ADAMBAŞINA 2 MANAT 30 QƏPİK AYRILAN SİYAHI: PULLAR HARA XƏRCLƏNİB?

12:49 | 16 Oktyabr, 2019

“Səni siyahıya aldılar?” Yəqin ki, son günlər ən çox soruşulan suallardan biri budur. Mən də siyahıya alınmayan vətəndaşlardanam və ümumiyyətlə, biz yaşayan mənzilə siyahıya almaqla bağlı müraciət olunmadı”.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Qeyd edək ki, bu il oktyabrın 1-dən 10-na qədər əhalinin siyahıya alınması prosesi həyata keçirildi. Xatırladaq ki, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında“ Azərbaycan Prezidentinin Fərmanı 7 sentyabr 2016-cı ildə imzalanmışdı.

Məsələyə münasibət bildirən Vüqar Bayramov qeyd edib ki, siyahıya almağa hazırlıq üçün hökumətə 3 ildən çox zaman ayrılmışdı:

“Bununla belə, həm sosial şəbəkələrdə gedən müzakirələr, həm də bizim beyin mərkəzinə edilən müraciətlər göstərir ki, siyahıya alınmada iştirak etməyənlərin sayı heç də az deyil. Xüsusən qeyd etmək lazmdır ki, əhalinin siyahıya alınması yalnız statistik, demoqrafik deyil, həm də iqtisadi və sosial əhəmiyyət daşıyır. BMT-nin Statistika Komissiyası əhalinin siyahıya alınmasını qiymətləndirən zaman bunun sosial iqtisadi hadisə olduğunu bildirir. O baxımdan, Azərbaycanda da siyahıyaalma ölkəmizdə iqtisadi siyasətin növbəti illərdə mövcud çağrışlara uyğun olaraq təkmilləşdirilməsi, yeni iqtisadi proqramların reallaşması baxımdan vacibdir. Nəzərə alsaq ki, bu siyahıyaalma yalnız vətəndaşlarımızın sayını deyil, (halbuki bunu rəsmi qeydiyyat ilə də müəyyənləşdirmək mümükündür), əslində daha çox ixtisaslı kadrların yerləşmə coğrafiyası, Azərbaycanda ixtisaslı kadrların, eləcə də xarici dil biliyi olan vətəndaşların sayının necə dəyişməsi, daxili miqrasiya, fiziki imkanları məhdud olan şəxslərin işlə təmin olunması və eyni zamanda qeyri rəsmi məşğulluq, qeyri leqal iqtisadiyyatın dövriyyəsinin müəyyənləşdirilməsi baxımdan da vacibdir. Halbuki bu göstəricilərin rəsmi statistika ilə əldə edilməsi ya mümkün deyil, ya da çətindir. O baxımdan, bu, əslində sadəcə bir siyahıyaalma deyil, daha çox növbəti dövrlərdə iqtisadi siyasəti müəyyənləşdirəcək faktorlardan biri kimi xarakterizə olunmalıdır. Ekspertin sözlərinə görə, siyahıyaalma zamanı bütün vətəndaşlarımızın prosesdə fərqli səbəblərdən iştirak etməməsi mümkündür: “Ancaq əgər həmin dövrdə xaricdə olmayan, evində olan, amma, siyahıya alınma ilə müraciət olunmayan vətəndaşlarımızın sayı çoxdursa, o halda bunun araşdırılmasına ehtiyac var. Nəzərə alsaq ki, bu siyahıya alınma Azərbaycanda növbəti illərdə, xüsusən də 2020-ci ildən sonra həyata keçiriləcək iqtisadi siyasətin konturlarını müəyyənləşdirilməsində çox vacib olacaq. Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsindən bu məqsədlə 23,2 mln. manat vəsait ayrılıb. Deməli, hər nəfərə 2 manat 30 qəpik və ya orta hesabla hər ailəyə 9 manat 20 qəpik ayrılıb. Hər bir ailənin qeydiyyata alınmaması isə büdcədən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsində şübhələr yaradır. Nəyi təklif edirik? Siyahıya almanın təşkili nəticələrinin qiymətləndirilməsi üçün Nazirlər Kabineti yanında xüsusi komissiyanın yaradılmasına ehtiyac var. Bu komissiya siyahıyaalma prosesinin qiymətləndirilməsi və nəticələrinin monitirinq edilməsini həyata keçirirə bilər. Bu baxımdan, əhatəlik dairəsi və eyni zamanda siyahıyaalmaya cəlb edilən işçilərin öz öhdəliklərini hansı səviyyədə yerinə yetirməsi məsələlərinin öyrənilməsinə və bununla bağli ictimaiyyətə məlumatın verilməsinə ehtiyac var. 2020-ci ildə “Strateji Yol Xəritəsi”nin birinci mərhələsi başa çatır və növbəti dövrdə Azərbaycanda yeni iqtisadi siyasi strategiya hazırlanacaq, tətbiq olunacaq. Bu yeni iqtisadi siyasi strategiyanın da 2020-ci ildən etibarən hazırlanması və növbəti illərdə tətbiq olunacağını nəzərə alsaq, siyahıya alınmanın yekunları bu strategiyanın hazırlanması üçün ən vacib göstəricilərdən biri olmalıdır. Siyahıya almanın nəticələrinin etibarlılığının artırılması, prosesdə həm yerli, həm xarici tədqiqat qruplarının, qərarvericilərin daha yaxından iştirakı üçün bu prosesə aydınlıq gətirilməsi və Nazirlər Kabinenti tərəfindən aparılmış işin ayrıca olaraq qiymətləndirilməsi və ictimaiyyətin məlumatlandırılması önəmlidir”.