“Sülh çeşməsi”ndə 120 saatlıq sükut: kim uddu, kim uduzdu? – ARAŞDIRMA

03:18 | 19 Oktyabr, 2019

Ankarada Suriya ilə bağlı Türkiyə-ABŞ danışıqları başa çatdı.

ABŞ tərəfini vitse-prezident Maykl Pens, milli təhlükəsizlik məsələləri üzrə müşavir Stiven O-Brayen, dövlət katibi Maykl Pompeo, Suriya üzrə xüsusi nümayəndə Ceyms Ceffri və Türkiyədəki səfir Devid Setterfild təmsil ediblər.

Türkiyə tərəfdən prezident Rəcəb Tayyib Ərdoğan, vitse-prezident Fuat Oktay, maliyyə naziri Berat Albayrak, müdafiə naziri Hülusi Akar, XİN başçısı Mövlut Çavuşoğlu və Baş Qərargah rəisi Yaşar Güler iştirak ediblər.

Danışıqlar 4 saat 20 dəqiqə davam edib.

Nəticələr maraqlıdır.

Türkiyə “Sülh çeşməsi” əməliyyatını 120 saat (5 sutka) müddətinə dayandırır. Bu müddət ərzində kürd terrorçular 30 kilometrlik təhlükəsizlik zonasını tərk etməlidir.

Zonanı Türkiyə yaradır və nəzarətdə saxlayır. YPG, PKK və PYD terrorçuları ağır silahlarını aparmalı, bütün müdafiə istehkamlarını və dayaq məntəqələrini məhv etməlidirlər.

Yəni ABŞ kürdləri yenə aldatdı, Türkiyə istədiyini aldı. Ankara formal olaraq “Sülh çeşməsi”ni dayandıracaq.

120 saat sonra əməliyyatlar yenidən başlaya bilər, çünki kürd terrorçular ABŞ-Türkiyə anlaşmasının şərtlərinə əməl etməyəcəklər.

ABŞ isə Türkiyəyə qarşı tətbiq etməyə hazırlaşdığı sanksiyaları ləğv edəcək.

Az öncə YPG və PYD rəhbərləri birgə bəyanat yayaraq Ankara anlaşmalarını qəbul etmədiklərini dedilər.

Beləliklə, Donald Tramp kürdlərin hesabına daxili siyasi problemlərini həll edir, Ankara anlaşmasını “fövqəladə tarixi irəliləyiş” kimi qələmə verir.

Kürd terrorçular anlaşmanı rədd etdikləri üçün artıq Türkiyə ilə üzbəüz qalacaqlar.

ABŞ sülh üçün hər şeyi etdi – Tramp belə deyəcək.

Suriyanın şimalında PKK terror təşkilatının bölmələri olan YPG (Yekineyen Parastina Gel) və PYD (Partiya Yekitiya Demokrat) bu səhər mövqelərini 180 dərəcə dəyişiblər. Onların bəyanatlarına görə, Ərdoğan-Pens danışıqlarında əldə olunmuş anlaşmanı qəbul edirlər.

Suriya kürdlərinin rəhbərlərinin belə qəfil mövqe dəyişməsinin əsas səbəbi Rusiya və Dəməşqdən alınmış xəbərdarlıqlardır.

Onlar anlayıblar ki, anlaşmanı qəbul etməsələr, qeyri-konstruktiv mövqe tutan tərəf kimi tanınacaqlar və Türkiyə ordusunun qarşısında tək qalacaqlar.

YPG komandiri Məzloum Abdinin dediyinə görə, onlar “atəşkəsi hazırda döyüşlər gedən ərazilərdə qəbul edirlər”.

Söhbət Suriya Milli Ordusunun və türk hərbçilərinin artıq nəzarət etdikləri Tel-Əbyad ilə Rəs əl Ayn şəhərləri arasındakı sərhədyanı zolaqdan gedir.

YPG və PYD-nin hiyləgər davranışı anlaşılandır. Terrorçular faktiki olaraq, əllərindən çıxan ərazilərdə atəşkəsi qəbul ediblər.

Suriyanın şimal-şərqində isə 120 saatlıq atəşkəs rejimi davam edir.

