“Şübhələr var deyə…” – Danışılmış oyunları araşdıranlar kim üçün Bakıya gəlib?

13:22 | 27 Sentyabr, 2019

Xəbər verdiyimiz kimi, son iki gündə UEFA-nın nümayəndələri AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirib. Görüşdə FİFA nümayəndəsi Stefanie Eichenberger,  UEFA nümayəndəsi Massimilano Michenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak ediblər. 

Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Hakimlər Komitəsinin, PFL-in əməkdaşları, hakimlər, hüquq-mühafizə orqanlarının, Premyer Liqa və Birinci Divizionda çıxış edən klubların nümayəndələrinin də qatıldığı görüşdə qonaqlar xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıblar. FİFA və UEFA nümayəndələri müvafiq olaraq FİFA-nın və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.

Bəs görəsən, onlar hansı klubla, yaxud şəxslə bağlı araşdırma aparmaq üçün Bakıya təşrif buyurublar? Yoxsa səfərin məqsədi başqadır? Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan F. Abdulla bu sözləri deyib:

“Futbolla bağlı olan müxtəlif qrumların nümayəndələri bu görüşdə iştirak edirdilər. Görüş ümumilikdə maarifləndirici məqsəd daşıyırdı. Yəni, danışılmış oyunların fəsadları, heç bir halda buna yol verilməməsi kimi mövzularda müzakirə aparıldı”.

F.Abdulla görüşün konkret hansısa klubla bağlı təşkil olunmadığını bildirib:

“Onların gəlişinin konkret səbəbi yox idi. Mən gördüm ki, bəzi mətbu orqanları da vəziyyət pisdir deyə istiqamət verməyə çalışır. Əslində isə belə deyil. Hətta ötən illərlə müqayisədə danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatların faizində də eniş müşahidə olunur. Bu sahədə vəziyyət yaxşılaşmağa doğru gedir. Yenə də qeyd edim, səfərin məqsədi maarifləndirici xarakter daşıyırdı. Hansısa klubun oyunları ilə bağlı şübhəli məqamlar var deyə təşkil olunmuş səfər deyildi”.

Maraq üçün qeyd edək ki, Azərbaycan futbolunda danışılmış oyunlara tez-tez rast gəlinib. Elə cari ilin aprelində də Region Liqasında “Füzuli” “FC Baku” danışılmış oyunlara görə, mövsümün sonuna qədər Region Liqasından kənarlaşdırılmışdı. 2017-ci ilin dekabrında “Keşlə”nin keçmiş futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidov da oyun alqı-satqısında günahkar bilinərək AFFA tərəfindən onlara ömürlük futbolla bağlı hər hansı bir işlə məşğul olmaq qadağan edilmişdi. Eyni zamanda 2016-cı ildə 1-ci divizionda 4 klubun 9 üzvü danışılmış oyunlara görə, mövsüm sonuna qədər futboldan kənarlaşdırılmışdı: Şahdağ” (Qusar) İqrar Səmədov Uce Cukenyere “Rəvan” (Bakı) Elvin Əliyev Cəmşid Məhərrəmov “Göyəzən” (Qazax) Arzuman Vəliyev Tunar Şahtaxtinski “Energetik” (Mingəçevir) Elvin Əlizadə Kamran Lalayev Ruslan Həmidov. Elə həmin ildə “Şərurspor” və “Rəvan” 1-ci diviziondan kənarlaşdırılmış, “Bakılı” və digər klublara xəbərdarlıq olunmuşdu.

 

 

Mövzunu Facebookda şərh et