4000-dən çox şagirdin sinifdə qalmasına görə kimlər cəzalandırılacaq?

13:21 | 17 Oktyabr, 2019

“Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda çox ciddi problemləri qeyd edib. Olduqca cəsarətli rəqəmlər, informasiyalar səslənib. Misal üçün Nazir müavini deyir: 4000-dən çox şagird sinifdə saxlanılıb”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib.

Onun sözlərinə görə, ölkədə 1.5 milyon, Bakı şəhəri üzrə 440 min şagird təhsil alır, müqayisədə kiçik rəqəm görünə bilər, amma bu əslində Təhsil Nazirliyinin fəaliyyətində qüsurları göstərir:

“Belə ki, qanunvericik aktlarına görə təhsil sisteminin başlıca vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa, praktiki hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik olan şagird, vətəndaş yetişdirməkdir. Belə çıxır azı 4000 min məktəbdə (ölkədə 4447 məktəb var) bu öhdəlik yerinə yetirilməyib.

Digər qanunvericilik aktlarına görə müəllim təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin edir. Deməli azı 4 min müəllim (ölkədə 150 min müəllimvar) öz vəzifə borcunu yerinə yetirməyib.

Başqa bir qanunvericilik aktına əsasən, məktəb direktoru rəhbərlik etidiyi məktəbdə sağlam təhsil mühiti qurmalı, təhsilalan və təhsil verənin keyfiyyətinə nəzarət etməli, məsuliyyət daşımalıdır. Belə çıxır ki, 4 min direktor da öz növbəsində vəzifəsinin icrasını təmin etməyib.

Təhsil haqqında qanuna əsasən, Təhsil nazirliyi təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparmalı, keyfiyyətə nəzarət etməlidir. Amma Təhsil nazirliyi orta məktəblərdə keyfiyyətin ölçülməsi üçün heç bir addım atmayıb”.

Ekspert şagirdlərin sinifdə qalmasında rolu olanların cəzalandırılmasını təkif edib:

“Keyfiyyətsiz təhsilə görə sərf olunan vəsait geri ödənməli, buna yol verənlər cəzalanmalıdır. Hanı 4 min cəzalanan? Bu cəzalananlar təkcə orta məktəb sistemində yox, eyni zamanda nazirliyin strukturunda da olmalı idi. Amma biz bunu görmürük.

Hörmətli nazir müavini, ümid edirəm ki, bu 4 min şagird şagirdlərin sinifdən- sinifə keçmə qaydalarına uyğun olaraq sinifdə saxlanılıb. Yoxsa məktəb direktorunun, sinif müəlliminin istəyinə uyğun olaraq, hansısa şagirdin cəzalandırılması üçün edilməyib”.