Çingiz Baxşiyev yenə məhkəməyə gəlmədi – prosesin uzanması kimə lazımdır?backend

Çingiz Baxşiyev yenə məhkəməyə gəlmədi – prosesin uzanması kimə lazımdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş nəqliyyat nazirinin keçmiş müşaviri Çingiz Baxşiyevin külli miqdarda – 800 min manatlıq qızıl-zinətini mənimsəməkdə ittiham edilən yaxın qohumu Rövşən Əhmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə mühakiməsi bu gün davam etdirilib. Keçən dəfə olduğu kimi yenə zərərçəkən özü prosesə gəlməyib.
Prosesdə zərərçəkənin kürəkəni Mübariz Ələkbərovun şahid ifadəsi dinlənilib. Yoxa çıxan qızıllardan 50 ədəd onluğun, 10 ədəd beşliyin ona məxsus olduğunu, hadisənin təfərrüatları ilə bağlı heç nə bilmədiyini deyən şahid bir neçə suala cavab verdikdən sonra zalı tərk edib.
İkinci şahid – təqsirləndirilən Rövşən Əhmədovun həyat yoldaşı Xanımqız Əhmədova isə çox geniş və ətraflı ifadə verib. O, Çingiz Baxşiyevlə Rövşən Əhmədovun “etibarlı” münasibətlərinin ən müxtəlif məqamlarından – hansı mülkü və qızıl-zinət əşyasını necə aldıqlarından, müxtəlif ölkələrin valyutaları ilə dolu “sakvoyaj”ları 2012-ci ildən 2014-cü ilədək evdə necə saxladıqlarından, həmin valyutalar arasındakı “yapon pulu”nun necə yoxa çıxıb, sonra tapılmasından, indiki məhkəmə baxışının predmeti olan hadisənin necə baş verməsindən və nəhayət, Baxşiyevin “narkotik ticarəti”indən danışıb.
Şahidin dediyindən belə aydın olub ki, Ç.Baxşiyevin tapşrıqlarının əksəriyyətini yerinə yetirən zaman – məsələn, hava limamından və yaxud çay fabrikinin yanından kimlərdənsə “ət satışına görə” külli miqdarda pulu alıb sahibinə çatdırarkən həyat yoldaşı onu da maşında özü ilə aparıbmış… İfadə bitdikdən sonra bu məqamla bağlı prokuror təqsirləndirilən Rövşən Əhmədova sual verib: “Sən indiyədək ifadələrində heç vaxt deməmisən axı Çingiz Baxşiyevin pulllarını almağa gedəndə həyat yoldaşım da maşında olub. Hətta Çingizə irad tutmusan ki, “məni belə təhlükəli işlərə niyə tək göndərirsən?” Təqsirləndirilən şəxsin bu suala cavabı belə olub: “Çünki Çingiz elə bilirdi mən tək gedirəm”. Şahid xanın isə belə hallarda heç vaxt həyat yoldaşının tək getməyə qoymadığını deyib.
X.Əhmədovan Baxşiyevlər ailəsindəki “daxili narazılıqlar” haqqında da danışıb, hətta deyib ki, bir dəfə Çingizin həyat yoldaşı Dostuxanımla qızı Fatimə arasında qızıl-zinət üstündə dava düşdüyünü, ananın öz qızını hansısa qızılları oğurlamaqda günahlandırdığını eşidib. R.Əhmədov deyirmiş ki, bu davanı yoluna qoymaq üçün Çingiz işdən təcili evə qayıtmalı olub.
Sərbəst ifadəsində X.Əhmədova sabiq dövlət məmurunun narkotik ticarəti ilə məşğul olduğunu da iddia edib. Bu iddianı irəli sürərkən həyat yoldaşından eşitdiklərinə istinad edən şahid narkotiki özünün görmədiyini bildirib. Onun sölərinə görə, Çingiz Rövşənə deyirmiş ki, Qırğızıstandan, İrandan satmaq üçün ət gətirəcək, milyonlar qazanacaq. Amma ətin pulunu alanda bu qənaətə gəlib ki, belə külli məbləğdə pulu ancaq narkotik satmaqla qazanmaq olar.
Başqa bir maraqlı iddia isə Çingiz Baxşiyevin də vaxtilə keçmiş MTN generalı Akif Çovdarova iri məbləğdə pul verməsi haqqında olub. Şahid bunu da həyat yoldaşından eşitdiyini deyib və dəmir barmaqılıqlar arasından R.Əhmədov da onun ifadəsini təsdiq edib. Onun dediyinə görə, Ç.Baxşiyev gecə vaxtı zəng edərək, ona pul gətirməsini tapşırıb. R.Əhmədov “bu vaxt necə gətirim” deyəndə Çingizin cavabı belə olub: “Elə bil ki, yanıram, tez gətir!” R.Əhmədov Çovdarova çatacaq iki milyona yaxın pulu çemodanda keçmiş müşavirin kürəkəni Mübarizə aparıb verib.
Yeri gəlmişkən, bir müddət əvvəl “musavat.com” internet portalında yerləşdirilmiş “8 il sonra Rail Rzayevin qətlinin şahidi ortaya çıxdı” başlıqlı məqalədə X.Əhmədovanın həyat yoldaşını həbsxanada “Ç.Baxşıyevin öz əlaqələri vasitəsilə zəhərlədib öldürəcəyini” iddia edərək, Milli Təhlükəsizlik Xidmətinə “hətta ölkə başçının müşaviri olan generalın zəhərlənməsi, general Rail Rzayevin öldürülməsi, ölkəyə hansı yollarla narkotiklərin daşınması haqda ifadə vermək istədiyi” bildirilirdi. Həmin ifadənin də məhz Ç.Baxşiyevlə bağlı olacağı istisna edilmirdi. Lakin Əhmədovların narkotiklə və digər cinayətkarlıq əməlləri ilə bağlı Baxşiyevə qarşı irəli sürdükləri ittihamlara hüquq-mühafizə orqanlarının reaksiya verib-vermədikləri barədə mediada hələ də heç bir açıqlama yoxdur.
Uzun müddətdir medianın diqqət mərkəzində olan prosesin isə ötən ilin sonunda “sıfırlanması”nın və bu il yenidən başlanmasının, indi də həftədən-həftəyə uzadılmasının, nəhayət, zərəçəkən ailənin özünün məhkəməyə etinasızlıq göstərməsinin arxasında hansı məqsədlərin olduğu anlaşılmlr. Çingiz Baxşiyevin vəkilinin bildirdiyinə görə, bu, zərəçəkmişin həyat yoldaşının cərrahiyyə əməliyyatı olunması ilə əlaqədardır. Hətta Baxşiyevin yaxın müddətlərdə prosesə qatılacağı da şübhə altındadır. Müxtəlif səbəblərlə məhkəməyə gəlməmək, ədalət mühakiməsinə hörmətlik göstərmək üstündə keçmiş məmura “gözün üstə qaşın var” deyən olacaqmı, görəsən? Bu günkü prosesdə vəkillərdən hansısa işin uzanmasına lüzum olmadığını bildirərəkən deyib ki, iki-üç şahid qalıb, onların da dindirilməsi və məhkəmə istintaqının yekunlaşması iki saatdan çox çəkməz… Bəs bu iş niyə uzanır?
Hər halda prosesin martın 15-də davam etdiriləcəyi elan olunub.
//moderator.az