backend

İlham Əliyev: ""Cənub Qaz Dəhlizi" uğurla icra ediləcək və Azərbaycan uzun illər ərzində Avropa ölkələrini təbii qazla təmin edəcək"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənub Qaz Dəhlizi” uğurla icra ediləcək və Azərbaycan uzun illər ərzində Avropa ölkələrini təbii qazla təmin edəcək.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxışı zamanı deyib.
İlham Əliyev bildirib ki, müstəqilliyimizin ilk illərində – 1994-cü ildən Azərbaycan ilk dəfə olaraq Xəzər dənizini xarici sərmayədarların üzünə açdı və 1994-cü ildən başlayaraq Azərbaycan neft sahəsində böyük sərmayə qoymağa başlamışdır: “1994-cü il eyni zamanda əlamətdar bir tarixdir, çünki bu ildə “Əsrin müqaviləsi” imzalanmışdı ki, bu da bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulmasında əsas rol oynayır. Bundan sonra Azərbaycanda çox zəngin qaz yatağı – “Şahdəniz” yatağı aşkar edildi. Bu yatağın ehtiyatları 1,2 trilyon kubmetdir. Dünya miqyasında ən böyük qaz yataqlarından biridir, elə bu gün “Cənub Qaz Dəhlizi”nin resurs bazasının əsasını təşkil edir. Beləliklə, Azərbaycan müasir dövrdə artıq neft və qazı hasil edən və ixrac edən ölkəyə çevrilmişdir. Bizim ölkəmiz dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi, çünki bizim dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Bu məqsədlə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2007-ci ildə Bakı-Tbilisi Ərzurum qaz kəməri inşa edilmişdi. Bundan bir neçə il əvvəl Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdi. Beləliklə, Azərbaycanın təbii resurslarını dünya bazarlarına çıxarmaq üçün kifayət qədər böyük şəbəkə yaradılmışdı.
2006-cı ildə qardaşım Prezident Ərdoğanla Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında birgə iştirak etdik. O vaxt biz gələcək planlar haqqında düşünürdük, fikir mübadiləsi aparırdıq. Həmin vaxtdan bu günə qədər bizim bütün planlarımız həyata keçdi. Çünki biz bu gün “Cənub Qaz Dəhlizi” kimi nəhəng meqalayihənin üzərində çalışırıq. Onun da təməli Türkiyədə, İstanbul şəhərində qoyulmuşdu. 2012-ci ildə qardaşım Prezident Ərdoğanla TANAP layihəsi haqqında anlaşma imzaladıq. TANAP layihəsi “Cənub Qaz Dəhlizi”nin özəyidir. Məhz ondan sonra bütün digər istiqamətlər üzrə işlər başlamışdır və bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir”.
Dövlət başçısı xatırladıb ki, bu layihə 4 hissədən ibarətdir: “Birinci hissə “Şahdəniz” qaz yatağıdır. Burada “Şahdəniz 2” layihəsinin icrası artıq 93 faizə çatıbdır. Yaxın aylarda tam başa çatacaqdır. İkinici hissə “Cənubi Qafqaz” kəməridir, Azərbaycanı Gürcüstanla birləşdirən qaz xəttidir. Burada işlər 87 faiz səviyyəsində tamamlanmışdır. Üçüncü hissə və ən əsas hissə TANAP qaz kəməridir, burada da tamamlanma səviyyəsi 77 faizdir və gələn il biz bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə Transadriatik kəməridir, burada da icra səviyyəsi 44 faiz səviyyəsindədir. Bütün bu 4 önəmli layihə “Cənub Qaz Dəhlizi”ni təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur. Bu vəsaitin böyük hissəsi artıq qoyulubdur”.
Prezident deyib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir və gələcək illərdə, 10 illiklər ərzində Azərbaycan qazı həm region ölkələrinin, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək: “Cənub Qaz Dəhlizi”nin icrasında 7 ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya. Gələcəkdə 3 Balkan ölkəsi də “Cənub Qaz Dəhlizi”nə qoşula bilər və bu istiqamətdə müvafiq işlər aparılır. Yəni biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Və bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar, yəni Azərbaycan, həm də tranzit ölkələr və istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı, tarazlığı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarır. Çünki burada texniki, maliyyə, iqtisadi və siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan uzun illər ərzində bundan sonra həm bölgə ölkələrini, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir”.
// Trend