Bakıda pulla iğtişaş törətmək istəyirlər – TƏFƏRRÜATLAR

13:15 | 18 Oktyabr, 2019

Bakıda sabah iğtişaş törətmək istəyirlər. Şəhərin mərkəzində, metropolitenin “28 May” stansiyasının qarşısındakı meydanda. Alınmasa, meydanın ətrafındakı küçələrdə. O da olmasa, həmin küçələrə bitişik, yaxın məkanlarda. Məqsəd nəyin bahasına olursa-olsun, iğtişaşdır.

Ssenari müəllifləri Strasburq, London və ABŞ-dadır. Ssenarinin Bakıdakı icrası AXCP sədri və həm də bloqer Əli Kərimliyə tapşırılıb.

O da xarici ölkələrə sığınıb YouTube kanalları və Facebook səhifələri vasitəsilə söyüş müxalifəti şəbəkəsi qurmuş marionetlərə, bir də ölkə daxilində hələ də ona inanan binəvalarla əmrlərini şəksiz yerinə yetirən trollara istinad edir.

Əli Kərimli çox aqressiv, hədsiz əsəbi və çılğın durumdadır. Çünki indiyədək tapşırılan işlərin heç biri  məntiqlə, sonuca çatmaq şərtilə yerinə yetirə bilməyib.

Bir zamanlar tanınmış simaların da aralarında yer aldığı AXCP funksionerləri indi marginallar, lümpenlər və bisavadlar yığınından ibarətdir. İş o yerə çatıb ki, arvadına və iki qızına divan tutduğu sübut olunan Fuad Qəhrəmanlı guya AXCP sədrinin müavini postundan istefa verdiyini desə də, Əli Kərimlinin hunveybinlərinin dəstəbaşçısı olaraq qalır.

Oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin önündə “Milli Şura”nın piketi zamanı Fuad Qəhrəmanlının arxasına bir dəstə lümpeni salaraq şəhərin mərkəzi küçələrini dolaşdırdığını hamımız gördük.

Əli Kərimli belə kadrlarla çalışmaq məcburiyyətində qalıb.

Digər “əməkdaş”ları isə xaricdəki iaşə müxalifətinin antisanitariya şüurlu, gigiyena qaydalarını belə pozan marazmatikləridir.

“Bloqer” Qabil Məmmədov kimi. Kamera qarşısında həyat yoldaşının alt paltarlarını göstərən, sosial şəbəkələrdə “bambılı” adlandıran Qabil Məmmədov YouTube-da növbəti canlı yayımında bütün hədləri aşıb.

O, “oktyabrın 19-da Əli bəyin aksiyasına qatılmayanlar, meydanda olmayacaq adamlar binamus, ermənidən törəyənlərdir” deyib.

Q.Məmmədovun siyasəti şizofreniya, siyasi mübarizəni də debilizm həddinə çatdıran birisi olduğu bəlli. Bəs nədən onun canlı yayımını izləyən, şərhlər yazan AXCP üzvlərindən bir nəfər də buyurmadı ki, milləti, xalqı niyə təhqir edirsən, ay əxlaqdan kasad məxluq?

Demədilər, çünki Əli Kərimlinin belə əmri yoxdu və Q.Məmmədovun şəninə dəyəcək bir kəlmə yazılsaydı, AXCP sədri qeyzlənə bilərdi.

Əli Kərimlinin qeyri-adekvat, aqressiv və son zamanlar fasiləsiz primitivləşən davranışının səbəbləri çox olsa da, onların arasında xüsusi yeri maliyyə imkanları, daha doğrusu, maliyyələşdirmə ilə bağlı problemlərdir.

AXCP-nin və artıq siyasi dərnəyə, “inqilabçı özək” formatındakı struktura dönən bu təşkilatın törəmə funksiyası olan “Milli Şura”nın maliyyələşdirmə ilə bağlı çox ciddi problemləri var.

Əvvələr hər şey asandı.

Müxtəlif qeyri-hökumət təşkilatları yaradan və onları ən çeşidli adlarla qeydiyyatdan keçirən AXCP rəhbərliyi bu QHT-lər vasitəsilə milyonlarla dollar, avro məbləğində qrantlar alır, rəsmiləşdirirdilər. Qrantların təxminən 34-40 faizi “inqilabi, müxalif fəaliyyət”ə sərf olunurdusa, 40-65 faizi AXCP rəhbəri Əli Kəriminin onlarla bank hesablarında qalırdı, mənimsənilirdi.

Azərbaycan hakimiyyəti qeyri-hökumət təşkilatlarının fəaliyyətini nizamlayan qanunlar qəbul edəndən sonra xaricdən radikal müxalifətə axan pul seli kəsildi. Axı artıq hər dolların və avronun hesabını vermək, rəsmiləşdirmək gərəkdi.

Çıxış yolu arayan Əli Kərimli problemin həllini hamilik edən beynəlxalq təşkilatların Gürcüstan paytaxtı Tiflisdəki ofislərində gördü. Həmin ofislərdən alınan pullar nağdlaşdırılır, sonra kuryerlər vasitəsilə Bakıya daşınır, Əli Kərimliyə təhvil verilirdi.

AXCP sədrinin kağız üzərində müavini funksiyasını yerinə yetirən Gözəl Bayramlı da pul daşıyan kuryer funksionallığına vadar olunmuşdu. Azərbaycanın mövcud qanunvericiliyinə görə, sərhəddən 10 min dollardan artıq pul keçirilə bilməz. Bu səbəbdən də Gözəl xanım hər dəfə məhz 10 min dolları Tiflisdən Bakıya daşıyırdı.

