Texniki Universitetinin yeni rektoru kimdir? – DOSYEbackend

Texniki Universitetinin yeni rektoru kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texniki Universitetinə rektor təyin edilən Vilayət Məmməd oğlu Vəliyev – iqtisad elmləri doktoru (2007), professor (2013), əməkdar elm xadimidir (2014).

Milli.Az xəbər verir ki, o yeni vəzifəsinə qədər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb. Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) regional inkişaf məsələləri üzrə Vitse-prezidenti (2018-2020), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədridir (2018-ci ildən).

V.Vəliyev 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib.

1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsini başa vurub.

1985-1989-cu illərdə Azərbaycan Elmlər AKademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsil alır.

1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, 05.15.06 (indiki 2525.01) – “Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alır.

1992-ci və 1994-cü illərdə Amerika Birləşmiş Ştatlarında Unocal və Pennzoil şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparır.

1994-cü ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildəİdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə Vitse- prezidenti seçilir.

1995-1999-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) doktoranturasında əyani təhsil alır.

1999-cu ildə ABŞ-ın Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) “Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları” mövzusunda təhsil alır və birgə tədqiqatlar aparır.

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda dissertasiya işini müdafiə edərək, 08.00.13 (indiki 5302.01) – “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi alır.

2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil alır.

1983-2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi işə başlayaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlir.

2003-2011-ci illərdə (2009-cu ildən sonra əvəzçiliklə) AMEA-nın Geologiya İnstitutunda (AMEA-nın DNQYPİ ilə Geologiya İnstitutu birləşdikdən sonra) “Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi” şöbəsinin müdiri işləyir.

2013-cü ildə 5302.01 – “Ekonometriya, iqtisadi statistika” ixtisası üzrə professor elmi adını alır.

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əməkdar elm xadimi”[6] fəxri adına layiq görülür.

90-cı illərin əvvəllərindən başlayaraq indiyədək ARDNŞ, BP, Unocal, Pennzoil və digər beynəlxalq neft şirkətlərinin regionda neft-qaz ehtiyatlarının axtarış-kəşfiyyatı, işlənilməsi, istifadəsi və nəqlinin müxtəlif məsələləri, o cümlədən texniki-iqtisadi və kommersiya qiymətləndirmələri, perspektiv inkişaf planları və proqnozları, informasiya bazalarının yaradılması və qərarların qəbulu mexanizm və modellərinin işlənilməsi üzrə çoxsaylı tədqiqat işləri və xidmət layihələri yerinə yetirir.

2000-ci ilin əvvəllərindən etibarən Dünya Bankı (DB, ing. World Bank), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD), Asiya İnkişaf Bankı (AİB, ing. Asian Development Bank), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (abbr. USAİD), Avropa Birliyi (ing. European Union), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (ing. GIZ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT, ing. Economic Cooperation Organization) və digər beynəlxalq maliyyə institutları, iqtisadi və regional təşkilatlarının dəstəyi ilə həyata keçirilən enerji və sosial-iqtisadi inkişaf problemlərinin həlii istiqamətində yerli və beynəlxalq layihələrin rəhbəri və məsul icraçısı qismində iştirak edərək enerji siyasəti və tənzimlənməsi, sosial-iqtisadi inkişafın modelləşdirilməsi, strateji planlaşdırılması və proqnozlaşdırılması, eləcə də universitet-sənaye işbirliyinin qurulması və innovativ inkişafın digər məsələləri üzrə onlarla layihə yerinə yetirir.

90-cı illərin əvvəllərindən başlayaraq özəl və dövlət universitetlərində müəllim kimi fəaliyyət göstərir, 2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasındayarımştat professor vəzifəsində çalışır.

2001-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən N(FD).02.016 Dissertasiya Şurasının üzvü və şuranın 08.00.13 (indiki 5302.01) – “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə Seminarın sədri kimi fəaliyyət göstərir.

V.Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanmışdır.

Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.