S-400 raketdən müdafiə sisteminin sonuncu partiyası Türkiyəyə çatıb

00:35 | 16 Sentyabr, 2019

Türkiyənin Müdafiə Nazirliyi Rusiyanın S-400 raketdən müdafiə sisteminin ikinci və sonuncu partiyasının bazar günü tamamlandığını və sistemlərin 2020-ci ilin aprel ayında aktivləşdiriləcəyini bildirib.

Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistemi alandan bəri Ankara ilə Vaşinqton arasında mübahisə davam edir. Belə ki, Birləşmiş Ştatlar bunun NATO-nun müdafiə qaydalarına uyğun gəlmədiyini və Qərb alyansının standard hərbi təyyarəsi Lockheed Martin istehsallı F-35 qırıcı təyyarəsinə hədə olduğunu deyir.

Birləşmiş Ştatların sanksiyalar qoyacağı ilə təhdidlərinə baxmayaraq, S-400 sisteminin ilkin hissələri Ankaraya iyul ayında təslim edilib. Türkiyə eləcə də ABŞ-ın onu F-35 proqramından uzaqlaşdıracağı barədəki xəbərdarlığına da məhəl qoymayıb.

Müdafiə Nazirliyi şərhində S-400 ikinci batareyasının Ankaraya çatdırılması prosesinin tamamlandığını, bundan sonra isə sistemlərin quraşdırılması və kadr hazırlığı üçün işlərin davam ediləcəyini, S-400-lərin 2020-ci ilin aprelində işə salınmasının planlaşdırıldığını bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü CNN Türk kanalına açıqlamasında Birləşmiş Ştatların xəbərdarlığına baxmayaraq, S-400-lərin aktivləşdiriləcəyini deyib.