Deputat: “Paşinyan rabitəsiz, absurd fikirlər səsləndirməklə təsadüfi adam olduğunu sübut etdi”

02:54 | 15 Oktyabr, 2019
“Türkmənistanın paytaxtı Aşqabadda keçirilən MDB ölkələri başçılarının sammiti əvvəlkilərdən fərqli olaraq bəzi tarixi həqiqətlərin açıqlanmasına səbəb oldu”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, adətən bu tipli toplantılar, hər hansı gərginlik olmadan, hətta kəskin fikir ayrılığı olsa belə, qarşılıqlı hörmət şəraitində keçirilir:
“Sədrlik edən MDB üzrə icraçı direktor Lebedev ilk sözü Azərbaycan Prezidentinə verdi. Cənab İlham Əliyev gündəliyə uyğun olaraq, Böyük Vətən müharibəsində xalqımızın 600 mindən çox nümayəndəsinin cəbhəyə yollanması, onlardan  yarısının həlak olması, Bakı neftinin və alimlərimizin rolu barədə ətraflı məlumat verdi. Məruzənin davamı olaraq, heç kimin gözləmədiyi halda iki il bundan öncə Ermənistanın əvvəlki rəhbərliyinin, faşist Qaregin Njdeyə ucaldılan heykəllə bağlı danışdı. Prezident haqlı olaraq faşizmin qəddar cəlladlarının “qəhrəman” edilməsinin olduqca ziyanlı olduğunu və xalqa qarşı təhqir hesab olunduğunu bildirdi. Ermənistanın yeni hakimiyyəti tərəfindən, heykəlin sökülməsi ilə əlaqədar heç bir tədbirin görülmədiyini dövlət başçılarının nəzərinə çatdırdı. Diqqət çəkən məqamlardan biri də küçədən hakimiyyətə gəlmiş Nikol Paşinyanın acınacaqlı görüntüsü idi. Hiss olunurdu ki, Azərbaycan Prezidentinin gözlənilməz çıxışı onu şoka salmışdı. Paşinyan rabitəsiz, absurd fikirlər səsləndirməklə o tərkibdə necə təsadüfi bir adam olduğunu sübut etmiş oldu”.
Parlament üzvünün sözlərinə görə, sammitdən sonra ermənilər yetişməmiş baş nazirlərinə görə xəcalət hissi keçirirlər: 
“Hiss olunur ki, Ter Petrosyandan sonra onlarda ciddi kadr problemi yaşanır. Paşinyan hakimiyyətə gələndən sonra kobud səhvlərə yol verməkdədir. Zənn edirdi ki, küçədə etdiyi həyasızlıqlar hakimiyyətdə də keçərli olacaq. Qarabağda 5-6 separatçının qarşısındakı “nöqtə”dən sonra cəzasız qalacaq. Amma həm Soçidə, həm də Aşqabadda cənab İlham Əliyev onu öz silahı ilə Paşinyanı vurdu”.