Əli Kərimli Elçibəy və Tofiq Qasımovu necə düşmən etdi?

11:46 | 24 Sentyabr, 2019

CƏBHƏÇİ ADI DAŞIYAN TROLLAR

Əli Kərimlinin trol şəbəkəsi ifşa olunub. Rəhbərlik etdiyi qurumun Ali Məclisinin üzvü Rəşid Turabov adlı şəxsin trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səs yazısında maraqlı məqamlar aşkara çıxıb. O, bəzi dostlarını passivlikdə, “Əli bəyin səhifəsində görünməməkdə”, özünüzü “feminist” elan edib “dənizdə qızlarla pivə vurmaqda” suçlayır və əlavə edir ki, “çox gözəl, feministliyin öz yerində, amma bu sənə niyə Əli bəyin statusunun altına nəsə yazmağa mane olur?” Başqa bir dostunu Əli Kərimlinin statusuna dəstək verməklə qisas almağa çağırır, qisasçılığa səsləyir.  “Şüvəlan” adlı qrupdan Natiq, Tahir, Lütfi, Rəşad adlı şəxslərin görünmədiyini söyləyərək, onları “öz yüklərini” daşımağa səsləyir. Rəşid öz troll dostlarını məzəmmət edərək, “cəbhəçi” adına layiq olmamaqda günahlandırır, onlardan lap mafiya filmlərində olduğu kimi konkret mövqe tələb edir, işləməyi bacarmayanların başqaları, yeniləri ilə əvəz olunacağı ilə hədələyir və s.

Veilən məlumatlara görə, bu trollara Əli Kərimli şəxsən özü rəhbərlik edir. Köməkçiləri Məmməd İbrahim, İlham Hüseyn və Emil Səlimov adlı şəxslərdir. Onların da müavinləri var və Rəşid Turabov müavinlərdən biridir.  Trol şəbəkəsinin fəaliyyət strukturu da ABŞ Dövlət Departamentindən götürülüb… Bərəkallah!

Əli Kərimlinin əlinin altında bu cür öyrədilmiş adamlar, idarə etdiyi marionetlər həmişə, yəni internetin və sosial şəbəkələrin populyar olmadığı dövrlərdə də olub və “böyük kombinator” onları müxtəlif vasitələrlə özünə işləməyə məcbur edib. Bu adamlar əsas etibarilə onun ütülü danışığına sitayiş edən təcrübəsiz tələbələr, perspektivinə inanan siyasətbazlar, demokratlığına inanan Qərb aşiqləri, liberastlar, Rəşidin səs yazısında dediyi kimi, həyatın mənasını dənizdə qızlarla pivə içməkdə görən feminstlər, qohumları, özünün və həyat yoldaşının yerliləri, kəndçiləri üstünlük təşkil ediblər.

Əli Kərimlinin əsas silahı yalandır və qalan hər şey də bu yalanın içərisindədir: vəd olunan demokratiya da, xoşbəxt həyat da, vəzifə də, pul da. O hamını amansızcasına aldadır, amma tələyə yalnız təcrübəsiz tələbə gənclər, intellektdən məhrum, bərbəzəkli danışığa, bəlağətli yalan-palana inanan, xülyalarla yaşayan insanlar düşürlər. O, bədbəxt insanların zəif  yerlərinə toxunaraq, onları öz ətrafına toplayır və onlardan maksimum faydalanmağa çalışır. Ancaq o adamların çoxu bir müddətdən sonra məsələnin nə yerdə olduğunu anlayır və onu tərk edirlər. Ətrafındakı sürətli kontingent dəyişikliyi, “yenilənmə” də məhz bununla bağlıdır.

Mənim AXCP üzvü olduğum vaxt, yəni 2000-ci ilədək cəbhə üzvü olanlardan indi onun yanında heç kəs qalmayıb. O hamını uzaqlaşdırıb. Hamı onun yanından başını götürüb qaçıb. İndi onun ətrafında qalan adamlardan şəxsən mən heç kəsi tanımıram. Tanıdıqlarım sonradan gələnlər və sonradan haradansa üzə çıxanlardır. O daim təcrübəsiz tələbələrin, həyatda özünə yer tapma bilməyən ağılsız, qabiliyyətsiz adamların, Avropadakı “parlaq” həyata ağzının suyunu axıdanların, öz bacarıqsızlığını və fərsizliyini hakimiyyətin üzərinə atanların zəif damarını tutmağa çalışır və buna nail ola bilir. Bu işdə ona Qərbin müəyyən dairələrindən aldığı maliyyə vəsaiti və elə həmin dairələrin maliyyələşdirdiyi KİV-lər, nəhəng təbliğat maşını birbaşa və dolayısı ilə yaxından kömək edir.

