Almaniyadakı mühacir azərbaycanlı özünə qəsd edib – son iki ayda dördüncü intihar hadisəsi

17:09 | 15 Avqust, 2019

Bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev sosial şəbəkədəki şəxsi səhifəsində məlumat yayıb.

Mərkəz rəhbərinin sözlərinə görə, hadisə Almaniyanın İbbenburen şəhərində qeydə alınıb. Belə ki, qaçqın statusu üçün müraciət edən Hüseyn adlı şəxs Dublin sazişinə əsasən, İtaliyaya getməkdən imtina edib. Polis əməkdaşları onu zorla aparmaq istəyən zaman o, hər iki qolunu kəsici alətlə doğrayıb.

Həmvətənimiz təcili yardım avtomobili vasitəsi ilə xəstəxanaya çatdırılıb. Məlumatda o da bildirilir ki, Hüseyn adlı həmvətənimiz Kəlbəcər rayonunda anadan olub. Evlidir, 8 və 12 yaşlarında iki azyaşlı uşağı var.

Qeyd edək ki, bu, son iki ay ərzində Almaniyadakı mühacir azərbaycanlıların dördüncü intihara cəhdidir. Təkcə iyul ayının ilk ongünlüyündə üç mühacir Almaniyada intihara cəhd etmişdi.

Ə.Əliyev bir müddət əvvəl “Turan”-a demişdi ki, Almaniyanın Deggendorf şəhərindəki qaçın düşərgəsində qalan Məmmədova Humay digər ölkəyə deportasiya olunmamaq üçün dərman içməklə özünə qəsd edib. O, 15 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 40 yaşlı səhhətində ciddi problemlər olan qadının 9 yaşlı qızı qalıb. “Digər şəhərlərdə ruhi-əsəb xəstəlikləri dispanserində Günay və Təranə adlı xanımlar müalicə olunurlar. Onları da digər ölkəyə deportasiya etməli idilər və onlar intihara əl atıb”-Ə.Əliyev deyib.

Təşkilat rəhbəri ötən ay qeyd etmişdi ki, son 3 ayda Dublin müqaviləsinin tələblərindən yayınmaq üçün özlərinə qəsd edən 7 adam olub. Dublin sazişinə görə mühacir birinci növbədə viza aldığı ölkəyə getməlidir və qaçqın statusu üçün orada müraciət etməlidir. Azərbaycandan Almaniyaya gələn vətəndaşların əksəriyyəti isə digər ölkələrin vizaları ilə gəlir. “Bakıda fəaliyyət göstərən turizm şirkətləri çoxusu vətəndaşları aldadaraq bir ölkənin vizası ilə “qaçqınlıq statusunu alarsız” deyib başqa ölkəyə göndərirlər. Sonra isə həmin şəxslərin qaytarma prosesi başlayır. Almaniya höküməti görəndə ki, gələnin sənədləri saxtadır və onu ölkəsində heç bir təhlükə gözləmir, dərhal həmin adamı geri göndərir. İnsanlar bundan özünü qorumaq üçün intihara əl atır. Bəziləri Azərbaycana qayıtmamaq üçün, bəziləri isə Almaniyadan getməmək üçün”.

Hüquqşünas onu da bildirib ki, Almaniyada həqiqətən də sağlamlığında ciddi problemlər olan şəxslər var və onlar hesab edirlər ki, Azərbaycana qayıtmaq onlar üçün ölümə bərabərdir. Son bir neçə ayda 10 Azərbaycan vətəndaşı özlərinə xəsarət yetiriblər ki, Azərbaycana qayıtmasınlar.

AzEuroNews.com saytının məlumatına görə, 2014-cü ildən 2019-cu ilin ilk 6 ayına kimi Almaniyadan sığınacaq istəyənlərin sayı 14471 nəfərə çatıb. Sayt Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin statistik məlumatına istinadən xəbər verir ki, bu ilin ilk 6 ayında Almaniyadan sığınacaq istəyən Azərbayan vətəndaşlarının sayı 999 nəfər olub. 2018 -ci ildə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 2900 nəfər olub.

2017-ci ildə 3030 nəfər, 2016-ci ildə 4750 nəfər, 2015-ci ildə 1497 nəfər, 2014-cü ildə isə 1295 nəfər qaçqın statusu almaq üçün BAMF-a müraciət edib.