Vəhşicəsinə qətlə yetirilən Cavidin anası: “Morqa getdim, oğlumun meyitini görəndə…” – VİDEO

16:38 | 17 Oktyabr, 2019
Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbə Cavid Hacıyevin qatili hələ hələ tapılmayıb. Onun ölümündə dostu Əli Abdullayev şübhəli bilinir və barəsində axtarış verilib. İqtisad Universitetinin magistrı Cavid Hacıyev tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevin nəvəsidir. Anası sənətşünaslıq üzrə doktor Minə Hacıyeva Bakı Musiqi Akademiyasının professorudur.  
Editor.az baku.ws-ə istinadən xəbər verir ki, Minə xanım oğlunun dostu Əli Abdullayev tərəfindən öldürüldüyünü iddia edir. Onun belə düşünməsinə Ukrayna hüquq-mühafizəçilərinin söylədikləri əsas verir.
Qatil izi itirmək məqsədilə cəsədi tanınmaz halıb. Meyidin üzərinə ağardıcı maddə, kofe və başqa maddələr tökərək onu tanınmaz hala salıb. Oğlunun meyitini götürmək üçün Ukraynaya gedən ana dəhşətli mənzərə ilə üz-üzə qaldığını ürək ağrısıyla danışıb:
“Mən Kiyevə gedəndə mənə şəkilləri göstərdilər. İnanın ki, o şəkillərə baxmaq olmurdu. O alçaq mənim uşağımın başına nələr gətirib, nələr… Sonra morqa getdim. Oğlumun meyitini mənə göstərəndə dəhşətə gəldim. Onu öldürüb, 5 gün ərzində meyitini məhv etmək istəyib. Onun meyitini dəhşət gününə salıb. Üzərinə kofe, ağardığı maddə töküb… Polis mənə nələr danışdı, nələr… Əlil arabası alıb, meyiti onunla evdən çıxarmaq istəyib. Qan içində olan xalçaları, döşəkləri tullayıb. Təzə xalçalar, döşəklər sifariş verib. Balama baxmaq olmurdu. Heç kimə, belə şey nəsib olmasın!”
Şübhəli Əli Abdullayev qətl törədildikdən sonra Moldovaya qaçıb. Ukrayna polisi onun qaçması üçün hər cür şəraitin yaradıldığını bildirir. Minə xanım Əliyə imkanlı qohumlarının (Əli Abdullayev “Altes Qrup” şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur) kömək etdiyini düşünür.
Ana oğlunun qısqanclıq, paxıllıq zəminində öldürüldüyünü ehtimal edir:
“Cavid Almaniyaya getmişdi. Oradan Bakıya qayıdacaqdı. Əli onu Ukraynaya çağırdı. Dedi ki, gəl, birlikdə əylənək, gəzək. Cavid də getdi. Hər gün onunla danışırdım. Axırıncı dəfə 1 oktyabrdan 2-sinə keçən gecə əlaqə saxlamışıq.
Əli mənim oğlumu pula görə öldürə bilməz. Özü imkanlı ailədəndir. Cavid o qədər gözəl ürəkli idi ki, heç kimə pislik etməzdi. Əksinə, harada bir problem, narazılıq olurdusa, aranı sakitləşdirirdi. Oğlum Əlinin paxıllığının qurbanı olub. Əli Cavidin uğurlarını qəbul edə bilməyib. Cavidlə Əli İqtisad Universitetində eyni qrupda oxuyublar. Ancaq Əli intizamsız olduğu üçün onu univetsitetdən xaric ediblər. Təəssüf ki, o, universitetdən qovulsa da Cavidlə onun arasında dostluq əlaqəsi qaldı. Çox yaxın dost deyldilər. İldə 1-2 dəfə Əlinin təşəbbüsü ilə görüşürdülər. Cavid isə çox nümunəvi tələbə idi. Universitetin 2-ci kursundan başlayaraq SABAH qruplarında ingilis dilində təhsil alıb. Cavid iqtisadiyyatla yanaşı rəqslə də peşəkar səviyyədə məşğul olurdu və hər iki sahədə uğurları var idi. 22 yaşda həm yaradıcılıqda, həm də elmdə uğur qazanmaq hər adama nəsib olmur”.
Ana deyir ki, oğlunun telefonlarını və sənədlərini Əli götürüb: “Əli onun telefonlarını, sənədlərini oğurlayıb. Cavidin 2  telefonu vardı. Güman ki, Cavidin telefonunda yazışmalar olub. Ukrayna polisinin mənə verdiyi məlumata görə, telefonun biri oktyabrın 3-də, digəri isə 6-da söndürülüb. Əli ayın 7-si axşamı sərhədi keçib və Moldovaya qaçıb”.
Xatırladaq ki, 1997-ci il təvəllüdlü azərbaycanlı tələbə Cavid Hacıyev 2 oktyabrda Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Məlumata görə, Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılan C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb. Meyiti yoxa çıxarmaq üçün bir çox üsullara əl atıb.