“Quli”nin rəqibi türk mafiyasının lideri ilə görüşdü – Nadir Səlifovu bitirmək planı

13:15 | 9 Oktyabr, 2019

Azərbaycanlı qanuni oğru Nadir Səlifov (“Quli”) Türkiyədən Qətər Əmirliyinə köçüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Məlumatda iddia olunur ki, Nadir Səlifovun Türkiyədən köçməsi rəqiblərinin onu aradan götürmək planları ilə bağlıdır. Lakin bu iddia bir qədər inandırıcı görünmür. Çünki Nadir Səlifov Türkiyədə daha sərbəstdir, digər tərəfdən “oğru dünyası”ndan onun tərəfdarları daha çoxdur.

Nadir Səlifovun Zaxari Kalaşov (“Şakro Molodoy”) və Badri Koquaşvili (“Badri Kutaisi”) kimi nüfuzlu “oğru”larla konflikti olsa da, Aslan Usoyandan (“Ded Xasan”) sonra kriminal dünyanın xaç atası hesab edilən Tariel Onianinin (“Taro”) klanına daxil olan Merab Canqveladze (“Merab Suxumski”) və onun ətrafı azərbaycanlı “qanuni oğru”nu dəstəkləyir.

Digər tərəfdən Nadir Səlifovun Türkiyənin yeraltı dünyasının nüfuzlu simaları ilə də dostluğu var. Həbsdən çıxandan sonra türk mafiyasının ən öndə gedənlərindən biri olduğu deyilən Sedat Pekerin onu ziyarətə gəlməsi deyilənlərin təsdiqi sayıla bilər.

Bu arada məlumat yayılıb ki, Nadir Səlifovun Qətərə köçdüyünü eşidən Badri Koquaşvili gizli şəkildə İstanbula gəlib. Onun İstanbulda Sedat Pekerlə görüşdüyü bildirilir. Koquaşvilinin İstanbul səfəri Nadir Səlifovla problemləri yoluna qoymaq məqsədi daşıyıb.

Lakin bu məsələdə Sedat Pekerin dəstəyini ala bilməyib. İstanbulda olması xəbərinin Nadir Səlifova çatdığını eşidən kimi isə oradan Çexiyaya gedib. Bu fakt da Nadir Səlifovun Qətərə köıçdüyü barədə xəbərə şübhə ilə yanaşmağa əsas verir.

Badri Koquaşvili ilə Nadir Səlifov arasındakı konfliktin kökündə gürcü “qanuni oğru” Quram Çixladzenin (“Kvejoeviç”) vurulması dayanır. O, məhz Nadir Səlifovla görüşdə vurulub. Çixladzeyə əl qaldıran isə Nadir Səlifovun yaxın adamı hesab edilən qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev (“Arman Dikiy”) olub.

Sonradan Arman Cumagəldiyev Quram Çixladzenin statusundan xəbərsiz olduğunu bildirib. Hadisədən xəbər tutatn Badri Koquaşvili isə Nadir Səlifovun “oğru” statusundan məhrum edilməli olduğunu bildirib və bu istiqamətdə iş aparmağa başlayıb.  Fəqət, “oğru”lar arasında böyük dəstək qazana bilməyib. Əksinə, özünün “qanuni oğru” titulu şübhə altına alınıb.

İddia olunur ki, məsələnin şişməsində Zaxari Kalaşovun da rolu var. O, Nadir Səlifovun getdikcə artan nüfuzundan narahat olmağa başlayıb və bir nömrəli “qanuni oğru” olmaq şanslarını itirə biləcəyini düşünüb. Məlumat üçün deyək ki, hazırda həbsdə olan Zaxari Kalaşov Rusiyada ən güclü “qanuni oğru”lardan hesab edilir.

Məlumatlara görə, Badri Koquaşvilinin dəstək üçün müraciət etdiyi “qanuni oğru”lar ona konflikti dərinləşdirməməyi tövsiyyə ediblər. Onlar Quram Çixladzenin vurulmasının heç də “bespredel” olmadığını deyiblər.

Sən demə, Quram Çixladze Nadir Səlifovla görüşdə elə ilk dəqiqələrdən diskomfort yaradıb. O, “Quli” ilə əl verib görüşməyib. Bu azmış kimi onun yerində oturub və Nadir Səlifovla ötkəm danışmağa başlayıb. Bu zaman “Quli”nin yanında olan Arman Cumagəldiyev instinktiv olaraq Quram Çixladzeyə əl qaldırıb. Məsələni yoluna qoyan Nadir Səlifov bundan sonra Çixladze ilə barışmaq istəsə də, ikinci buna məhəl qoymayıb.

Badri Koquaşviliyə Zaxari Kalaşovun Nadir Səlifovla bağlı planlarının girovuna çevrildiyi deyilsə də, o, azərbaycanlı “qanuni oğru” bitirmək yolundan cəhdlərini davam etdirir.

İddia olunur ki, Nadir Səlifovu bitirmək üçün iki plan üzərində işlənilir. Bunlardan biri onu fiziki cəhətdən məhv etməkdir. Bununla bağlı 1 milyon dollar mükafat ayrılıb. Digər plan isə onun həbsinə nail olmaqdır. Bu plana görə beynəlxalq axtarışda olan Nadir Səlifov Yunanıstana “sxodka”ya çağırılır və orada polis əməliyyatı nəticəsində həbs edilir. Hələ ki, bu planlar alınmır.

Nadir Səlifova qarşı Rusiya mətbuatının kampaniya aparması da diqqətçəkən məsələlərdən biridir. Rus mediası “Quli”ni nüfuzdan salmağa hesablanmış ən müxtəlif materiallar tirajlayır. Onun “sxodka”lardan qaçması, şəxsi həyatını ictimailəşdirməsi barədə dərc edilən məlumatları buna nümunə göstərmək olar. Lakin Nadir Səlifov bütün bunlara təmkinlə yanaşaraq heç bir tələyə düşməməyə çalışır.