Naməlum xəstəlik səbəbilə Balakəndə karantin elan edilib? – Açıqlama

12:27 | 17 Sentyabr, 2019

Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, yayılan xəbərlər həqiqətə uyğun deyil:

“Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə verdiyi məlumata görə, adıçəkilən kəndlərdən tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb. Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da sözügedən kənd sakinləri tərəfindən hər hansı bir müraciət qeydə alınmayıb”.