“Həmkar Könüllü” Proqramının üzvləri Quba şəhərində – FOTO

18:07 | 14 Oktyabr, 2019
12 oktyabr tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin həyata keçirdiyi “Həmkar Könüllü” Proqramının üzvləri Quba şəhərinə baş tutan turda iştirak ediblər.
Editor.az xəbər verir ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin “ Şəhərdən kəndə” layihəsi çərçivəsində təşkil edilən tur, ölkəmizdə gənclərin aqrotruzmin inkişafına dəstək məqsədi daşıyır.
“Həmkar Könüllü” Proqramının üzvləri Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunan “Alma Festivalı” iştirak ediblər. “Alma Festivalı” milli adət-ənənələrimizin, ölkəmizin turizm imkanlarının tanıdılması, almanın və ondan hazırlanan məhsulların təbliği məqsədi daşıyır. Tələbələrə bayram mərasimində müxtəlif kompozisiyalar, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib, rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.
 “Həmkar Könüllü” Proqramının üzvləri günün ikinci yarısında  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD Factory” İstehsalat Kompleksində baş tutan seminar və müzakirədə iştirak ediblər. Kompleksdə tələbələr, bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 istehsalat sahəsi ilə tanış olublar.
Gün boyu tələbələr Qubanın önəmli güşələrindən olan Quba Memorial Kompleksi və  Qırmızı qəsəbəyə ekskursiya ediblər.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən sosial layihədir. Layihənin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarının inkişafını stimullaşdırmaq və regionlarda yaşayan əhalinin sosial rifahının yüksəlməsinə dəstək göstərməkdir. Bu turlarda iştirakçılar bir və ya bir neçə günlük fermer təsərrüfatlarına səfər edərək kənd həyatı ilə tanış olur, heyvandarlıq, əkinçilik, bağçılıq, balıqçılıq və s. kənd təsərrüfatı sahələri ilə bağlı yeni biliklərə yiyələnirlər.