“Sülh çeşməsi” hədəfinə çatdı: ABŞ Türkiyənin şərtlərini qəbul etməyə məcbur idi

16:15 | 18 Oktyabr, 2019
“Türkiyə “Sülh çeşməsi” hərbi əməliyyatı çərçivəsində Suriyada YPG terror təşkilatına ciddi zərbə vurdu”.  Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Analitik bildirib ki, ABŞ-ın Ankara ilə ciddi müzakirələrindən sonra Türkiyə terrorçulara qarşı hərbi əməliyyata 120 saat fasilə verib:
“Amerikanın vitse-prezidenti Pensin və dövlət katibi Mark Pompeonun Ankaraya səfərində 13 şərtən ibarət razılaşma imzalandı. Türkiyə bu razılaşmanı imzalamaqla böyük ölçüdə hədəfinə çatmış olacaq. Terror təşkilatı Ankaranın ilk əvvəldən dediyi kimi bufer zonadan geri çəkilir. ABŞ terror təşkilatna verdiyi ağır silahları geri alınır. Türkiyənin yuxarıdakı şərtlərinə əməl edilsəydi, bu hərbi əməliyyat keçirilməyəcəkdi və Vaşinqton mövqeyini qoruyub saxlayacaqdı. Bu vəziyyət hərbi əməliyyatla yanaşı Ankara ABŞ-ın “Kürd planına” da zərbə vurdu. Həmçinin, ABŞ-la YPG teror təşkilatı arasında etimadsızlıq mühiti yaratdı”.

Politoloq: “Bu, atəşkəs deyil, Türkiyənin tələblərinin yerinə yetirilməsi üçün irəli sürdüyü şərtlərə əməl edilməsinə verilmiş vaxtdır”

Ekspertin sözlərinə görə, bundan sonra YPG ABŞ-a etibar etməyəcək: 
“Bundan əlavə, YPG terror təşkilatının Bəşər Əsədlə razılığa getməsi, Vaşinqtonunda bundan sonra, bu terror təşkilatına ciddi dəstək verəcəyi gözlənilmir. Amerika hərbi əməliyyatlara fasilə vermək üçün Türkiyənin şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Əgər, şərtlərə əməl edilməsəydi, Ankara anti-terror əməliyyatlarına davam edəcəkdi. Ona görə də bu, atəşkəs deyil. Türkiyənin tələblərinin yerinə yetirilməsi üçün irəli sürdüyü şərtlərə əməl edilməsinə verilmiş vaxtdır”.
M.Əsədullazadənin fikrincə, ABŞ Türkiyənin anti-terror əməliyyatını müvəqqəti də olsa dayandıraraq öz imicini qorumağa çalışır: 
“Onsuz da Suriyada Amerikanın siyasəti fiaskoya uğrayıb. YPG terror təşkilatının çəkilcəyi regiona Suriya ordusu nəzarət edəcək. Əsədin bu regiona nəzarət etməsi Ankaranın planına uyğundur. Çünki terrorçular həm Əsədlə, həm də ABŞ-la əməkdaşlıq edə bilməyəcək. Əsəd terror təşkilatını kifayət qədər zəiflədəcək. Artıq, Türkiyə bu əməliyyatla öz hədəflərinə yaxınlaşıb”.