Zelenskinin Türkiyə səfəri nəyə hesablanıb ? – AKTUAL ŞƏRH

06:15 | 13 Avqust, 2019
“Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri iki dövlət arasındakı münasibətlərin inkişafı baxımından çox vacib idi”.
 
Bunu Türkiyədə yaşayan politoloq, professor Toğrul İsmayıl deyib.
Zelenskinin qardaş ölkəyə ilk rəsmi gəlişini dəyərləndirən professor bildirib ki, Ukraynanın Qara dənizdəki ən önəmli müttəfiqi məhz Türkiyədir:
“Ukrayna-Rusiya münasibətlərində Türkiyə hər zaman balanslaşdırıcı mövqe tutub. Bir çox problemlərin həllində, xüsusən Krım kökənli fəalların sərbəst buraxılmasında və başqa məsələlərdə Kiyevə yardım edib. Digər tərəfdən Ukrayna ilə Türkiyə arasında iqtisadi əlaqələrin inkişafı yönündə ciddi addımlar atılıb. İndiki görüşdə isə iqtisadi əməkdaşlığın 10 milyard dollar səviyyəsinə qədər çıxarılması gündəmə gətirilib. Ukrayna da öz növbəsində Türkiyə ilə münasibətlərə ciddi əhəmiyyət verir. Unutmayaq ki, bu məsələdə Krım tatarlarının mövqeyi çox önəmlidir. Bu baxımdan Krım milli hərəkatının lideri Mustafa Cəmil Kırımoğlunun heyətdə yer alması təsadüfi deyil. Ankarada simvolik olaraq Krım-Tatar Mərkəzinin açılışı da baş tutub. Yəni, iki ölkə Krım məsələsində həssaslıq nümayiş etdirirlər”.
Professor vurğulayıb ki, prezident Ərdoğanın Krımla bağlı açıqlaması beynəlxalq hüquqa söykənir:
“Bu cür çıxışların Rusiyanı qıcıqlandırması təbiidir. Ancaq unutmayaq ki, Moskva Krımı ilhaq edərkən Türkiyənin mövqeyini nəzərə almayıb. Bəzi rus ekspertlər Krım məsələsində Ankaranın həssas olmasını, öz ərazisinin də parçalana biləcəyi ehtimalını önə sürürlər. Amma unudurlar ki, Türkiyə unitar dövlətdir. Qardaş ölkədə kürdlər yaşasa da, onlar kompakt yox, dağınıq şəkildə məskunlaşıblar. Rusiya isə federativ ölkədir. Ərazisinin parçalanmasından qorxması gərəkən tərəf məhz Moskvadır. Türkiyə Ukraynanın, Gürcüstanın, Azərbaycanın və digər ölkələrin ərazi bütövlüyünü beynəlxalq hüquqa əsaslanaraq gündəmə gətirir. Lakin hər fürsətdə beynəlxalq hüququ pozan dövlətlərin bu reallığı anlaması çətindir”.
T.İsmayıl bildirib ki, son illər iki ölkə arasında bir çox sahələrdə inkişaf var:
“Türkiyə tərəfi ilə Ukrayna arasında pilotların yetişdirilməsi, hərbi dərslərin verilməsi, silah alış-verişi və s. sahələrdə əməkdaşlıq mövcuddur. Bu sahələrlə bağlı hər iki ölkə bir-birindən faydalanır. İstənilən dövlət digər ölkə ilə normal münasibət qura, əməkdaşlıq edə bilər. Türkiyə Rusiya ilə çox yaxşı münasibətlər qurur. ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Türkiyə buna qatılmır. Hər iki ölkə hərbi və texnoloji sahələrdə də əməkdaşlıq edirlər. Paralel olaraq Ukrayna ilə də əlaqələrin inkişaf etdirilməsini normal qarşılamaq lazımdır. Türkiyə bölgənin güclü dövlətidir və müstəqil siyasət yeridir”.
Politoloqun qənaətincə, Suriyadakı hərbi əməliyyatlar məsələsində Rusiya ilə Türkiyənin strateji olmasa da, taktiki ortaqlıqları var:
“Əslində iki dövlətin Suriyadakı maraqları üst-üstə düşmür. Buna rəğmən lazımi məqamlarda ortaq hərəkət edə bilirlər. Bu da çox önəmli məsələdir. Ona görə də düşünürəm ki, Zelenskinin səfəri Türkiyə-Rusiya münasibətlərinə zərbə vurmayacaq. Ankara hökuməti Rusiya ilə Ermənistanın əlaqələrindən narahatlıq duymur. Eyniylə Moskva da Türkiyə-Azərbaycan və Türkiyə-Ukrayna münasibətlərindən qıcıqlanmamalıdır. Çünki bu əməkdaşlıqlar hansısa üçüncü dövlətin əleyhinə formalaşmır”.
//Sherg.az