Prezidentin köməkçisi: “Vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb”

11:34 | 4 Oktyabr, 2019

Aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyevin Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 2018-ci ilin fevral ayında imzaladığı sərəncam vacib addımların bariz nümunəsidir:

“Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təchizatının əhəmiyyəti xüsusi qeyd olunub. Həmin sənəddə bu təsisatın təkmilləşdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri ölkənin regionlarında vəkillik qurumlarının fəaliyyətinin genişləndirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə aztəminatlı şəxslət üçün hüquqi xidmətlərin əlçatanlığının artırılmasıdır. Sərəncama əsasən aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb. Eyni zamanda sərəncamda Vəkilllər Kollegiyasına bir sıra tövsiyələr verilib, xüsusilə gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi yolu ilə ölkədə vəkillərin sayının artırılması tövsiyə olunub. Kollegiya rəhbərliyinin bu istiqamətdə məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə vəkillərin sayı demək olar ki, iki dəfə artıb və bu proses davam edir”.