Həmsədrlər Qarabağla bağlı bəyanat yaydı

21:39 | 17 Oktyabr, 2019
ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan əhalisinin sülhə hazırlanması və gərginliyin azaldılması üzrə təhlükəsizlik və humanitar tədbirlərin icra olunması prespektivlərini alqışlayır. AYNA xəbər verir ki, bu, ATƏT-in Minsk Qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona səfərlərinin yekunlarına dair bəyanatında yer alır.
Bəyanatda bildirilir ki, həmsədrlər oktyabrın 15-də Yerevanda Ermənistan Baş Naziri Nikol Paşinyan, oktyabrın 17-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçiriblər, hər iki ölkənin paytaxtında bu ölkələrin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar.
Səfər zamanı həmsədrlər Dağlıq Qarabağda bölgənin qondarma “rəhbərliyi”, Bakıda isə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri ilə də görüşüblər. Dağlıq Qarabağda olarkən vasitəçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi tərəfindən humanitar məsələlər haqqında məlumatlandırılıblar.
Bəyanatda qeyd olunur ki, hər iki ölkənin liderləri həmsədrlərə MDB ölkələrinin Aşqabad sammitində baş tutmuş söhbət barədə məlumat verərək, münaqişənin həlli prosesinin irəliləməsi üçün fikirlərini təqdim ediblər: “Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri bu ilin sonunadək həmsədrlərin himayəsi ilə görüşmək niyyətini təsdiq edib. Həmsədrlər yaxın zamanlarda Vyanaya yola düşərək ATƏT-in Daimi Şurasını və Minsk qrupunun üzvlərini məlumatlandıracaq”.