Həmidrza Əzizi: Azərbaycanla münasibətlər İran üçün daha da vacib olub

11:52 | 26 Sentyabr, 2019

Hazırda Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında çıxış edən İran Prezidenti Həsən Ruhani deyib ki, Tehran Vaşinqtonla yalnız sanksiyaların ləğv edilməsindən sonra danışıqlara hazır olacaq (“RİA Novosti”dən sitat). Son 10 ildə ölkənin Qərbin təzyiqlərinə öyrəşməsinə baxmayaraq, İran İslam Respublikası asan dövrlərini yaşamır. 

Tanınmış iranlı analitik, Şəhid Bəxeşti adına Tehran Universitetinin əməkdaşı Həmidrza Əzizi Media.az-a müsahibəsində bəyan edib ki, İran üçün Azərbaycanla dostluq çox vacibdir.

“ABŞ Prezidenti Donald Tramp tərəfindən İrana qarşı sanksiyaların təkrar tətbiqindən sonra faktiki olaraq, İran əsas prioritet kimi qonşuları ilə münasibətləri seçib və Azərbaycan bu siyasətin əsas hissəsi hesab olunur.

Əslində, düşünürəm ki, ABŞ-ın təzyiqi nəinki İran və Azərbaycan arasında münasibətlərin inkişafına təsir etməyib, hətta Bakı və Tehran arasındakı əlaqələr İran üçün daha vacib olub”, – müsahibimiz qeyd edib.

H.Əzizi əlavə edib ki, bu, həm iqtisadi, həm təhlükəsizlik baxımından çox vacibdir:

“İqtisadi aspektlərə gəlincə, İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasına nail olmağa çalışır. Bu, İrana sanksiyalar şəraitində dünya ölkələri ilə iqtisadi fəaliyyətdə alternativ marşrut tapmaq imkanı yaradacaq.

Təhlükəsizlik məsələlərində İran ABŞ-ın sərhədi yaxınlığında, xüsusən də Xəzər dənizində iştirakından narahat olub. İranın da, Azərbaycanın da imzaladığı Xəzər konvensiyası İranın bu məsələdə narahatlığının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb ola bilər”, – iranlı analitik bildirib.

– Əgər sizi düzgün başa düşdümsə, düşünürsünüz ki, Azərbaycan və İran arasındakı birgə lahiyələr (xüsusilə “Şimal-Cənub” beynəlxal nəqliyyat dəhlizi) reallaşdırılacaq?

– Mən bu layihələrin reallaşmasında İran və Azərbaycan tərəfindən ciddi siyasi iradə görürəm. Əlbəttə, xüsusilə söhbət “Şimal-Cənub” layihəsindən gedirsə, maliyyə resursları ilə bağlı bəzi problemlər yarana bilər. Hesab edirəm ki, baryerlər ləngimələrə səbəb ola bilər, ancaq onlar reallaşdırmanı dayandıra bilməz.

– Fikrinizcə, regionda ABŞ-la müharibə təhlükəsi nə dərəcədə artıb və bundan qaçmaq mümkün olacaqmı?

– Düşünürəm ki, nə ABŞ, nə də İran müharibəyə qatılmaq istəyir, çünki hər iki ölkə bunun nəyə gətirəcəyini başa düşür. Əlbəttə ki, son vaxtlar gərginlik artıb, ancaq müharibədən hələ də diplomatiyanın köməyi ilə qaçmaq mümkündür.

İran bəyan edib ki, ABŞ sanksiyaları ləğv etsə, vəziyyət normallaşa bilər. Eyni zamanda, Tehran bildirib ki, istənilən aqressiyadan qorunmağa hazırdır. Diplomatiya üçün pəncərə hələ də açıqdır, məhz diplomatlar gərginliyin aradan qaldırılmasına kömək edə bilər.

Mövzunu Facebookda şərh et