Ekspert “Azərsu”nun maxinasiyasını açdı: “Suyun böyük hissəsi kommersiya obyektlərinə “leviy” satılır”

18:31 | 21 Avqust, 2019

“İçməli su təchizatındakı korrupsiya elementlərindən daha biri haqda “Azərsu”dakı mənbəm mənə maraqlı bir fakt tədqim edib”. Bu sözləri Sherg.az-a açıqlamasında “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı deyib.
İqtisadçı bildirib ki, “Azərsu” ASC yaşıllaşdırma idarələrinə parkların və digər yaşıllıq sahələrinin suvarılması üçün su verir:
“Bura qədər normaldır və belə də olmalıdır. Normal olmayan isə odur ki, yaşıllıq üçün tələb olunan su həcmindən dəfələrlə artıq su buraya yönəldilir və o suyun da böyük hissəsi kommersiya obyektlərinə “leviy” satılır. Yəni əhalidən və yaşıllıqdan kəsilən min kubmetrlərlə su bəzi xalqdan utanmaz və qanundan qorxmaz “müəllimlər” tərəfindən bəzi sahibkarlıq obyektlərinə satılır və əldə olunan milyonlarla vəsait dövlət büdcəsinə getmək əvəzinə həmin “müəllimlərin” cibinə gedir.


Cənab Prezidentimizin və dövlətimizin əhalinin sosial problemlərinin həlli üçün böyük zəhmət çəkməsi və bu məqsədlə milyardlarla vəsait ayırması fonunda belə əməllər aşkar sabotajdan və açıq düşmənçilikdən başqa bir şey deyil. Ümidvaram müvafiq orqanlar bu məsələnin təhqiqatını aparacaq və lazımi tədbirlər görülməsini təmin edəcəklər. Hələlik əldə olunan milyonların tərəflər arasındakı bölüşdürmə nisbəti haqda dəqiq məlumatım yoxdur.  Mənbəm məsələ ilə bağlı əlavə informasiyalar verəcəyini bildirib. Əldə etdiyim hər hansı bir məlumatı dərhal ictimailəşdirəcəm”.