Demək istədiyim odur ki, Əli Kərimlinin əlaltılar saxlaması, onların vasitəsilə kimlərisə “vurması”, gözdən salması, kimlərəsə böhtan atdırması, kimlərinsə əleyhinə təbliğat aparması, qəzetlərdə yazı yazdırması yeni məsələ olmadığından, saxladığı troll şəbəkəsinin ifşası da təəccüblü deyi, sadəcə fakt olaraq önəmlidir.

Əli Kərimlinin həmişə üzünə güldüyü, üzdə lider adlandırdığı Əbülfəz Elçibəyin əleyhinə qəzetlərdə yazılar yazdırdığı, bunun üçün xüsusi müxbirlər saxladığı Azərbaycandakı ictimai-siyasi proseslərdən az-çox xəbərdar olan hər kəsə məlumdur. Amma onun, tutaq ki, həm də Tofiq Qasımovun əleyhinə təbliğat apardığını, Elçibəylə onu üz-üzə qoyduğunu çoxları bilmir. O zaman Tofiq Qasımov AXC-də ən təmiz və dürüst adamlardan sayılırdı, böyük də hörməti vardı. Əli Kərimlinin onun əleyhinə danışdığını eşidəndə qulaqlarıma inanmadım. O zaman biz çox gənc idik, Tofiq Qasımov da bizdən xeyli yaşlı, ağsaqqal bir adam olaraq, bizim üçün örnək şəxslərdən idi. Doğrudur, cəbhə təbliğatının təsiri altında olduğumuzdan və gəncliyimiz səbəbindən onunla mərhum Heydər Əliyev arasında Milli Məclisdə gedən polemikaların mahiyyətini anlamaqda aciz idik, buna görə də onun “cəsarətini” yüksək qiymətləndirirdik. Amma bir gün Əli Kərimlidən eşidəndə ki, Tofiq Qasımov Kələkiyə gedib və mərhum Elçibəyə sən “AXC sədrliyindən istefa verməlisən, sədr mən olmalıyam” deyib, heyrətdən donub qaldıq. Bəy də qayıdıb ki, bacarırsansa, get ol. Və Əli Kərimli bu yerdə istehzayla gülürdü. İlk baxışda belə düşünmək olardı ki, o, Elçibəyi Tofiq Qasımovdan qoruyur. Amma görəndə ki, Elçibəyin də əleyhinə yazılar, məqalələr təşkil edərək, onu rüsvay etməyə çalışır, qalırdıq çaş-baş. Bütün bunları məndən cəmi ikicə yaş böyük olan gənc bir insan edirdi. Bu, çox qorxuluydu.

Biz onun iç üzünə yavaş-yavaş bələd olduq və dediyim kimi, hamı dağılışdı. Amma Əli Kərimli daim cəbhə adından, Elçibəy, milli-azadlıq mübarizəsi faktorundan, milli şüarlardan istifadə edərək, özünün zərrə qədər inanmadığı demokratiyadan dəm vuraraq, xaricdən aldığı qrantlar hesabına, Qərb təbliğatına arxalanaraq və bilavasitə Qərb KİV-lərinin dəstəyi ilə daim yeni kontingent cəlb edə və onları bir müddət, yəni yenilərini tovlayana qədər əlinin altında saxlaya bilir.

İfşa olunan yeni troll dəstəsi də həmin tələbə-gənclərdən bir qismidir. Səs yazısında da artıq onların bir çoxunun Əli Kərimliyə xidmətdən boyun qaçırmasından şikayət var və Rəşid Mahmudov onları yeniləriylə əvəzləyəcəyi ilə təhdid edir. Diqqət edək, məgər ideya adamı öz liderini qoyub, qızlarla dənizdə pivə içməyə gedərmi? Deməli, adamlar ya artıq Əli Kərimliyə, onun mübarizəsinə, perspektivinə inanmırlar, ya da muzdlarını ala bilmirlər.

