Deputatdan mühacirlərə sərt İTTİHAM: “Arvad paltarında ölkədən qaçanlar…”

03:13 | 5 Oktyabr, 2019

Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov Avropa Liqasının Lüksemburqda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununda törədilən erməni təxribatına sərt reaksiya sərgiləyib.

Siyavuş Novruzov “Qafqazinfo”ya bildirib ki, “Düdelanj”ın meydançasında 4 qol vurmaq elə həmin təxribata cavab idi.

“Ümumiyyətlə, ermənilər təxribat törətməklə idmanı da siyasiləşdirməyə can atırlar. “Eurovision” müsabiqəsində də belə təxribat var idi. Təqdimatı həyata keçirən diktorun əlindəki emblemin arxasında Ağrı dağın şəkli var idi. Halbuki Ağrı dağı Türkiyənin ərazisindədir. Dədə- babadan da türkün olub və türkün də olacaqdır.

Dünən baş verənlər də elə hər şey üst-üstə düşdü. Azərbaycan prezidenti ötən gün Soçidə çıxışında “Qarabağ Azərbaycandır” deyərək, məsələyə nida vurdu. Dağlıq Qarabağ əzəli və əbədi olaraq Azərbaycanın torpağıdır. Bu bir daha onu göstərir ki, Azərbaycanın Ali Baş Komandanı, hər bir əsgəri, idmançısı və vətəndaşı bu məsələdə heç bir güzəştə gedə bilməz. Ermənilər bu məsələni uzatmaqla çalışırdı ki, insanların yadından çıxarsın və buna sonradan hüquqi don da geyindirdilər. Lakin yeni yetişən gənc nəsil, bütövlükdə Azərbaycan xalqı gün- gündən Qarabağa daha da yaxınlaşır. İstər aprel döyüşləri, istərsə də ATƏT-in həmsədrlərindən biri olan bir ölkənin ərazisində ölkə başçısının dünənki etdiyi çıxış, istərsə də Azərbaycan futbolçuları Avropanın mərkəzində buna birdəfəlik nöqtə qoydular.

Bu təxribatı törədənlər stadionda kimlərsə tərəfindən idarə olunurdu. Orada stadiondan kimsə var idi ki, kənardan onlara birbaşa istiqamət verirdi. Yəni, təxribat stadionun özündə qurulmuşdu. Meydança sahibləri, hakim, Lüksemburqun idman naziri futbolçularımızdan üzr istədi. Ancaq bu əsas deyil. Birbaşa Lüksemburq dövləti Azərbaycan xalqından üzr istəməlidir. Ona görə ki, bu cür oyunları təşkil edə bilmirlər.

Fikir verirsinizsə, nə üçün beynəlxalq tədbirləri, yarışları Azərbaycanda keçirirlər?! Biz hətta ermənilərin beynəlxalq yarışlarda Azərbaycana gəlməsinə və onların təhlükəsizliyinin qorunmasına tam şəkildə zəmanət vermişik. Onlar müxtəlif yarışlarda da gəlib Bakıda iştirak ediblər. Çünki Azərbaycan bütün bu məsələlərin məsuliyyətini dərk edir. Dərk etdiyinə görə də, həm təhlükəsizlik, həm də hər hansı təxribat baxımından hər bir məsələni ölçüb-biçir. Ona görə də bütün beynəlxalq forumlar, dövlət başçılarının görüşləri, beynəlxalq idman, musiqi yarışlarını təşkilatçılar həmişə Azərbaycana böyük məmnuniyyətlə salırlar.

Avropa Liqasının final oyunu Bakıda keçirildi. 70 min azarkeşin toplandığı stadionda heç bir təxribat baş vermədi. Halbuki qabaqcadan deyirdilər ki, hansısa təxribatlar ola bilər.

Lakin Avropanın mərkəzində belə bir tədbirin keçirilən zaman bu baş verdi. O dronun yerinə hər hansı terror aktı da baş verə bilərdi. Deməli, bunların təhlükəsizlik orqanlarının işi bundan ibarətdir. Ya onlar işləmirlər, yerində deyillər, ya da ki təxribat törədənlərlə birbaşa əlbirdilər. Bunun başqa adı yoxdur.

Bu gün adını azərbaycanlı qoyub mühacir həyatı yaşayan, antiazərbaycan əleyhinə iş aparan vətən xainləri, Dağlıq Qarabağla və dünənki oyunla bağlı bir kəlimə də olsun ermənilərə qarşı münasibətlərini bildirməyiblər. Bir də görürsən ki, kimlərsə Azərbaycan səfirliyi qarşısında piket keçirir. Müxtəlif təhqiramiz ifadələr işlədirlər. Buradan arvad paltarında Azərbaycandan qaçan, yalandan özünü siyasi mühacir elan edən insanlar bir daha onu göstərdi ki, erməni lobbisinin hesabına antiazərbaycan fəaliyyəti göstərirlər. Çünki dünənki hadisə nümunədir. İndiyə kimi biri də səsini çıxarmayıb. Lüksemburqa yaxın yerlərdə yaşayanlar var. Niderlandda qalanlar var. 1 saatlıq yoldur ora getmək. Toplaşıb Lüksemburqda aksiya keçirə bilərlər. Ancaq biz bunu görmürük. Qoy Azərbaycan xalqı da görsün ki, onlar nəyə xidmət edirlər. Onlar vətən xainləridir”.