Tələbələrin əbədi problemi YATAQXANA – Gənclər Bakı küçələrində əsir-yesir qalıb

00:43 | 21 Avqust, 2019

Kamran Əsədov: “Bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir”

Yeni dərs ilinə çox az müddət qalıb. Bu baxımdan həmişəki kimi tələbələrin mənzil problemi yenidən aktuallaşıb. Məlumdur ki, ali təhsil müəssisələrinə qəbul olunanlar arasında regionlarda yaşayan gənclərin sayı kifayət qədərdir. Rayonlardan gələn tələbələrin əksəriyyətinin kirayədə qalmağa maddi imkanı olmur.
Uzun illərdən bəri həllini tapmayan yataqxana problemi həm də universitetlərin reytinqinə təsir göstərir. Adətən dünya ölkələri üzrə ən reytinqli ali məktəblərin siyahısı hazırlanarkən diqqət edilən əsas məqam universitetdə yataqxana şəraitinin olub-olmamasıdır. Hər il gündəmə gətirilsə də, problem həllini tapmır. Maraqlıdır, yataqxanalar nə vaxta qədər tələblərin ağrılı yeri olaraq qalacaq?
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında bildirib ki, ali məktəbə qəbul olan tələbələrin problemi onların tələbə adı qazanması ilə bitmir. Əksinə yeni və daha ciddi problemlər yaranmağa başlayır ki, onların da başında kirayə evlər və yataqxana problemidir.
Ekspert söylədi ki, yeni tədris ilinə az müddət qalmasına baxmayaraq tələbələrinin əbədi problemi-yataqxanaların olmaması bu il də həllini tapa bilməyib:
“Baxmayaraq ki, tələbələrin qeyd olunan probleminin hər növbəti ildə aradan qaldırılması ilə bağlı rəsmi qrumlar məlumat verir. Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac hər il olduğu kimi cari ildə də qalır. Hesab edirəm ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır. Hansı ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir. Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verilir, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır”.
K.Əsədov vurğulayıb ki, təhsilin əlçatan olması yalnız bilik verməklə bitmir:
“Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi-köçkünlər yerləşdirilirdi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı. 
Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problem ola bilməz. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. 
Ümumiyyətlə, təhsilin əlçatan olması abuturiyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır. Düşünürəm ki, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır. Məsələn, torpaq sahələrini pulsuz verə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və ordan universitetlərə gəlir gələ bilər. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapa bilər”.