41 belə səfər olmuşdu. Yəni Bakıya 410 min dollar gətirilmişdi.

Başqa “pul kuryer”ləri də vardı və onların taleyi, yaşam şərtləri Əli Kərimlini əsla maraqlandırmırdı.

Taleyin ironiyasına bax ki, Gözəl xanımın səhhətində ciddi problemlərin olduğunu, onun kasıb həyat sürdüyünü, amma iradəli və mətin qadın olduğunu əla bilən Əli Kərimli “müavin” adlandırdığı qadının müşküllərinin həllində ona zərrə qədər yardım etməyərək, istismara və yalanlara üstünlük vermişdi.

Fəqət, Azərbaycanın hüquq-mühafizə orqanları bu yolun da qarşısını aldılar və Əli Kərimli çıxış vasitələri arayaraq Bakıdakı səfirliklərlə “iş”ə başladı.

Bu dəfə Azərbaycandakı bir sıra jurnalistlərə beynəlxalq mükafatların “verilməsi” proseduru işə salındı. AXCP sədrini və eyni zamanda, Azərbaycandakı radikal müxalifətin ən aqressiv kəsimini hamiliyə götürmüş dövlətlərlə beynəlxalq təşkilatlar elə vəcdə gəlmişdilər ki, iki ay ərzində 8 (!) mükafat Bakıdakı “mətin, qətiyyətli, mübariz” insanlara ünvanlandı.

Əslində isə bu mükafatlar radikal müxalifəti maliyyələşdirməyin “sivil”, hiyləgər formatı idi.

Dövlət qurumları bu dəfə də qabaqlayayıcı tədbirlərə əl atdılar.

Yəni mükafat verilib? Lap yaxşı. Mükafatın pul hissəsinin köçürüldüyü bank hesabı dondurulub, çünki mükafat alan adamın çeşidli, heç azsaylı olmayan qanun pozuntuları var.

Son variant da işlək olmayandan sonra Əli Kərimli pulu birbaşa, nağd almağa çalışır.

Bakıdakı bəzi səfirliklərin əməkdaşları ilə kuluar görüşləri, “andeqraund” danışıqlar, “kuluar müzakirələr” də buna yönəlib.

Məqsəd mümkün qədər çox pul almaqdır.

Sabah Bakının mərkəzində, “28 May” metro stansiyasının önündəki meydanda icazəsiz aksiya keçirmək cəhdi də məhz maddi maraqlara xidmət edir.

Ssenari çox sadə, həddən ziyadə primitivdir.

Əli Kərimli əla bilir ki, “biz dinc aksiya keçirmək, etiraz hüququmuzdan yararlanmaq istəyirik” deyir, amma onun sosial şəbəkədəki trollarına və marginal tərəfdarlarına ötürdüyü messic çox konkretdir: “Çıxın küçələrə, polislə qarşıdurma yaradın, qorxmayın!”

İaşə və söyüş müxalifətinin YouTube kanallarında boy verərək “danışan baş”a çevrilən Əli Kərimlinin təkrar-təkrar “Qorxmayın! Hamı meydana! Hamı mitinqə!” isterikasının da kökündə məhz qarşıdurma, iğtişaş yaratmaq istəyi durur.

Niyə? Polislə toqquşma olsun, qarışıqlıq yaransın, mümkün qədər çox adam saxlansın, Əli Kərimli də “siyasi məhbus” siyahısını mümkün qədər genişləndirərək daha çox pul ala bilsin.

Sabah üçün AXCP və “Milli Şura”nın (oxu: Əli Kərimlinin) nəzərdə tutduğu aksiya ilə bağlı DİN və Baş Prokurorluğun yaydığı birgə bəyanat xüsusi maraq kəsb edir.

Açıqlamada deyilir: “Son günlər sosial şəbəkələr üzərindən özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər, habelə əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış sosial şəbəkə istifadəçiləri tərəfindən oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar edilib.

Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib. Lakin buna baxmayaraq təşkilatçılar həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar”.

Xatırladaq ki, Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmasına baxmayaraq, onların faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etməsi nəqliyyatın hərəkətinin iflic olmasına, ətrafdakı insanların haqlı narazılığına nəticə etibarı ilə ictimai asayişin pozulmasına səbəb olub. Lakin buna baxmayaraq, həmin hüquqazidd əməllərin qarşısı alınmış və qanunun tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Bütün bunlar AXCP rəhbərliyinin və həmin qanunsuz aksiyanın təşkilatçılarının əsas məqsədinin toplantı keçirmək deyil, əhalinin kütləvi toplaşdığı və qanunla qadağan edilmiş yerlərdə ictimai asayişi pozmaq olduğunu göstərir.

“Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bəyan edir ki, qanunsuz kütləvi aksiyaya çağırış edən AXCP rəhbərliyi, həmin aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənar ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcək.

Bu səbəbdən də həmin şəxslərə bir daha xəbərdarlıq edilir ki, hüquq mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq və qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcəkdir”, – açıqlamada deyilir.

… Sabah Əli Kərimli yeni isterika şousunu gerçəkləşdirmək istəyir.

Ona hələ də inananlara, müxalifətin məhz AXCP lideri olduğunu düşünənlərə isə sözüm qısadır: inanmayın bu adama!

Əsla…