Bakıda qəzaya düşən avtobusda xəsarət almış 82 yaşlı kişi öldü

10:25 | 24 Sentyabr, 2019
Bakıda avtobus qəzası nəticəsində xəsarət alan sərnişin dünyasını dəyişib.
Editor.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində hərəkətdə olan 149 saylı marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan sərnişin, Lökbatan qəsəbə sakini, 1937-ci il təvəllüdlü Rəsulov Mürvət Sahibxan oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. M. Rəsulov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
Xatırladaq ki, sentyabrın 23-də Bakının Qaradağ rayonunda 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Hadisə nəticəsində Lökbatan qəsəbə sakini, 1937-ci il təvəllüdlü Rəsulov Mürvət Sahibxan oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.
Mövzunu Facebookda şərh et