Azərbaycan deputatları Türkiyənin Suriyadakı əməliyyatını DƏSTƏKLƏDİLƏR

01:40 | 11 Oktyabr, 2019

Prezident Rəcəb Tayyip Ərdoğan ötən gün Türkiyə ordusunun Suriyada yeni hərbi əməliyyata başladığını elan edib. “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatından sonra başlayan 3-cü əməliyyat “Sülh çeşməsi” adı ilə həm hava, həm də qurudan aparılacaq. Məqsəd Türkiyə ilə sərhəddə yerləşən YPG silahlı qruplaşmasını sarsıtmaq və 30 kilometrlik təhlükəsizlik zonası yaradaraq, Türkiyədə yaşayan 2 milyon suriyalı qaçqını orda yerləşdirməkdir.

 

Maraqlıdır, Suriyada hərbi kontingentləri olan ABŞ və Rusiyanın bu məsələyə münasibəti necə olacaq? Türkiyəyə qarşı hər hansı sanksiya tətbiq oluna bilərmi?

Mövcud durumla bağlı Azərbaycam Milli Məclisinin deputatları öz fikirlərini Modern.az-la bölüşüblər.

 

Deputat Fazil Mustafa bildirib ki, ABŞ və Rusiya Türkiyənin “Sülh çeməsi” əməliyyatını keçirməsinə mane olmayacaq:

“Rusiya və ABŞ tərəfi bu addımın təhlükəsizlik məqsədilə atıldığını bildiyi üçün heç bir əks tədbir görməyəcək. Amerika hər nə qədər etirazlı görünsə də, onun da yanaşmasında müəyyən rasional bir addım var. Trampın açıqlaması onu göstərdi ki, Türkiyə olmasa, suriyalılar bütün dünyaya dağılmışdı. Bu fikir Türkiyənin önəmini izah etmək baxımından söylənilib. Suriyada terroru, oradakı vəziyyəti Türkiyəyə qarşı himayə edən tərəf ABŞ idi. Türkiyənin məsələdə qınanılacaq bir tərəfi yoxdur, sadəcə öz təhlükəsizliyini düşünür”.

 

Deputat Elman Nəsirov isə Türkiyənin atdığı bu addımı sırf təhlükəsizlik maraqlarından irəli gələn məsələ hesab edir:

“Bu ilk belə hal deyil. Artıq üçüncü dəfədir ki, Türkiyə Suriyanın şimalında Fərat çayının şərqində analoji addımlar atır. Bu addımı atmaqla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, “Bizim həm də əsas hədəfimiz odur ki, Türkiyənin suverenliyi, bütövlüyü qorunsun. Yəni Türkiyənin Suriyada hər hansı ərazi iddiası yoxdur . Suriyada yuva salmış terrorçu qruplaşmalar tam ləğv edilməyənədək Türkiyə bu siyasətinə sadiq qalacaq.
Bu yanaşma ABŞ və Rusiya ilə münasibətlərdə gərginlik yaradır. Xüsusilə, Türkiyə və ABŞ-ın Suriyanın şimalındakı PKK terror təşkilatının qanadı olan kürd silahlı birləşmələrinə münasibətdə 180 dərəcə fərqli mövqeyi var. Türkiyə hesab edir ki, PKK ilə Suriyadakı kürd birləşmələrinin heç bir fərqi yoxdur. Əslində onlar PKK-ın qanadlarıdır. PKK-nı isə bütün dünya, eyni zamanda ABŞ beynəlxalq terror təşkilatı kimi tanıyır. Belə olan vəziyyətdə Suriyadakı həmin o terror qruplaşmlarına niyə ABŞ və beynəlxalq birlik tərəfindən analoji qiymət verilmir, beynəlxalq terror təşkilatı kimi baxılmır? Bu məsələdə xeyli fərqli mövqe var.
ABŞ hesab edir ki, onlar terrorçu deyillər, İŞİD-ə qarşı mübarizə prosesində iştirak edərək ABŞ-ın müttəfiqi rolunu oynayırlar. Rusiya da Türkiyənin bu addımlarını diqqətlə izləyir. Rusiya ehtiyatlanır ki, Türkiyənin bu mövqeyi beynəlxalq terrorizmə qarşı mübarizə addımlarını aşa bilər. Türkiyə öz mövqelərini Suriyada möhkəmləndirər və Suriya ərazisindən uzunmüddətli strateji planını həyata keçirə bilər. Lakin hər haldaTürkiyə tərəfi bu məsələdə qətiyyətlidir. ABŞ tərəfinə izah edilməlidir ki, Ankaranın addımının arxasında heç bir strateji niyyət yoxdur. Türkiyə üçün yeganə məqsəd təhlükə olacaq beynəlxalq terrorizm yuvasını məhv etməkdir”.

 

Deputat Asim Mollazadə deyir ki, Türkiyəyə qarşı təhdid var və o təhlükəsizliyini təmin etməlidir:

“Hal-hazırda Türkiyə antiterror əməliyyatı həyata keçirərək, təhlükəsizliyini təmin edir. Çünki Türkiyə ilə sərhəddə yaxşı silahlanmış təhlükəli terrorist qruplar bu ölkəni təhdid edir. Türkiyə də müvəqqəti olaraq qabaqlayacı əməliyyat həyata keçirir. NATO-un baş katibinin “Türkiyəyə qarşı təhdid var və o təhlükəsizliyini təmin etməlidir” fikri bunun əsas göstəricisidir. ABŞ, Rusiya, İran silahlı qüvvələrinin Suriyada qoşunu olduğu halda, Türkiyənin qabaqlayıcı hərbi əməliyyatına ehtiyacın olmadığı kimi fikirləri isə çox haqsız hesab edirəm”.