“Bugünkü inkişafın təməlində “Əsrin müqaviləsi” durur”

00:49 | 19 Sentyabr, 2019

Nəsib Məhəməliyev: “Əgər həmin dövrdə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətdə olmasaydı neft kontraktlarının imzalanması bu şərtlərlə mümkün olmayacaqdı”

Azərbaycanın bu günkü sürətli inkişafının təməl daşı, bünövrəsi rolunu oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il keçir. 1994-cü il, sentyabr ayının 20-də ümummilli lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətinin nəticəsində imzalanan bu müqavilə müasir tariximizin qızıl həriflərlə yazılan hadisəsi idi. Çünki məhz “Əsrin müqaviləsi” elə həmin müqaviləyə bərabər olan Bakı-Tbilisi-Ceyhan kimi qlobal əhəmiyyətli bir layihənin reallaşmasına yol açdı. Regionda Azərbaycanın təşəbbüsü ilə yeni bir əməkdaşlıq formasının reallaşmasına gətirib çıxardı.

“Əsrin müqaviləsi” ilə eyni zamanda Azərbaycanda neft sektorunun inkişafını yeni bir mərhələyə qədəm qoydu. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin işə düşməsi nəticəsində neftdən gələn gəlirlərin sosial sahədə mövcud olan problemlərin həllinə yönəldilməsi Azərbaycanda sosial sahənin inkişafına da təkan verdi. Bir sözlə bu müqavilə ölkəmizin hərtərəfli inkişafını şərtləndirdi.

“Əsrin müqaviləsi”nin 25 illiyi ərəfəsində millət vəkili Nəsib Məhəməliyevlə görüşərək 25 il əvvəl imzalanmış həmin müqaviləyə nəzər saldıq, bu müqavilənin ölkəmiz üçün dividentləri, Azərbaycanın inkişafına verdiyi töhfələrdən danışdıq.

-Nəsib müəllim, “Əsrin müqaviləsi”nin imzalanmasının 25 ili tamam olur. Bu müqavilə Azərbaycana nə verdi?

– “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il keçir. Öncəliklə bu münasibətlə başda Cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqını təbrik edirəm. Müqavilənin Azərbaycana verdikləri, onun dividentlərini sadalamaq üçün saatlarla vaxt lazımdır. Çalışacağam ki, ümumiləşdirilmiş şəkildə , faktlarla fikirlərimi bildirim. “Əsrin müqaviləsi” ilk növbədə Azərbaycana güclü inkişaf etmiş iqtisadiyyat verdi, Bakı- Tbilisi- Ceyhan, Bakı- Supsa neft ixrac kəmərləri, Bakı- Tbilisi -Ərzurum qaz kəməri, Asiyanı Avropa ilə birləşdirən Bakı-Axalkalaki- Qars dəmir yolu xətti,Yeni Bakı Ələt dəniz limanı, regionların sosial iqtisadi inkişafı , eyni zamanda Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafını özündə əks etdirən çoxsaylı dövlət proqramlarını, minlərlə yeni məktəb binaları, uşaq bağçaları, xəstəxanalar, səhiyyə ocaqları, mədəniyyət ocaqları, on min kimometrlərlə magistral və kəndarası yollar, çoxsaylı infrastruktur layihələri, hava limanları, ən müasir silahlarla təchiz olunmuş güclü ordu və s. verdi. Eyni zamanda Azərbaycan xalqının sosial rifah halını yaxşılaşdıran bir çox layihələr icra olundu. Ümumiləşdirib desək bugünki, inkişaf etmiş güclü Azərbaycan verdi.

– Həmin dövrdə belə bir müqavilənin imzalanması nə dərəcədə asan idi və Heydər Əliyev olmasa müqavilənin bu formada imzalanması mümkün olardımı?

-Birmənalı şəkildə qeyd etmək istərdim ki, əgər həmin dövrdə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətdə olmasaydı neft kontraktlarının imzalanması bu şərtlərlə mümkün olmayacaqdı. İlk növbədə müqavilələrin imzalanması üçün hüquqi baryerlər mövcud idi.  Qərb şirkətləri, Xəzərin statusu müəyyənləşmədən böyük miqdarda sərmayə yatırmaq istəmirdilər və regionda maraqları olan ölkələr isə o şirkətlərin Azərbaycanda fəaliyyət göstərmələrinin qarşısının alınması istiqamətində real addımlar atırdılar. Hətta 1994- cü ilin avqust ayında respublikamızın Qərb bölgəsində yenidən müharibə başlanması təhlükəsi yaranmışdı. Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından ağır cinayətlərdə ittiham olunan məhbusların qaçırılması təşkil olunmuşdu. Hökumətin özündə belə hərbi müxalifət fəaliyyət göstərirdi və onlar hər cür təxribatlarla müqavilənin imzalanmasını əngəlləməyə çalışırdılar. Ancaq Ulu Öndərin qətiyyəti, prinsipiallığı, şəxsi nüfuzu sayəsində mövcud maneələr aradan qaldırıldı, müqavilələr imzalandı.

-“Əsrin müqaviləsi” ölkə iqtisadiyyatının inkişafına necə təsir göstərdi?

–“Əsrin müqaviləsi”nin nəticəsi olaraq ölkə iqtisadiyyatının bütün sahələri inkişaf etdi, iqtisadiyyatda diversifikasiya baş verdi, qeyri neft sektoru , aqrar sektor inkişaf etdi, həm ölkə daxilində , həm də xarici ölkələrdə gələcəyə hesablanmış investisiyalar qoyuldu, qızıl valyuta ehtiyatlarımız artdı və s.

– Azərbaycanın bu günkü inkişafının təməlində məhz bu müqavilənin mühüm rol oynadığını deyə bilərikmi?

-Əgər “Əsrin müqaviləsi” olmasaydı, bu günki, iqtisadiyyat da olmazdı. Həmçinin çoxsaylı transmilli layihələr, infrastruktur layihələri, sosial siyasət həyata keçirilə bilməzdi. Güclü ordu yaranmazdı. Azərbaycan kredit alan ölkədən, kredit verən ölkəyə çevrilməzdi. Dünya çapında belə inkişaf etmiş ölkə olmaz, idman , mədəni, siyasi, tədbirlərin keçirildiyi mərkəzə çevrilməzdi. Bu baxımdan, tam məsuliyyətlə demək olar ki, bugünki, inkişafın təməlində “Əsrin müqaviləsi” durur və xalqımız onun memarı Ulu öndər Heydər Əliyevi daim minnətdarlıqla xatırlayır.

-Bugünkü inkişafın təməlində həm də neftdən gələn gəlirlərdən səmərəli istifadə dayanır deyə bilərikmi?

-Təbii. Respublika prezidenti İlham Əliyevin uzaqgörənliklə təsdiq etdiyi dövlət proqramlarının icrası, apardığı islahatlar, quruculuq işləri, neft kapitalının insan kapitalına çevrilməsi, xalqın gələcək inkişafına hesablanmış addımlardır. Hesab edirəm, ümumiyyətlə neftdən gələn gəlir kifayət qədər səmərəli şəkildə istifadə olunur, ancaq təəssüflə də olsa bəzi sahələrdə, xüsusilə bank sektorunda müəyyən sui- istifadə hallarının olması da cəmiyyətdə narahatlıqla qarşılanıb. Onlar da korrupsiya ilə mübarizə çərçivəsində günahkarlar hüquqi qiymətlərini alıblar.