İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı

15:14 | 14 Oktyabr, 2019
Prezident İlham Əliyev akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.
Nekroloqda deyilir:
“Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də ömrünün 78-ci ilində vəfat edib.
Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsil alıb, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olub və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirib.
Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev 1981-1991-ci illərdə burada şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993–2018-ci illərdə ilahiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb, 1991-ci ildən ömrünün sonunadək ərəb filologiyası kafedrasına rəhbərlik edib.
Vasim Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş və 1979-cu ildə professor elmi adını alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.
Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr verıb. Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri vardır.
Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilib. Yeni mülahizələrlə zəngin həmin araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulayıb.
Geniş erudisiyalı alim Vasim Məmmədəliyev, həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınıb. “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biri olaraq onun ölkəmizdə ilahiyyatın və islamşünaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri vardır.
Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar surətdə uzlaşdırmış, yarım əsrlik bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf edib. Keçmiş Sovetlər Birliyində Azərbaycanın ərəbşünaslığın ən qabaqcıl mərkəzlərindən birinə çevrilməsində mühüm əməyi olan alimin bu çoxsaylı yetirmələri Azərbaycanda və onun hüdudlarından kənarda ölkəmizi daim uğurla təmsil ediblər.
Vasim Məmmədəliyevin elmi axtarışlarının nəticələri 30-dan artıq kitabda və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapıb. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanıb. Alimin dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən rəğbətlə qarşılanıb. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilib.
Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.
Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Eldar Əzizov
Fərəh Əliyeva
Ceyhun Bayramov
Akif Əlizadə
İsa Həbibbəyli
Nizami Cəfərov
Gövhər Baxşəliyeva
Teymur Kərimli
Elçin Babayev”.