“Arif Hacılı başqan olmağı bacarmadı” – DEBATbackend

“Arif Hacılı başqan olmağı bacarmadı” – DEBAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Müsavat Partiyasında başqanlığa namizədlərin debatında namizədlər, partiyanın hazırkı başqanı Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı hansı səbəbdən məhz onlara səs verilməsi ilə bağlı fikirlərini açıqlayıblar.
APA -nın xəbərinə görə, Arif Hacılı bildirib ki, uzun illər hərəkatda olub, siyasi fəaliyyəti müsavatçılara yaxşı məlumdur: “Müsavat Partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, seçkilərə qatılıb. Mənim başqanlığım dövründə də partiya kifayət qədər aktiv olub”.
Partiyada fərqli fikirlərə yer verilmədiyi barədə iddialara münasibət bildirən A. Hacılı Müsavatda fikir ayrılığına kifayət qədər əməl olunduğunu deyib: “Müsavat Partiyasında plüralizmə kifayət qədər əməl olunub. Partiya başqanını açıq tənqid etmək məhz bu plüralizmin göstəricisidir”.
Tofiq Yaqublu isə deyib ki, 1992-ci ildən bu yana İsa Qəmbər və Arif Hacılı eyni düşüncənin daşıyıcılarıdır: “Ona görə də partiya başqanın dəyişməsinə ehtiyac var. Mən partiyanın problemlərini ancaq daxildə söyləmişəm. Buna görə məni ittiham edənlər də olub”.
Y.Sdıqlı isə bildirib ki, Müsavat Partiyası müxalifət cəbhəsində lider mövqeyini itirmək üzrədir: “Bu gün Müsavat Partiyası ictimaiyyətdə özünə olan marağı itirib. Hesab edirəm ki, Arif Hacılı başqan olmağı bacarmadı. Dəyişikliyə ehtiyac var. Partiyada gənclərlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Əvvəllər partiyanın Gənclər Təşkilatının üzvlərinin sayı digər partiyaların üzvlərindən çox idi. Hesab edirəm ki, vəziyyətin bu hala gəlməsi partiya başqanın şəxsi keyfiyyətlərindən irəli gəlir. Bir faktı deyim ki, bu ilin fevralında başqan olmaq niyyətimi açıqladıqdan sonra mənə qarşı öz partiya yoldaşlarım tərəfindən yol verilən hərəkətlər məni çox ağrıtdı. Təbii ki, bu məsələdə partiyanın hazırkı başqanının da rolu az deyildi”.