Rüşvət verilməsə, alan da olmaz: Korrupsiyaya qarşı cəmiyyət də mübarizə aparmalıdır

18:29 | 18 Oktyabr, 2019
“Prezidentin çıxışı ölkədə həyata keçirilən islahatların dönməz şəkildə davam etdiriləcəyi ilə bağlı ən yüksək səviyyədə ortaya qoyulmuş siyasi iradədir”.  Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib. 
İqtisadçı bildirib ki, dövlət başçısı öz çıxışı ilə hər şeydən xəbərdar olduğunu göstərdi:
“Prezident ölkədə həyata keçirilən islahatlara mane olanlara, əhalinin və dövlətin əleyhinə iş aparanlara sonuncu dəfə ciddi xəbərdalıq etdi. Xüsusilə də, korrupsiya hallarına qarşı ciddi mübarizə aparılacağını vurğuladı. Bu işdə jurnalistləri, vətəndaşları da fəal olmağa çağırdı. Rüşvət, korrupsiya faktoru bütün ölkələrdə və bütün dövrlərdə olub. Sadəcə bunu maksiumum azaltmağa cəhd etmək lazımdır. Son vaxtlar bu sahədə ciddi irəliləyişlər müşahidə olunur. Ancaq ölkənin bütün problemlərinin həllini sadəcə dövlət orqanlarından gözləmək olmaz. Vətəndaşlar özləri də ayıq olmalı, vicdanlı davranmalıdırlar. Məlum olduğu kimi, rüşvət verilməsə, onu alan da olmaz. Əgər cəmiyyətimizi və ölkəmizi düzəltmək istəyiriksə, onda hər kəs özünə baxmalıdır”.

Ekspert: “Vətəndaşlar özləri də ayıq olmalı, vicdanlı davranmalıdırlar”

Ekspertin sözlərinə görə, tezliklə təkcə bu sahədə deyil, əksər sektorda mühüm dəyişiklik olacaq: 
“Həm kadr siyasəti, həm idarəetmə sistemi, həm də peşəkar yanaşma ortaya qoyulacaq. Nəticədə ölkəmizin sosial-iqtisadi inkişafı sürətlənəcək, dövlətimiz güclənəcək. Bu da öz növbəsində siyasi nüfuzumuzun artmasını təmin edəcək. Ən əsası odur ki, bunun üçün güclü siyasi iradə ortaya qoyulub. Bu işdə bütün əhali dövlət başçısına dayaq olmalıdır. Bunu edə bilsək, heç bir problem qalmayacaq”.