Rəşid Mahmudov onları Əli Kərimlinin statuslarına rəy yazmağa, tənqidi rəy yazanların “cavabını verməyə”, fəal olmağa, qisas almağa səsləyir. Ancaq bu təlimat Əli Kərimlinin troll dostunun yalnız səs yazısına düşən qismidir. Sosial şəbəkələrdə cəbhəçi lideri istər onun postlarının altında, istərsə də özləri status yazaraq azacıq tənqid edənlərin hansı söyüş və təhqirlərlə qarşılaşdığı ölkədə hər kəsə bəllidir. Bu adamlar nəinki onları tənqid edənləri, hətta Kərimlinin opponentləri haqqında müsbət nəsə yazanları da təhqir edirlər. Hətta söhbət siyasətdən getməyəndə də, bir də görürsən bir cəbhəçi troll çıxıb, başlayır söyüş və təhqir yağdırmağa. Nə var, nə var haşansa Əli Kərimli haqqında ikicə kəlmə tənqid yazmısan.

Əli Kərimlinin onlara birbaşa təlimat verməsi haqqında hələ ki fakt olmasa da, çıxışlarında onları həvəsləndirdiyi açıq-aydın görünür. O öz trollarını heç vaxt söyüş və təhqirdən istifadə etməməyə, mədəni, korrekt olmağa, arqumentlərlə, faktlarla danışmağa dəvət etmir. Yaxın ətrafı vasitəsilə gizlində təlimatlandırdığına isə şübhə ol bilməz, necə ki, vaxtilə Elçibəyin, Tofiq Qasımovun əleyhinə danışır, yönləndirirdi…

P. S. Əli Kərimlinin troll üsullarına hələ İnternetin və sosial şəbəkələrin populyar olmadığı dövlərdə də çox şahid olmuşam. Onlardan birini yeri gəldi deyə 19 ildən sonra ilk dəfə yazıram. 2000-ci ildə AXCP-dən istefa verdikdən bir müddət sonra iki dostumla (onlar həm də həmyerlilərim idi) bir kafeinin qarşısındakı açıq məkanda yemək yeyirdik. Birdən Əli Kərimlinin həmyerlimiz olan cangüdəni maşınla gəldi. O, cavan və cüssəli bir oğlan idi. Adını yazmaq istəmirəm. Həm də AXCP rayon şöbəsi sədrinin qardaşı idi. Salam verdi. Dostlarım onu yeməyə dəvət etdilər, amma gəlib oturmadı. Onlardan birini “səni bir dəqiqə olar” deyə çağırdı. O qalxıb getdi və 5 dəqiqədən sonra qayıdıb yerində oturdu. Mən təbii ki, ondan heç nə soruşmadım. Ancaq az sonra özü dedi: “Bilirsən, o mənə nə dedi?” “Mənə maraqlı deyil” – cavab verdim. “Amma mən istəyirəm ki, biləsən, – dostum cavab verdi. – Dedi ki, yanınızda oturan adam xəyanətkardır, onunla niyə çörək yeyirsiniz?” Gülümsəyib, cavab verdim ki, qalxıb gedə bilərsiniz. Dostum qayıtdı ki, biz səni də yaxşı tanıyırıq, onları da. Sadəcə, dedim ki, sənin haqqında hansı söhbətlər getdiyini biləsən.

Cangüdənin dediyi söz, əlbəttə, Əli Kərimlinin mövqeyi idi. Mən onun üsullarını bilirəm axı. Necə Tofiq Qasımov haqqında mənim yanımda danışmışdı, eləcə də mənim ardımca başqa gənclərin yanında öz mövqeyini açıqlayıb. O cavan, idmanla məşğul olan, ömründə kitab üzün açmayan, maaşını social təminat nazirliyində işləyən yeznəsindən alan, ədəbi dildə danışmayan oğlanın leksikonunda “xəyanətkar” sözü ola bilməzdi. O uzaq başı “satqın” deyərdi və bir az düşüncəsi olsaydı, bu sözün daha çox özünə, böyük qardaşına, sifarişlə canını qoruduğu adama yaraşdığını anlayardı…