İcra başçısının var-dövləti ilə bağlı prezidentə müraciət edildi — SİYAHI

22:56 | 20 Avqust, 2019

Ağdaş rayonunun bir qrup sakini prezident İlham Əliyevə müraciət edib.

Editor.az “Yeni Sabah”a istinadən daxil olan sakinlərin ərizəsində onlar icra başçısı Tofiq İbrahimovdan şikayət ediblər. Onlar başçının kəndlərdə torpaq sahələrini ələ keçirdiyini, örüş yerlərini zəbt olunduğunu bildiriblər.

Sakinlər iddia edir ki, İbrahimovun Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, həmin kənddə 10 hektar meyvə bağı, Şor Dəhnə kəndində 31 hektar meyvə bağı, Şəmsabad kəndində 200 hektar yonca sahəsi, Tofiqi kəndində 250 hektar arpa sahəsi, balıq gölləri, Mürsəl kəndində 200 hektar çəltik sahəsi, Türyançayın Ağdaş ərazindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası, rayonun Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı, rayon mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd böyük yük avtomobilləri, Ağdaş şəhərində 2 yerdə möhtəşəm villası, Bakı şəhərində 21 yerdə villa və mənzillər, Qəbələ rayonunda isə 3 villası, 1 şadlıq evi, 3 restoranı, 1 Yanacaq Doldurma Məntəqəsi, 2 İstirahət guşəsi, 100 hektar fındıq bağları, ən əsası isə övladlarının adına sənədləşdirilmiş Londonda mülkləri, Türkiyədə otel, villaları və mənzillərə sahibdir.

Sakinlər həmçinin su problemlərini də dilə gətirib. Onlar suvarma suyunun İcra başçısının şəxsi torpaqlarına verildiyindən digər sahələrin susuz qaldığından şikayətlənib.

Sonda ağdaşlılar prezidentə müraciət edərək Tofiq İbrahimovun əməllərinin araşdırılıb onun barəsində ciddi tədbir görülməsini xahiş ediblər.

Qeyd edək ki, şikayət ərizəsini Ağdaş rayonunun 14 sakini ünvanlayıb: 

1.Əliyev Fazil Sabir oğlu

2.Qarayev Vüqar Tələt oğlu

3.Bəxtiyarov Elşən Nemət oğlu

4.Quliyeva Bahar Nəsib qızı

5.Kamilov Böyükağa Bilal oğlu

6.Osmanova Gülna Kərəm qızı

7.Nəbiyev Solmaz Xəlil qızı

8.Babayeva Sevil Cümşüd qızı

9.Umudov Böyükxanım Məmməd qəzə

10.Əliyev Həsən Hüseyn oğlu

11.Adıgözəlov Nəriman Mirzə oğlu

12.İbrahimov Seyfi Tehran oğlu

13. Əliyev Yaqub Məlik oğlu

14.Musayev Mirsəfa Niyazı oğlu