“İşə gələndə onu dinlədim, zövqümü oxşadı” — Prezidentin köməkçisi

14:37 | 10 Sentyabr, 2019

“Zənnimcə, “Nəsimi ili”nə gözəl töhfələrdən birini də “Youtube” kanalındakı hesabına yerləşdirdiyi son bəstəsi ilə soydaşımız, Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusif verdi. Onun “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası sosial şəbəkələrdə qısa zamanda populyarlaşdı və böyük rəğbətlə qarşılandı”.

Bu fikirləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” səhifəsində paylaşdığı “Nəsimi – 7 böyük ozandan biri” başlıqlı yazısında qeyd edib.

“Müntəzəm olaraq Azərbaycana gələn, ötən ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən Nəsimi- şeir, incəsənət və mənəviyyat festivalında iştirak etmiş Sami kimi məşhur, açıq konsertlərinə yüz minlərlə tamaşaçı toplanan bir sənətçinin klassik poeziyamızın pərəstişkarı olması, mənəvi dünyamızın incilərini yeni və peşəkar formada bütün dünyaya yayması, əlbəttə, təqdirə layiqdir. Onun xalq çalğı alətlərimizin müşayiəti ilə, milli, klassik və müasir musiqi elementlərini sintez edərək, xanəndə Təyyar Bayramovun, digər sənət adamlarımızın ifasından, bacarığından uğurla yararlanaraq hazırladığı parçanı internetin verdiyi imkanlar sayəsində işə gələrkən yolda dinlədim. Bir dinləyici kimi zövqümü oxşadı”, – deyə Əli Həsənov qeyd edib.