PALATA SABIQ NAZIRIN QARDAŞI QIZINI VƏZİFƏDƏN ÇIXARDI – “AtaBank”la bağlı yeni iddialar

22:55 | 4 Sentyabr, 2019

Bir zamanlar ölkənin aparıcı banklarından biri olan “AtaBank”-ın maliyyə durumunun yaxşı olmadığına dair məlumatlara tez-tez rast gəlinir. Bankın rəsmi maliyyə hesabatları da vəziyyətin idealdan çox-çox uzaq olmasından xəbər verir.

“AzPolitika.info”-ya banka yaxın mənbənin göndərdiyi məlumatda isə iddia olunur ki, bankın real durumunu hətta maliyyə hesabatlarında göstərilən rəqəmlər də tam ifadə etmir. Qeyd edilir ki, bankın likvidliyinin olduqca acınacaqlı vəziyyətdə olması ciddi problemlərə yol açıb: “Ötən ay yaranmış çətinliklərlə əlaqədar bankın H.Əliyev prospektində yerləşən “Xəzər” filialı bağlanıb. Eyni zamanda, likvidlik probleminə görə bank müştərilərin kəskin etirazları ilə qarşılaşıb.”

Mənbə iddia edir ki, problemlərdən Maliyyə Bazarlarına Nəzarət Palatası da xəbərdardır və bankla bağlı ciddi tədbirlər görülməyə başlayıb: “İlkin yoxlamalar nəticəsində müəyyən edilib ki, likvidliyi imkan vermədiyi halda, bank tərəfindən prudensial normativlər pozularaq, əhalidən həddindən artıq əmanət cəlb olunub. Bankın filiallarının hər biri 20-30, bəzi hallarda isə 50 milyon manatadək əmanət cəlb edib. Yoxlama zamanı o da müəyyən olunub ki, bank bu əmanətləri doğru iqtisadi münasibətlər çərçivəsində deyil, müxtəlif hədiyyələr verməklə, ən əsası o zaman qüvvədə olan sığortalanmış əmanət faizinə uyğun 15 faizədək yüksək faizlər təklif edərək qəbul edib. Bu isə kifayət qədər riskli addım hesab edilir və o deməkdir ki, bank iflas olacağı təqdirdə əhaliyə əmanətlərin qaytarılması dövlətin üzərinə düşəcək”.

mbnp-fimsa-maliyye-bazarlarina-nezaret-palatasi-0-copy-696x451
Hətta qeyd olunur ki, Palata artıq banka qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıb: “Bankın maliyyə vəziyyətinə uyğun olmayaraq əmanətlər cəlb etməklə böyük həcmdə öhdəlik altına girməsi və bununla da bank fəaliyyətinə dair tələbləri pozduğu üçün bankın əmanət qəbulu və kredit verməsinə Palata tərəfindən məhdudiyyətlər qoyulub.”

Ancaq hesab olunur ki, Palatanın bu addımı doğru olsa da, gecikib: “Çünki bankın öhdəliklərinin həddindən artıq çox olması, qeyri-işlək kredit portfelinə malik olması, həmçinin əməliyyatda zərərə uğraması fonunda yüksək faizlərlə əmanət cəlb etməsi adekvat addım deyil. Özü də bu əmanətlər sığortalı əmanət kimi cəlb edilib ki, gələcəkdə məsuliyyət dövlətin üzərində qalsın. Lakin o zaman Palata tərəfindən banka qarşı ciddi addımlar atılmadı və vəziyyətdən çıxış üçün şans verildi. Lakin bu, əksinə olaraq, daha çətin vəziyyətin yaranmasına səbəb oldu. Artıq Palataya müştərilər tərəfindən kifayət qədər şikayət xarakterli müraciətlərin daxil olduğu bildirilir.”

Mənbə onu da bildirir ki, bankın gerçək sahibi hesab olunan sabiq vergilər naziri Fazil Məmmədovun bir müddət öncə banka şəxsən gələrək səs-küylü qərarlar qəbul etməsi də heç bir işə yaramayıb: “Onun sədr əvəzi kimi təyin etdiyi Samir Qəhrəmanov bankdakı vəziyyəti görüb, bir neçə gündən sonra bankı tərk edərək, əvvəlki işinə qayıtdı. Mətbuata peşəkar kimi təqdim etdikləri, F.Məmmədovun Müşahidə Şurasına üzv təyin etdiyi 23 yaşı qardaşı qızı Xumar Əsədzadənin isə qanunla tələb olunan iş təcrübəsi olmadığı üçün Palata tərəfindən bu təyinata icazə verilməyib. Sabiq nazir onu da yeni vəzifəsindən çıxarmağa məcbur olub.” 

WhatsApp-Image-2019-07-18-at-14.54.30-696x658

Verilən məlumatda o da qeyd olunur ki, Fazil Məmmədov tərəfindən bacısı oğlu Dəyanət Quliyevin və müavini olmuş Etibar Babaşlının fəaliyyəti ciddi şəkildə yoxlanılır. Bur sözlə, mənbə bankın vəziyyətinin qeyri-müəyyən olaraq qaldığını və sağlamlaşdırılmağa ciddi ehtiyacının yarandığını iddia edir.
“AzPolitika.info” yazıda göztərilənlərlə bağlı “AtaBank”-ın da mövqeyini dərc etməyə hazırdır.