“Təəssüf ki, Şahbazla Dilqəmin səhhəti həddindən artıq kritikdir” – Səməd Seyidov

02:31 | 20 Sentyabr, 2019
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məlumat yayıb. Dövlət Komissiyası girovlarımızın erməni hərbçilərlə qarşılıqlı mübadilələrinə hazır olduqlarını məlumatda qeyd edib.
Dövlət Komissiyasından bildirilib ki, Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırılıb. Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib.
Artıq uzun müddətdir ki, erməni əsirliyində olan girovlarımızın azad edilməsi istiqamətində müəyyən danışıqlar aparılır. Buna baxmayaraq məsələ həllini tapmayıb. Hələ də düşmən əlində olan girovlarımız vətənə qaytarılmır. Bəs, Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbiçilərlə mübadiləsi mümkün ola bilərmi?
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov “Sherg.az”a açıqlamasında vurğulayıb ki, beynəlxalq təşkilatlar və Qızıl Xaç Komitəsi girovların dəyişdirilməsi prosesini həyata keçirə bilər:
“Girovlarla bağlı Avropa Şurasının son sessiyalarının birində geniş tədbir keçirdik. Hesab edirəm ki, bu tədbirin beynəlxalq əks-sədası çox ciddi və güclü oldu. Ermənilər girovlarlar bağlı məsələni gündəmdən çıxarmaq üçün çalışsalar da, bu, mümkün olmayacaq.
Dövlətimiz baş verənlərdə çox düzgün siyasət aparır. Beynəlxalq təşkilatlarla yanaşı diplomatlarımız da bu məsələni ikitərəfli görüşlərdə qaldırırdılar. Yəni, təşkilatlar və beynəlxalq qurumlar bilirlər ki, Ermənistandakı girovlarımız orada qeyri-qanuni şəkildə saxlanılır.
Hesab edirəm ki, ermənilər girovları nə qədər çox saxlayacaqlarsa, özlərinə bir o qədər çox problem yaradacaqlar. Təəssüf ki, Şahbazla Dilqəmin səhhəti həddindən artıq kritikdir. Siyasi nöqteyi nəzərdən ermənilər girovlarımızı qeyri-qanuni saxlayaraq özlərinə böyük problem yaradırlar”.