Paşinyan özünü yeni quyuya saldıbackend

Paşinyan özünü yeni quyuya saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan üçün ən çətin məsələ qərar qəbul etməkdir. Məsələ ondadır ki, demaqogiya, çərənçilik, boşboğazlıq və populizmi fəaliyyət prinsipinə çevirmiş adam üçün nəinki dürüst, ümumiyyətlə, qərar qəbul etmək müşkül işə çevrilib. Onun fikrincə, heç bir qərar maraqlı tərəflərin hamısını təmin edə bilməz.

Nikol Paşinyan üçünsə bu, siyasi ölüm təşvişidir.

Populist həmişə hamının xoşuna gəlməyə çalışır. Təbii ki, mümkün deyil və bu səbəbdən də Paşinyan operativ, ciddi qərar verməkdən qorxur.

Nikol Paşinyanın davranış modelinin digər xüsusiyyəti onun sürəkli olaraq, həmişə və hər yerdə məsuliyyətdən yayınmaq cəhdidir. Səbəb də eynidir. Ermənistanda ona qarşı nifrətin, kütləvi narazılığın artdığını anlayan və xüsusilə də əslən Dağlıq Qarabağdan olanların, “karabaxtsi”lərin hələ də çox güclü maliyyə, siyasi və inzibati resurslarının tam gücü ilə işə düşməsini istəməyən N.Paşinyan ehtiyatlı davranmağa çalışır.

Ermənistanın baş nazirində idarəetmə impotensiyası var. O, nə zaman hansı qərar verəcəyini dəqiq təsbit edə bilmir.

N.Paşinyanın acizliyi onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarında və hərəkətlərində tam aşkar göründü. Yayda Dağlıq Qarabağa yollanıb orada rəqs edən, tut arağı içən Paşinyan öz aləmində guya bu minvalla Azərbaycan rəhbərliyini, xalqımızı qıcıqlandırırdı. Yəni baxın, “Dağlıq Qarabağı və ətrafdakı bir neçə rayon işğalımızdadır, yaxşı edirik, kef çəkirik, sizə də gözdağı veririk”.

Sosial şəbəkələrdəki müxalifət trolları, xüsusilə də köpüklü “vətənpərvər”lərimiz belə bəyanatlardan və videokadrlardan “qeyz”ə gəldilər, sinirləndilər, günlərlə fasiləsiz yazdılar. Onlar Azərbaycan hakimiyyətini zəiflikdə və bacarıqsızlıqda suçladılar, Paşinyanı isə az qala “qəhrəman” elan etdilər.

Həmin trolların və siyasəti demaqogiya, isterik çağırışlar və suçlamalar qismində anlayanların yazdıqlarına görə, Nikol Paşinyan, sən demə, “qətiyyətli siyasətçi və dövlət adamı” imiş.

Halbuki Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsində, xüsusilə də münaqişənin indiki durumunda təlxəklik etməkdən, rəqsdən və araq içməkdən savayı imic gedişi seçimi yoxdur.

O, nə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın mövqelərinə təsir edə bilir, nə “aprel döyüşləri”ndə Ermənistanın fiaskoya tən məğlubiyyətini ermənilərə unutdura bilir, nə də eyni zamanda Rusiyanın və ABŞ-ın xoşuna gəlib işlərinə yaramağa yönəlmiş lakey taktikasında irəliləyir.

Nikol Paşinyan Dağlıq Qarabağda rəqs edirdisə, Azərbaycan ordusu düşmən mövqelərində ermənilərin təlaşdan “rəqs” etdirirdi.

Bilirsinizmi, “Solntsepyok” və ya “Uraqan”ın atəşi ilə tut arağı içmək bir müstəvidə deyillər, bərabər arqumentlər də sayılmır.

Paşinyan Xankəndidə rəqs edəndə ordumuz Dağlıq Qarabağın şimalında ermənilərin mövqelərini viran qoyurdu.

