backend

İŞİD-in növbəti qurbanı olacaq ÖLKƏLƏR – ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD (“İslam dövləti”) Suriya və İraqda son aylarını yaşayır. Bağdad İraqın ikinci böyük şəhəri olan Mosulda terror qruplaşması üzərində qələbəni elan etdi.
“Suriyanın Demokratik Gücləri” ABŞ-ın dəstəyi ilə Suriyanın Rakka şəhərinin mühasirəsinə başlayır. Amma ərazilərin İŞİD-dən azad edilməsi onun ideologiyalarına son qoymayacaq.
Publika.az xəbər verir ki, “Lenta.ru” saytı İŞİD-in İraq və Suriyada məğlubiyyətindən sonra ehtimal olunan əsas ekspansiya marşrutlarını açıqlayıb.
Xudahafiz, “İslam dövləti”!
“Xilafət”in döyüşçüləri məğlubiyyətdən sonra, ehtimal ki, ya gizlənəcək, ya təslim olacaq, ya da ailələrinə qayıdacaqlar. Evlərinə qayıtdığı halda həbs olunacağından ehtiyat edən xarici radikallar ehtimal ki, başqa yerlərdə “xilafət”in yaradılması üçün vuruşmaq istəyəcəklər.
“Valday” diskusiya klubunun eksperti, Rusiya Elmlər Alademiyasının Şərqşünaslıq İnstitutunun ərəb və islam tədqiqatları Mərkəzinin rəhbəri Vasiliy Kuznetsov bildirir ki, cihadçılar Suriya və İraqdan ya artıq müharibələrin getdiyi, ya da onun üçün bütün ilkin şərtlərin yarandığı ölkələrə üz tutacaqlar.
Liviya cəbhəsi
2011-ci ildə Müəmmər Qəddafinin devirilməsindən sonra Liviyada xaos və anarxiya yarandı. İŞİD liderləri bundan istifadə etdilər. Qruplaşmanın birinci nümayəndələri ölkəyə 2014-cü ilin sentyabrında gəldilər. Onlar yerli cihadçıları “xəlifə” Əbubəkr əl-Bağdadiyə and içməyə inandırmağı bacardılar.
2015-ci ilin əvvəlində liman şəhəri olan Sirtdəki döyüşçülər İŞİD-ə sədaqət andı içdilər. İŞİD-in buradan bütün Şimali Afrikaya ekspansiya edəcəyi planlaşdırılırdı. 2016-cı ilin dekabrında İŞİD Sirtdə məğlub edildi. Amma döyüşçülər heç bir yerə yox olmayblar.
İndi Liviyada ikihakimiyyətlilik var. Ölkədə terror aktları tez-tez törədilir. Məsələn, mayda təyyarə bazasına hücum nəticəsində 140-dan çox insan həlak oldu. Mərkəzi hakimiyyətin olmaması və davam edən münaqişələr fonunda Liviya İŞİD üçün çox cazibədar görünür.
Yəmən
Ziddiyyətlərlə parçalanan daha bir ölkə Yəməndir. Husilər (üsyançı şiələr) və Səudiyyə Ərəbistanının dəstəyi ilə vuruşan formal hakimiyyət arasında vətəndaş müharibəsi 2015-ci ildən davam edir. Bu vaxt ərzində “Əl-Qaidə-Ərəb yarımadasında” sünni terror qruplaşması güc toplayır.
 
Yəmən radikal musəlmanlar üçün mükəmməl döyüş meydanıdır. Yəmənə qaçış cihadçılar üçün yaxşı qərardır. Ancaq bir maneə var: “Əl-qaidə” və İŞİD ən qəddar düşmənlərdir. “Əl-qaidə” Əbubəkr əl-Baadadinin tərəfdarlarını açıq qucaqla gözləmirlər.
İndoneziya və Malayziya
“Bilin: bundan sonra biz sizin vətəndaşlarınız deyilik, biz özümüzü sizdən azad etdik. Allahın köməyi ilə sizə hərbi güclə gələcəyik”, – kamuflyajda yeniyetmələrin arasında malayziyalı döyüşçü danışırdı.
Onun və yeniyetmələrin əllərində Malayziya pasportu var idi. Döyüşçü söz verir ki, şəriətə əməl etməyəcəyi halda bütün hökmdarları və bütün hökumətləri devirəcəklər. Müraciətin konkret ünvanı var idi: Malayziya və İndoneziya hakimiyyətləri.
Sonra döyüşçü pasportu torpağa atır. Yeniyetmələr də eyni şeyi edirlər və pasportlar yandırılır.
İŞİD-in 2016-cı il iyulun 5-də sosial şəbəkələrdə yaydığı videoçarx Malayziya və İndoneziya hakimiyyətləri tərəfindən müharibə elanı kimi qiymətləndirildi. Lakin bu, regiondan olan cihadçıların birinci analoji hərəkəti deyil: döyüşçülər cənub-şərqi Asiyada tədricən fəallaşırlar.
2016-cı ilin yanvarın terrorçular İndoneziyanın paytaxtı Cakartada hücum təşkil etdilər. Atışma və bir neçə partlayış nəticəsində dörd nəfər həlak oldu, 24-ü yaralandı. 2017-ci ilin mayında oxşar terror aktında daha üç nəfər həlak oldu. Hər iki hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürdü.
İndoneziya dünyada ən böyük müsəlman əhalisinə malik ölkədir. İŞİD ölkədə müəyyən müvəffəqiyyət qazana bilib. İndoneziya ordusunun baş komandanı Qatot Nurmanto təsdiq edib ki, cihadçıların “yatan hücrələri” demək olar ki, ölkənin hər vilayətində formalaşdırılıb və onlar hücum etmək üçün yalnız əmri gözləyirlər.
 
