«Leş Tofiq», «Leş Elgün», “Bala Tofiq” və… – Çıxış yolu nədir ?

02:04 | 16 Oktyabr, 2019
Eyyub Hüseynov:«QTA bütün heyvanların identifikasiyasını həyata keçirməlidir»
«Heyvanların qulaqlarına  birka vurub, kod qoyurlar. O kod  heyvanın hansı baytarda, nə vaxt kəsildiyini göstərir. Həmin kodlar elektronlaşdırılır və heyvan kəsilənə qədər onun üzərində olur»
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi  əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa edib. Belə ki, AQTA əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə Bərdə rayonunda yoxlamalar aparıblar.
Daxil olan məlumat əsasında Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonu Soyuqbulaq kənd sakini “bala Tofiq” ləqəbli 1975-ci il təvəllüdlü Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.
Baxış zamanı vətandaşa məxsus həyətyanı sahədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yarasız və sümükdən ayırılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kq ət aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı, ətin kəskin iyli olduğu məlum olub.
Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, «Leş Tofiq » və «Leş Elgün»dən sonra   “Bala Tofiq”in üzə çıxması ölkə ictimiyyətində ciddi narahatlığa səbəb olub. Artıq ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar vəziyyətin dözülməz olduğunu əsas gətirərək həyəcan təbili çalırlar. Və aidiyyəti qurumlardan ciddi tədbirlər görmələrini tələb edirlər.
Maraqlıdır,görəsən, bu «leş Tofiqlər »in qarşısı niyə alınmır və bu bəlanın tamamilə  aradan qaldırılması üçün hansı addımlar atılmalıdır ?
Sualımızı cavablandıran Azad İstehlakçılar Birliyinin (AİB)sədri Eyyub Hüseynov «Sherg.az»a söyləyib ki, bu məsələnin qarşısını almağın qanuni yolları var:
«Bütün heyvanların identifikasiyası həyata keçirilməlidir. QTA heyvanların qulaqlarına  birka vurub, kod qoyurlar. O kod  heyvanın hansı baytarda, nə vaxt kəsildiyini göstərir. Həmin kodlar elektronlaşdırılır və heyvan kəsilənə qədər onun üzərində olur. Heyvan kəsiləndə  baytarın sənədi olur və o məlumat kompüter sistemə yazılır. Heyvan kəsildikdən sonra məlumat sistemdən silinir. Yəni məlum olur ki, bu heyvan artıq kəsilib və ya murdar olub. O heyvanla bağlı bütün məlumatlar olmalıdır. QTA-nın nümayəndələrindən soruşuram ki,  ölkədə neçə faiz heyvan identifikasiya olunub. Məlum olur ki, heç heyvanların 1 faizi də identifikasiya olunmayıb. Belə çıxır ki, ətlərin təhlükəsizliyini təmin emtək üçün 100 il gözləməliyik. İl yarım ərzində heyvanların heç bir faizini identifikasiya etməyiblər. Bu məsələ ilə bağlı xarici ölkələrin təcrübəsindən yaralanmaq lazımdır. Məsələn, Yeni Zelandiyada qapı heyvan kəsərsənsə, 5 min dollar cərimə olunursan. Yəni heyvanı gizlətmək olmur».
AİB sədri onu da əlavə edib ki, bu problemi inzibati üsullarla həll etmək çətin olacaq:
«Əhalinin maariflənməsi zəruridir.  İctimai qınaq olmalıdır. Bu, mexanizm işə düşməlidir. Qafqa Müsəlmanları idarəsi də bir çağırış etməlidir. Mənşəyi məlum olmayan ət satanlar cəmiyyətdə tənqid olunmalıdır. Onun yaxlınları da həmin adamı sərt şəkildə qınamaldırlar. Sadaladığım tədbirlər görülməsə, leşlər hələ də davam edəcək.
QTA elə iş görməlidir ki, insanlar ona inansın. Bu leş ətlər uşaq bağçlarından tutmuş, şadlıq evləri və restoranalara qədər gəlib çıxır».