Suriya Milli Ordusu da atəşkəsi qəbul edib, amma bir şərtlə: onlar kürd terrorçularına qarşı hərbi əməliyyatları istənilən an bərpa etməyə hazırdırlar.

Rusiya və Suriyaya gəldikdə isə, Moskva ilə Dəməşq bəyan ediblər ki, Suriya ordusunun olduğu yaşayış məntəqələrinə türklər daxil olmayacaqlar.

Kürd terrorçuların ağır silahlarını təhvil verməsi və möhkəmləndirilmiş müdafiə məntəqələri ilə istehkamları məhv etmələri ilə bağlı tələblərin yerinə yetirilməsi mexanizmi hələ də bəlli deyil.

Fikrimcə, Suriyadakı vəziyyət aşağıdakı ssenari üzrə inkişaf edəcək:

1. ABŞ qoşunlarını bütünlüklə Suriyadan çıxarılacaq. Amerikalı hərbçilər İraqa yollanacaq, onların bir hissəsi ya Səudiyyə Ərəbistanına göndəriləcək, ya da vətənə qaytarılacaqlar. Birləşmiş Ştatların Suriyadakı 8 illik macərası başa çatır.

2. Türkiyə sərhədyanı zolağı, yəni Təl Əbyad şəhərindən Ras əl Ayna qədər olan ərazini təmizləyəcək, sonra 30 km cənuba doğru irəliləyəcək.

3. Kürdlərin Suriyanın şimalındakı “Rojava” adlı marionet muxtariyyəti tədricən məhv olacaq. Kürd terrorçular Türkiyədən ağır zərbələr alandan sonra onları Rusiya marionet kimi istifadə edəcək, YPG və PYD Suriyanın dövlət strukturlarına inteqrasiya edilərək “əridiləcək”.

4. Türkiyə və Suriya arasında birbaşa danışıqlar başlanacaq. İndi situasiya Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçiriləcək görüşün sonuclarından asılıdır. Tərəflərin ilkin olsa da, qarşılıqlı güzəşt variantları tapacaqları şübhəsizdir.

5. Suriyanın şimalını Türkiyə, Suriya, Rusiya və İran öz aralarında böləcəklər. ABŞ-ın iştirakı olmadan. Təsir sahələrinə və maraqlar zonasına bölgənin gələcək statusu Cenevrədə keçiriləcək beynəlxalq danışıqlarda təsbit olunacaq. Suriya Konstitusiya Komissiyasının da fəaliyyəti başa çatacaq.

Ən başlıcası isə…

Suriyanın bölünməsinə, parçalanmasına Türkiyə mane oldu, çünki YPG-PKK-PYD triosu muxtariyyət adı ilə faktiki “Rojava” adlı dövlət qurmaq istəyirdilər.

Belədə kürd terrorçular Türkiyə sərhədlərindən 30 km aralanaraq bəxtlərini cənub məkanlarda, Sincar və Mahmurda sınamalı olacaqlar.

ABŞ-a gəldikdə, amerikalılar 120 saatlıq atəşkəslə kürd terrorçuları məhv edilməkdən xilas etdilər.

Əslində, “Barış çeşməsi” başlanan ilk gündən Qərbin davranışı, ABŞ-ın çılğın hərəkətləri Türkiyənin bu antiterror hərəkatı ilə hansı güclərin planlarını darmadağın etməyə başladığını aşkar göstərirdi.

Qərb Ankaraya mane olmaq, Fərat çayının şərqini terrorçulardan təmizləməsinin qarşısını almaq üçün əlindən gələni etdi. Alınmayanda silah və iqtisadi embarqolar, sanksiyalar, suçlamalar, təhdidlər, şantaj işə salındı.

Atəşkəs anlaşması bu səbəbdən Türkiyəni daha ağır basqılardan, sanksiyalardan, şantajdan, bütün bunların yaradacağı fəsadlardan qurtardı. ABŞ həm Türkiyəni itirmədi, həm də bəslədiyi YPG-PYD terrorçularını xilas etdi.

Elə ABŞ-ın hərbçiləri Suriyanın şimalındakı bazalarından tələsik çıxarmasının məqsədi də türk əsgərlərini Suriya və Rusiyanın hərbçiləri ilə üzbəüz qoymaqdı