“Fikirləşirsən ki, “babat şeydir”, axırda başqa cür çıxır”

15:32 | 11 İyul, 2019

Dəfələrlə “Kaş ki, filankəs qarşımıza çıxmazdı”, “Kaş ki, filan hadisəni görməzdik” kimi hallarla qarşılaşırıq. Bəs, məşhurlar hansı halla qarşılaşmaq istəməzdi?

Yerli məşhurlar axşam.az-ın “Nəyi görüb, kaş ki, görməzdim demisiniz” sualını cavablandırıblar:

Müğənni Elvin Abdullayev:

“Son günlər ona xəyanət edən arvadını çəkib İnstaqrama yerləşdirənlərə baxıram, deyirəm ki, kaş ki, görməzdim. Çünki xəyanət edən insan bir kənara, onu çəkib reallaşdıran daha şərəfsizdir”.

Aktrisa Sevinc Əliyeva:

“Yerdə sürünən, gəzən həşaratları heç vaxt görmək istəmirəm. İyrənirəm və qorxuram”.

Aparıcı Cavid Gül:

“Əvvəllər ev telefonları ilə qızla danışırdın, fikirləşirdin ki, bu, “babat şeydir”. Sonra gedib, görürdün ki, bu, nədir? İki-üç ay telefonla danış, axırda başqa cür çıxsın”.

Müğənni Nura Suri:

“Bunu çox şeyə deyirəm. Neqativ halları görmək istəməzdim. İstər virtual, istərsə də real həyatda insanların əziyyətinə, haqsızlığı görməyə dözə bilmirəm. Yardım edə bilmirsən, bu, sənə pis təsir edir. Bununla yaşamaq çətindir. Biri var ki, bir dəfə kömək edirəm, ondan artığına gücüm çatmır. Onların sabahını necə yaşayacağını bilmirsən. Ona görə deyirsən ki, kaş görməzdim. Mən empatam, onların yaşadıqlarını özü içimdə hiss edirəm. Mənə belə hallar çox çətindir. Çünki biganə, laqeyd insan deyiləm. Başqa insanların, canlıların problemi mənə pis təsir edir”.

Prodüser Təranə Səmədova:

“Efirdən tanıyıb, hörmət etdiyim məşhurları şəxsi həyatda görəndən sonra kaş bu qədər yaxından tanımayaydım deyə, əfsuslandığım məqamlar olub”

Aparıcı Samir Bayramlı:

“Sosial şəbəkələrdə qızların davasını, körpə uşaqların xəstəliyini görəndə bu sözü deyirəm. Həm də süni, lazımsız və tərbiyəsiz adamları görəndə deyirəm ki, kaş sizi yox olasınız”.

Prodüser Tarix Əliyev (Tolik) :

“Dənizdə batanları çəkən, amma kömək etməyən insanları görmək istəməzdim. İnsanların bir-birinə qarşı etinasızlığı, müğənnilərin bir-birinin üzünə gülüb, arxasınca danışmaqlarını görməsəm, yaxşı olardı”.