKÜN OLDU”
RAGT yarandığı gündən özünü müasir cəmiyyətin işgüzar və lazımlı strukturu kimi təqdim edir. Qurum fəaliyyət göstərdiyi zamandan ucsuz-bucaqsız Rusiya məkanında özünə imic yaradıb. Hazırda RAGT ictimai həyatın bütün sahələrində gənclər arasında qarşılıqlı münasibətlərin, ənənəvi Rusiya-Azərbaycan dostluq əlaqələrinin gələcək inkişafının əhəmiyyətli və lazımlı vasitəsinə çevrilib. Rusiyanın bir sıra şəhərlərində azərbaycanlı gənclər klubları fəaliyyətdədir. Moskvada, Sankt-Peterburqda, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda yerləşən təşkilatlar gənclərin həyatının bütün istiqamətlərini – idman, səhiyyə, təhsil və mədəniyyəti əhatə edir. RAGT sağlamlığa və sağlam həyat tərzinə böyük diqqət ayırır. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, keçirilən “Qanının milləti yoxdur” aksiyası çərçivəsində qurumun könüllüləri ehtiyacı olan bütün şəxslərə təmənnasız qan verirlər. Bu aksiya təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. RAGT, həmçinin, “Sağlamlığına əmin ol – xəstəliyə “YOX” de” aksiyası da təşkil edir. Bu aksiya çərçivəsində bütün arzu edənlər pulsuz müayinə olunurlar. Qurumun Birləşmiş Millətlər Təşkilatının İÇV/QİÇS üzrə birgə proqramı olan UNAİDS-lə müştərək layihəsi çərçivəsində RAGT-ın fəalları universitet və məktəblərdə QİÇS-ə dair maarifləndirmə işləri aparır, narkotiklərin və tütünün zərərindən söz açır, habelə, müvafiq mühazirələrlə regionları dolaşırlar.
Bu gün RAGT-ın fəaliyyəti və onun rəhbəri Leyla Əliyevanın təşkilatçılıq istedadı yüksək qiymətləndirilir. Qurum sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə müsbət töhfələrini verir. Hər bir işin əsasında ən əsası səmimi, saf və insani münasibətlər dayanır. Leyla xanım müsahibələrinin birində onun bu qədər fəal və uğurlu təşkilat olacağını gözləmədiyini bildirib: “RAGT Rusiyanın Azərbaycanlı Gənglər Təşkilatıdır. Amma bu, eyni zamanda, həm də sevgi – xalqların, insanların qarşılıqlı sevgisi deməkdir. Həqiqətən də, azərbaycanlı gəncləri bir araya gətirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına və Azərbaycan mədəniyyətini Rusiyada layiqincə təmsil etməsinə kömək göstərmək mümkün oldu. Bu gün, demək olar ki, bütün universitetlərdə azərbaycanlı gənclər klubları var. Maraqlıdır, bundan başqa ölkələr də, nümunə götürüb və onlar da öz gənclər klublarını açmağa başlayıblar. Onlar da bununla öz ölkələrini və öz mədəniyyətlərini təmsil edirlər”.

