Səfir: “Azərbaycanla Aİ-nin yeni sazişin imzalanması üçün vaxt məhdudiyyəti yoxdur”

20:10 | 5 Sentyabr, 2019

“Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq barədə yeni saziş üzrə danışıqlar sürətlə davam edəcək”.

bunu Azərbaycanın Belçikadakı səfiri, Aİ-dəki daimi nümayəndə Fuad İsgəndərov deyib.

O bildirib ki, sentyabrın 10-u, 11-i və 12-də sazişin ticari və institusional aspektlərinə həsr olunmuş üç video-konfrans keçiriləcək:

“Hesab edirəm ki, bu, Azərbaycan tərəfinin danışıqlar prosesinə məqsədyönlü yanaşmasının göstəricisidir”.

Sazişin imzalanması müddətindən danışan səfir qeyd edib ki, danışıqların əvvəlindən tərəflərin vaxt məhdudiyyəti olmayıb:

“Bu, danışıqların əsas məqsədi deyildi. Azərbaycan tərəfi üçün fikir ondan ibarət idi ki, hərtərəfli, strateji yönümlü, hər iki tərəf üçün səmərəli saziş imzalansın. Azərbaycan ikitərəfli sazişin öz layihəsini Aİ-yə təqdim edən ilk ölkə olub. Biz danışıqlara başlayarkən Aİ çoxlu dəyişikliklər etdi. Beləliklə də, biz təkcə özümüzün deyil, eləcə də Aİ-nin təklifləri üzərində işlədik. Hazırda Aİ-nin üzvü olan Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübələrinə baxsaq, sazişlərin layihələrini həmişə Brüssel hazırlayıb. Biz ilk ölkə olmuşuq. Danışıqlarda bizim fərqli, amma zidd olmayan nüanslarımız olub”.

F.İsgəndərov bildirib ki, tərəflər qısa müddət ərzində, iki il sonra qarşılıqlı səmərəli formul tapa bilib:

“Fikrimcə, bu, ciddi nailiyyətdir. Biz vaxt azlığından narahat olmamışıq. Aİ danışıqları indiki Komissiyanın səlahiyyət müddətinin başa çatmasınadək bitirməyi təklif etmişdi. Bu müddətdə danışıqları bitirmək pis olmazdı, amma özü-özlüyündə bu, bizim məqsədimiz deyil. Aİ bəzi region ölkələri ilə sazişlər imzalayıb, amma Azərbaycanla bu cür saziş imzalanmayıb”.

//Trend