Cihadçılar üçün əsas maneə “Pança Güc” ideologiyasıdır. O vahid Allaha, demokratiyaya, sosial ədalətə və birliyə inamı nəzərdə tutur. “Pança Güc” öz bəhrəsini verir: İndoneziyanın təxminən 700 vətəndaşı Suriyaya gedib. Müqayisə üçün deyək ki, “xilafət”in bayrağı altında 1700 fransalı, 2400 rusiyalı və 6000 tunisli döyüşür. İndoneziyada fəaliyyət göstərən ən böyük islam təşkilatı “Naxdatul Ulama” həmçinin müsəlmanlara loyallığı və təmkinlili öyrədir.
Hələ ki Cakarta cihadçılara mane olmağa müvəffəq olur, amma hakimiyyət İŞİD-in təcrübəli vaizləri və “sərkərdə”lərinin axınına qarşı dura biləcəkmi? Çətin sualdır.
Tacikistan
Mərkəzi Asiya respublikalarından olan Tacikistan İŞİD üçün kamikadze təchizatçılarının reytinqinə başçılıq edir. 2016-cı ildə demək olar ki, 30 tacik müxtəlif ölkələrin ərazisində özünü partladıb.
“Global Risk Insights” təşkilatı göstərir, yerli müsəlmanların əsas problemi dövlətin dindarlığın açıq təzahürləri ilə mübarizəsidir. Hakimiyyət radikallaşmadan qorxur və buna qarşı sərt ölçülər qəbul edir. Tacikistanda yüzlərlə lisenziyalaşdırılmayan ibadət evi bağlanıb, məktəblər və iş yerlərində islam geyimi qadağan edilib, islam geyiminin satıldığı 160 mağaza bağlanıb, yaşı 18-dən az olan vətəndaşların məscidlərə baş çəkməyi qadağan edilib, 2015-ci ildə 13 min nəfərin uzun saqqalı qırxılıb.
Düşənbə istisnasız olaraq hamını cihadçılara tərəf qovur. 1993-cü ildən ölkənin siyasi səhnəsində fəal olan Tacikistan İslam Dirçəlişi Partiyası (PİVT) 2014-cü ildə qadağan, bir il sonra isə terror təşkilatı elan edilib.
 
“PİVT hakimiyyətin bir hissəsi olanda onun əsas vəzifələrindən biri insanları radikallığa getməməyə inandırmaq idi. Partiyanın qadağan edilməsi cihadçılara qoşulan taciklərin sayının kəskin artmasının səbəblərindən biri idi. Kəndlərdən birinin 40 sakini dərhal döyüşçülərə qoşuldu”, – Heydelberq universitetinin professoru Sofi Roş qeyd edir.
Ən açıq nümunə Tacikistan Daxili İşlər Nazirliyinin polkovniki, xüsusi təyinatlı milis dəstəsinin komandiri (OMON) Qulmurod Xalimov idi. O, Suriyaya qaçdı və qadınların hicab geyinməsi və kişilərin saqqal saxlamasına qoyulan qadağaya istinad edərək həmvətənlərini onun hərəkətini təkrarlamağa çağırdı. Xalimov İŞİD-in “müharibən naziri” oldu.
Vəziyyəti yoxsulluq, iqtisadi artımın azalması və ölkənin coğrafi mövqeyi (Tacikistan Əfqanıstan və Çin Sintszyan-Uyğur muxtar rayonu ilə həmsərhəddir) ağırlaşdırır.
Suriya və İraqda torpaqların İŞİD-dən azad edilməsindən sonra “İslam dövləti” ideyası ölməyəcək, cihadçılar növbəti “xilafət” elan etmək və vəziyyəti partlatmaq üçün planetin zəif regionlarını axtarmağa davam edəcəklər. Müharibələrin artıq getdiyi Liviya və ya Yəmən praktik olaraq onların hücumunun ilk qurbanları olması üçün “namizəd” ölkələrdir. Digər müsəlman dövlətlərin hakimiyyətlərinin isə hələ siyasi vasitələrlə prezident sarayının pəncərəsindən cihadın qara bayrağını görmək perspektivdən özünü xilas etmək üçün vaxtları var.
//Publika.az