Paşinyan Şuşada tut arağı içdiyi dəqiqələrdə ordumuz şimal-qərb istiqamətində atəşkəsi pozan və snayperlərin atəşi ilə əsgərlərimizi vurmağa çalışan erməni səngərlərini reaktiv artilleriya vasitəsilə molekullara bölürdü.

İndi kim qətiyyətli, kim səbatlıdır – özünüz düşünün.

Paşinyansa sakitləşmədi və Ümumerməni oyunlarında sərsəmləyərək “Dağlıq Qarabağ əslində Ermənistan ərazisidir” söylədi.

Ermənistan müstəqillik qazanandan bəri həmin ölkənin heç bir rəhbəri belə absurd və eyni zamanda, ermənilər üçün olduqca təhlükəli açıqlama ilə çıxış etməmişdi.

Debilizmə yol verdiyini anlayan N.Paşinyan sonradan geri çəkildi və dedi ki, onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmaq səlahiyyəti yoxdur. Sən demə, “qərarı erməni xalqı verməlidir”.

İndisə Ermənistanın baş naziri Amulsar mədəni ilə bağlı qərar verə bilmir. Lakin şübhə doğurmur ki, azacıq çətinlik duyan kimi N.Paşinyan dərhal geri çəkiləcək, qərar vermək məsuliyyətini də həmişə olduğu kimi, “xalq”ın üzərinə atacaq.

Paşinyanın populizmi Dağlıq Qarabağ münaqişəsi zonası ilə yanaşı, Ermənistan küçələrində də ermənilərin axırına çıxır. Yol-hərəkət qaydalarını pozanlara qarşı tətbiq olunan cərimələr və cəzaların yüngülləşdirilməsindən sonra erməni siyasətindəki vəziyyət yollarda təkrarlanıb.

Yəni tam xaos və hərc-mərclikdir. Avtomobil sahiblərinin, sürücülərin xoşuna gəlməyə çalışan N.Paşinyan piyada ermənilərin həyatlarını riskə atıb.

Ermənistandakı yaşamın bütün sahələrində analoji vəziyyətdir.

Məntiqlə qanunlar populizmlə diletantizmə qurban verilir.

N.Paşinyan Facebook səhifəsindəki videomüraciətində bildirib ki, Cermukda, Arpaçayın sahilindəki Amulmar qızıl mədəninin istismarı “ətraf mühitə ziyan vurmayacaq”. Ermənistandakı ekoloq ekspertlər isə hesab edirlər ki, tam əksinə, Amulsa mədənindəki işlər bütün bölgənin ekologiyası üçün fəlakətlərə səbəb ola bilər.

Amulsar dağındakı mədəndə ən azı 31 milyon ton qızıl filizi və 70 tonadək qızıl olduğu güman olunur.

Son 10 ildə yataqda geoloji-kəşfiyyat işlərini “Lydian Armenia” (Britaniya-ABŞ) şirkəti aparıb. Elə həmin şirkət də 2016-cı ildə yatağı istismara hazırlamağa başlayıb. Yataqda qızıl mədəninin yaradılmasına indiyədək təqribən 400 milyon dollar investisiya qoyulub.

Məhz bu səbəbdən N.Paşinyan Amulsar layihəsini “Ermənistan tarixində ən böyük investisiya proqramı” adlandırır.

Durum isə qəlizdir.

Əgər yataqda işlərə icazə verilməsə, “Lydian Armenia” beynəlxalq arbitraj məhkəməsinə şikayətlənə bilər. Bu isə Ermənistanın 700 milyon dollar məbləğində cərimələnməsi ilə başa çata bilər.

N.Paşinyan çox çətin vəziyyətdədir.

Bir tərəfdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı durumda total uğursuzluq, digər tərəfdən də “iri investisiya layihəsi”nin dalana dirənməsi onun vəziyyətini ağırlaşdırıb.

Populst baş nazir indi çıxış yolu arayır.

//Milli.az