Fərid Şahbazlı ATƏT-in İllik Toplantısında Azərbaycanda medianın vəziyyətindən danışıb

17:59 | 17 Sentyabr, 2019

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı öz işini davam etdirir. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.
Növbəti müzakirələr “İfadə azadlığı, azad media və informasiya” mövzusunda baş tutub. Müzakirələrdə çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı deyib ki, bütün digər ölkələr kimi Azərbaycan üçün də ölkədə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin fəaliyyəti üçün lazimi imkanları yaradılması məsələsi çox mühümdür.
F. Şahbazlı bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, internet medianın azad fəaliyyəti üçün geniş imkanlar yaradılıb. O qeyd edib ki, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayına görə, ölkəmiz MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır: “Azərbaycanda transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir problem yoxdur, eyni zamanda vətəndaşların sosial şəbəkələrdən sərbəst formada istifadə edir. Hazırda 10 milyon əhalisi olan Azərbaycanda sosial şəbəkə istifadəçilərin sayı 3 milyondan artıqdır”.

Fərid Şahbazlı toplantıda səslənən ittihamlara cavab olaraq bildirib ki, Azərbaycanda heç bir jurnalist yazısına görə, həbs edilməyib: “Burada adı hallanan şəxslər konkret fakt üzrə təqsirli bilinərək həbs olunublar. Zaman zaman ölkə Prezidenti humanizm prinsiplərinə əsaslanaraq, əfv fərmanları və amnistiya aktları ilə onları azadlığa buraxıb.
Bundan başqa ayrı-ayrı cinayət işləri ilə əlaqədar aparılan istintaqla bağlı olaraq ölkədən çıxışına məhdudiyyət qoyulan bir sıra jurnalistlərin araşdırmalar bitdikdən sonra bu məhdudiyyəti aradan qaldırılıb.

Bu baxımdan burada Azərbaycanın ünvanına səslənən ittihamları qərəzli hesab edir və ölkəmizə qarşı münasibətdə ədalətli yanaşma göstərilməsini xahiş edirəm”.

Qeyd edək ki, “İslahatçı Gənclər” İctimai Birliyinin İllik Toplantıda iştirakına Gənclər və İdman Nazirliyi dəstək verib.