Hüquqşünas vəsiqəsini girov qoyan deputatın sələmə pul götürməsindən danışdı – Rəfael Cəbrayılovu nə gözləyir?

12:49 | 25 Sentyabr, 2019

Ötən həftədən sosial şəbəkələrdə  Rafael Cəbrayılovla bağlı müzakirələr səngimir.

 

Məsələnin mahiyyəti belədir ki, Rəfael Cəbrayılov  deputat vəsiqəsini girov qoyub və 300 min dollar borc götürüb. Həmin pulu da illərdir qaytarmır. Məsələ böyüyüb, sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Deputatın yalvarma, inadkarlıq göstərməsi əks olunan videosu da yayılıb. Hansında ki, o, “yıxıldığını, pulu hissə-hissə qaytaracağını” vəd edir.

 

Rəfael Cəbrayılovun adı bu qalmaqala qədər tikinti şirkətinin vətəndaşları aldatması, sələmçilik və s. hadisələrdə hallanıb. O, vətəndaş Təranə Fətəliyevadan 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları sələmə pul götürüb. Deputatla vətəndaş arasında borc müqaviləsi bağlanıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. Borcverən tərəfdə isə onun 3-cü və 4-cü çağırış Milli Məclisin deputatının vəsiqəsi girov qalıb.

 

Hələlik Milli Məclisin İntizam Komissiyası Rəfael Cəbrayılovun vəsiqəni girov qoymaqla 300 min dollar alması məsələsinə münasibət bildirməyib. Ümumiyyətlə isə Rəfael Cəbrayılovla yanaşı, onun yaxınlarının da adi tez-tez mətbuatda pul alıb verməyən tərəf kimi çəkilir. Bundan az əvvəl də Bakı sakini, həkim-stomatoloq Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadıldığını bildirmişdilər. Deputatla qardaşının “Dərhal” MMC firması bir neçə vətəndaşı aldadıb, indiyə qədər iş məhkəmələrdədir.

 

Mətbuatda yazılanlardan aydın olur ki, Mirəhməd Abbasov Rəfael Cəbrayılovla tələbə yoldaşlığından istifadə edərək sonuncunun qardaşı Elşən Cəbrayılovla əlbir olaraq digər tələbə yoldaşları, hazırda “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi də eyni qaydada aldadaraq 165 min manat pullarını mənimsəyib. Ona aid olduğu söylənən tikinti şirkəti ilə Rusiyanın “Nikoil Bank”ı arasında da məhkəmə çəkişməsi olub. Bank Rəfael Cəbrayılovun və qardaşlarının 1,1 milyon dollar borclarını ödəmədiyini əsas göstərək məhkəməyə müraciət etmişdi.

 

Mandatını borca görə girov qoyan deputatın elə bugünlərdə dəyəri milyonlarla manat olan villası “Yeni Sabah” tərəfindən yayılıb. Malikanə Məmməd Araz küçəsində, “milyonçular məhəlləsi” kimi tanınan ərazidə yerləşir. Rafael Cəbrayılovla bağlı başqa maraqlı fakt da var. O, deputat olsa da, adı seçici siyahısında yoxdur.

 

Rəfael Cəbrayılovun MTN şefi Eldar Mahmudovla əlaqələrinin olmasından və hətta şəxsi avtomobilinə məxsus 009 nömrəsinin də onun tərəfindən hədiyyə verilməsi bildirilirdi. Mətbuat səhifələrində onun erməni qohumlarının olması iddiaları da səslənib.

 

Rəfael Cəbrayılovun növbəti dəfə parlamentdə olub-olmayacağı kimi müzakirələr də səngimək bilmir. Ona növbəti dəfə mandat verilməyəcəyi ehtimalları ilə yanaşı, yenidən “stavka” olunacağı da istisna edilmir. Parlamentdə onun kimi deputatların az olmadığı diqqətə çatdırılır.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Rəfael Cəbrayılovun deputat vəsiqəsini girov qoymaqla 300 min dollar götürməsinə münasibət bildərən hüquqşünas Əkrəm Həsənov bildirib ki, burada qanunsuzluqdan söhbət gedə bilməz: “O baxımdan ki, nəinki deputat vəsiqəsi, ümumiyyətlə, heç bir vəsiqə girov qoyula bilməz. Rəfael Cəbrayılova 300 min dolları deputat vəsiqəsini girov almaqla verən sələmçi daha çox həmin vəsiqə vasitəsilə pulunu geri alacağını hesablayıb. Yəni deputat pulu verməyəndə sələmçi deputat vəsiqəsini ortaya çıxarır və Rəfael Cəbrayılovdan pulunu geri istəyir. Rəfael Cəbrayılov da deyə bilmir ki, mən ondan pul almamışam. Ortaya sual çıxacaq ki, bəs sənin deputat vəsiqən sələmçidə nə gəzir? İş üzrə məhkəməyə müraciət olunsa, məhkəmə heç bir halda deputat vəsiqəsini girov hesab etməyəcək. Məsələnin daha çox mənəvi tərəfi var. Deputat vəsiqəsini girov qoyubsa, bu biabırçılıqdır. Sələmçilərdən hər cür hərəkət, şantaj gözləmək olar. Hər bir halda deputatın borcu niyə məhz sələmçidən götürdüyü də anlaşılmır. Çünki deputatın imkanı var ki, banklardan kredit alsın. Sələmçilərin faiz dərəcəsi bankların faiz dərəcəsindən qat-qat artıqdır. Sələmçilərə o şəxslər müraciət edir ki, onların adları banklarda ”qara siyahı”lardadır. Yəni banklardan pul alıb qaytarmayıblar. Sələmçilərin faizləri bəzən 200-250 faizə çıxır. Rəfael Cəbrayılovun sələmçilərə üz tutmasının səbəbi də araşdırılmalıdır”.

 

Hüquqşünas deyir ki, sələmçilər adi vəsiqə ilə kimsəyə pul verməzlər: “Deputat vəsiqəsinin girov qoyulması ajiotajını hesablayaraq Rafael Cəbrayılova sələmə pul verildiyini güman edirəm. Sələmçi fikirləşib ki, deputat ən azı, vəsiqəsinə görə pulu qaytarar. Əslində isə alınan pul girovsuz kreditdir. Bu kreditin heç bir təminatı yoxdur. Məsələn, mən bir teleaparıcı tanıyıram, o da qatı sələmçidir. O da sələmi girovsuz-filansız tanınan şəxslərə verir. Belə hallarda ümid pulu alan şəxsin adının ləkələnməməsi üçün pulu qaytaracağınadır. Əks halda, onu biabır edərlər. Halbuki cəmiyyət həmin sələm verən şəxsləri yaxşı insanlar kimi tanıyır. Onların bir şantajçı olduqlarını bilmir. Rəfael Cəbrayılova sələmə pul verilərkən də ümid bu olub ki, o, adına, adının ləkələnməməsinə görə pulu qaytaracaq”.

 

Hüquqşünas deyir ki, sələmə pul vermək qanunla qadağan deyil. Amma həmin fəaliyyətə görə vergi ödəməmək cinayətdir: “Bax, elə həmin o məşhur teleaparıcı da vergi ödəmir. Sələmə pul verir, pul qazanır, amma dövlətin vergisini ödəmir. Azərbaycanda sələmçilər kütləvi şəkildə vergidən yayınırlar. Bu isə cinayətdir. Sələmə pul götürmək isə cinayət deyil. Rəfael Cəbrayılovun əməlində qanun pozuntusu yoxdur. Amma inanmıram ki, növbəti parlament seçkilərində onun namizədliyi qeydə alınsın”.(musavat.com)