Bakıda övladlıq olduğunu öyrənən yeniyetmə evdən qaçdı

13:31 | 16 Sentyabr, 2019
Bakının Sabunçu rayonunda xoşbəxt sonluqla bitən xoşagəlməz hadisə baş verib. Belə ki, 17 yaşlı Şahin Rəhimov avqustun 11-də sözügedən ərazidə itkin düşüb.
Editor.az xəbər verir ki, bu barədə Oxu.Az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.
Ş.Rəhimovun qəflətən itkin düşməsini Bakı Şəhər Prokurorluğunda araşdırmağa başlayıblar.
Avqustun 23-də şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb və itkin düşmüş şəxsin axtarışını təmin etmək üçün sənədlər rayon polis şöbəsinə təhvil verilib.
12-ci Polis Bölməsinin əməliyyatçıları axtarışlara başlayıb və sentyabrın 15-də itkin düşən şəxsi Sumqayıtda tapıblar. Xoşbəxtlikdən valideynlərin oğlunun qaçırılması ilə bağlı şübhələri təsdiqini tapmayıb. Məlum olub ki, Ş.Rəhimov anasına qəzəbləndiyi üçün evdən qaçıb.
Belə ki, qadın oğluna onun doğma övlad olmaması və övladlığa götürülməsi ilə bağlı sirri açıb. Bu etiraf gənci şoka salıb və buna görə o evdən qaçıb.