İNSAN HƏQİQƏTİ YALANDAN AYIRMAĞI BACARIR

Azərbaycanı kənarda dövlət olaraq yaşatmaq, onun milli-mənəvi dəyərlərini təbliğ etmək, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini, xalqımızın qəhrəmanlıq tarixini və onun coğrafi ərazisini tanıtmaq baxımından, həyata keçirdiyi layihələr də əhəmiyyətlidir. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardımçı olan nümayəndəlik Azərbaycan həqiqətlərini, dünyaya çatdırılmasında bir vasitəçi və ötürücüdür. “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya ölkələrində soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilir. Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” rep üslubunda yazılmış mahnı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir vasitə oldu. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Koreya dilində Xocalı soyqırımı haqqında sayt fəaliyyət göstərir. Saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində mülki əhaliyə qarşı törətdiyi soyqırımına aid məlumatlar, foto və videomateriallar yerləşdirilib. “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülmüş işlər nəticəsində, dünyanın bir sıra ölkələrində və ABŞ-ın ştatlarında Xocalı qətliamı soyqırımı kimi tanınıb. Eyni zamanda, faciə qurbanlarının xatirəsinə abidələr ucaldılıb və müxtəlif tədbirlər keçirilib. Bu istiqamətdə tədbirlər davam etdirilir. Artıq dünyada insanlar həqiqəti yalandan ayırmağı bacarır.
TƏMİZ ƏTRAF MÜHİT TƏMİZ VƏ SAF CƏMİYYƏTDƏN BAŞLAYIR
Leyla xanımın layihələri sırasında gənclərin yeni qlobal ekoloji kampaniyası olan İDEA-nı, xüsusilə, qeyd etmək lazımdır. İDEA ətraf mühit kampaniyası regionda ətraf mühit məsələləri ilə məşğul olan ən böyük təşkilatdır. Bu kampaniya çərçivəsində BMT İnkişaf Proqramı ilə saziş imzalanıb, Qəbələdə gənc ekoloqlar üçün beynəlxalq düşərgə keçirilib. Müasir dövrümüzdə ekologiya və ətraf mühitin qorunması vacib məsələlərdən olduğundan, ekoloji problemlərin nəticələri diqqətdədir. Leyla xanım Əliyeva, müsahibələrinin birində dediyi kimi, biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa, hamısının qorunub- saxlanmasına birgə töhfə verməliyik. İDEA kampaniyası artıq bir sıra ekoloji təşkilatlar tərəfindən dəstəklənib. İDEA xətti ilə həyata keçirilən tədbirlərdə gənclərin və tələbələrin, demək olar ki, bütün iri təşkilatları iştirak edir. Bu, “Bir planet – bir gələcək” devizini bir daha təsdiq edir. İDEA Azərbaycanda “Böyük Qafqaz beşliyi” deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü müəyyən edib. IDEA İctimai Birliyinin təşkilatçılığı ilə “Bizim həyət” layihəsi reallaşıb. Layihənin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Leyla xanım Əliyeva, çıxışlarının birində bildirib ki, bu məsələləri hələ sinif otaqlarından tədris etmək lazımdır. Təbii ki, təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır. Bu baxımdan, insanlara belə fikirləri aşılamaq lazımdır.
QAYNAR HƏYATDA BÜTÜN GÜC VƏ ENERJİ İLƏ ÇALIŞAN LEYLA XANIMIN ALDIĞI MÜKAFATLAR ƏMƏLİ FƏALİYYƏTİNİN QİYMƏTİDİR 
Leyla xanımın gördüyü böyük işlər diqqətdən kənarda qalmayıb. 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə, “Tərəqqi” medalı ilə təltif olunub. 2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, “Key to life” fəxri mükafatına layiq görülüb. 22 noyabr 2011-ci ildə BMT-nin sertifikatını və xüsusi vəsiqəsini alıb. 2013-cü ildə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb. Həmin il Leyla Əliyeva III dərəcəli “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub. 2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Xoşməramlı Səfiri adına layiq görülüb.
2015-ci il oktyabrın 20-də Rusiya Federasiyasının “Puşkin” medalı ilə təltif edilib. Həmin il Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Puşkin” medalı ilə təltif olunub. 2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.
“MƏN ÖVLADLARIMA VALİDEYNLƏRİMİN MƏNƏ VERDİKLƏRİNİ VERMƏK İSTƏYİRƏM”
Bəli, qaynar həyatda bütün gücü və enerjisi ilə Azərbaycan xanımı gördüyü bütün işlərə həddindən artıq çox vaxt ayırsa da, övladlarını unutmur: “Mənim üçün övladlarım və ailəm hər şeydən vacibdir. Mən övladlarıma valideynlərimin mənə verdiklərini vermək istəyirəm. İstəyirəm ki, onlar daim məhəbbət və qayğı içində böyüsünlər. Bu, ən vacibidir. Dünyanın müxtəlif ölkələrinə saysız-hesabsız səfərlər etməli oluram. Bu zaman övladlarımı da özümlə aparıram. Ona görə də, darıxmıram. Vaxtı isə tapmaq mümkündür. Əsas odur ki, hamı sağlam olsun”.
Müsahibələrin birində ona ünvanlanan “Uşaqlıqdan öyrədilməsi zəruri olan tərbiyənin və təhsilin əsasları hansılardır?” sualını Leyla Əliyeva belə cavablandırıb: “Mənim üçün olduqca vacibdir ki, uşaqlar valideynlərinə, ilk növbədə, hörmət etsinlər, onlardan qorxmasınlar. Buna görə də, uşaqlar nəyisə düz etməyəndə, onlara izah etməyə çalışıram. Həmişə seçim ixtiyarı verirəm. Hesab edirəm ki, onlara kifayət qədər çox azadlıq vermək lazımdır. Fikrimcə, anadan olandan insana doğrunu və yanlışı anlama qabiliyyəti Allah tərəfindən verilib. Bəzən valideynlər uşaqları qorumaq üçün onları həddən artıq himayə edirlər, məhdudiyyətlər və qadağalar qoyurlar. Mən onlara daha çox azadlıq verməyə çalışıram, xüsusən də, onlar oğlan olduqları üçün. Qoy onlar müstəqil, sərbəst və güclü olsunlar”.

//SİA